PDF Oxu

Araşdırma

  • 14

“Nabucco” Azərbaycan və Mərkəzi Asiyadan Avropa Birliyi ölkələrinə qaz ixracını nəzərdə tutur

“Nabucco” Azərbaycan və Mərkəzi Asiyadan Avropa Birliyi ölkələrinə qaz ixracını nəzərdə tutur
Avropanın enerji təchizatının təmin olunması ilə bağlı alternativlərin artırılması qloballaşma prosesinin əsas hissəsinə çevrilib. Həyata keçirilmiş və ya həyata keçirilmə mexanizmləri davam edən neft və qaz boru xətti layihələri, xüsusilə, Avropanın enerjiyə olan tələbatının ödənməsinə hesablanıb. Bu mərhələdə Azərbaycanın Avrasiya enerji dəhlizi rolunda çıxış etməsi ilə yanaşı, zəngin təbii sərvətlərini dünya bazarına çıxarılmasında birbaşa iştirakı, ölkənin geosiyasi maraqlarını təmin etmişdir. Beynalxalq əhəmiyyətli layihələrdə iştirak edən Azərbaycan, təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri zəngin olan ölkədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti  vasitəsilə Xəzər neftini Avropaya nəql edir.
Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri ilə yanaşı, Şərqi Avropaya enerji daşınmasını nəzərdə tutan "Nabucco" qaz boru xəttinin çəkilməsi, Rusiya, Avropa Birliyi və ABŞ-ın enerji siyasətləri nəzərə alındıqda, Azərbaycanın enerji təchizatının ödənməsində qlobal əhəmiyyətinin dəfələrlə artdığı müşahidə olunmaqdadır. Dəyəri 8 milyard dollar məbləğində qiymətləndirilən "Nabucco" layihəsi Rusiyadan yan keçməklə Xəzər dənizindən Avstriyaya qaz kəməri çəkilməsini nəzərdə tutur. Bakı-Tiflis-Ərzurum xəttinin davamı olacaq bu kəmərlə ildə 20-30 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Nabucco qaz boru xəttinin çəkilməsi təqdirdə Azərbaycanın bu magistral boru xətti ilə ildə 8 milyard kubmetr qaz ixrac edəcəkdir. Azərbaycanın Praqada "Nabucco"ya verdiyi dəstək Bakının karbohidrogenlərin ixrac marşrutlarının diversifikasiyasına yönəlmiş enerji siyasətinin tərkib hissəsidir. "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa Birliyi ölkələrinə qaz ixracı nəzərdə tutulur.
Marşrutların diversifikasiyası baxımından Nabucco prioritetli bir layihə kimi dəyərləndirilir və Avropa Birliyi tərəfindən dəstəklənir. Azərbaycan da bu layihəyə kifayət qədər müsbət yanaşır. 2009-cu ilin yanvar ayında Macarıstanın paytaxtı Budapeştdə "Nabucco" qaz kəməri layihəsinin perspektivlərinə həsr olunmuş sammitdə, Azərbaycan da daxil olmaqla Türkmənistan, Çexiya, Bolqarıstan, Avstriya, Macarıstan dövlət başçıları səviyyəsində, Gürcüstan baş nazir, ABŞ isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza ilə təmsil olunub. Dövlət başçısı İlham Əliyev Budapeştdə "Nabucco" layihəsinin əhəmiyyəti, Azərbaycanın həyata keçirdiyi enerji layihələri, qaz hasilatı, Cənubi Qafqazda liderə çevrilmiş ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, həmçinin, Azərbaycan-Macarıstan münasibətləri barədə də danışıb. Macarıstan kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev "Nabucco" qaz kəməri layihəsinin Azərbaycan üçün siyasi deyil, kommersiya məsələsi olduğunu deyib: "Azərbaycan layihəni dəstəkləyir, lakin əvvəlki kimi ölkənin layihədə hansı rolu oynayacağı - tranzit ölkə və ya qaz tədarükçüsü olacağı məsələsi qalmaqdadır".
Sammitdə çıxışı zamanı prezident deyib ki, Azərbaycanın Nabucco qaz kəməri layihəsi ilə əməkdaşlığa və bu kəmərlə təbii qaz nəql etməyə hazırdır: "Xəzəri Avropa ilə birləşdirəcək "Nabucco" layihəsinə dəstək vermək siyasi cəhətdən bizim marağımızdadır. Azərbaycan bu layihədə mavi yanacağın təchizatı və tranzit ölkə qismində iştirak etmək niyyətindədir". Prezident İlham Əliyev sammitdə çıxışında Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın mühüm rol oynadığını deyib və bildirib ki, iqtisadi tələbatların ödənilməsi zəruridir.
İlkin mərhələdə 8-10 milyard kubmetr qaz nəqli nəzərdə tutulan Nabucco qaz boru xətti vasitəsilə Azərbaycanla yanaşı, Türkmənistan da bu prosesdə iştirak edəcək. "Nabucco" qaz kəmərinin tikintisinə 2011-ci ildə, kəmərlə qaz nəqlinə isə 2014-cü ildə başlanılacaq. 3 min 300 km-lik bir məsafəni qət edəcəyi vurğulanan "Nabucco" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyədən keçməklə Avropanın əksər dövlətlərini mavi yanacaqla təmin edəcək. Avropanın alternativ yanacaq axtarışında son dərəcə əlverişli marşrut sayılan sözügedən layihənin 4 ilə yekunlaşdırılması planlaşdırılır. "Nabucco" qaz kəmərinin doldurulması üçün Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatları var. Azərbaycanın təbii qaz ehtiyatları 2 trln kubmetrdən artıqdır və bunun 1,2 trln kubmetri "Şahdəniz" yatağında, 300 mlrd kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda, 500 mlrd kubmetri isə digər yataqlardadır.
Azərbaycanın bir sıra digər perspektivli yataqları da var və ümumiyyətlə, mövcud qaz ehtiyatları ölkənin "Nabucco" layihəsində iştirakını mümkün edir. Türkiyənin paytaxtı Ankarada keçirilən konfransda "Nabucco" beynəlxalq konsorsiumunun direktoru Raynhard Mitçek deyib. Bununla yanaşı, İranın da zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulayan R.Mitçek bu ölkədən də qaz almaq istədiklərini, bunun üçün siyasi dəstəyə ehtiyac duyduqlarını bildirib: "Biz qətiyyən Rusiyanın layihədə iştirakının əleyhinə deyilik. Rusiyadan müvafiq təklif gələrsə, bunu tərəfdaşlarımızla müzakirə edərik".
Digər tərəfdən isə "Cənub axını" layihəsinin isə tranzitçi Ukraynadan yan keçməklə Rusiyanın Qara dəniz sahilərindən Bolqarıstan və ya Rumıniyaya kimi, daha sonra İtaliya və Avstriyayadək uzatmaqdır. Layihənin dəyəri 25 milyard avrodur. Bir çox müşahidəçilər "Cənubi axını"na Rusiyandan yan keçəcək "Nabucco" qaz kəmərinin alternativi kimi baxırlar. Baxmayaraq ki, Rusiya dəfələrlə "Cənub axını"na alternativ olan layihələrə mane olmayacağını bildirib. Bununla bağlı jurnalistlərin suallarına cavab verən Rusiyanın baş naziri Valdimir Putin milyardlarla dolları "boru"ya qoyub və üstünü basdırmamışdan əvvəl anlamaq gərəkdir ki, qaz bu boruya haradan alınacaq deyə sual yaradıb. Baş nazir, eyni zamanda, Soçidə bildirib ki, əminlik varsa ki, layihə reallaşacaq, buyursunlar, biz etiraz etməyəcək və mane olmayacağıq. Rusiyanın rəsmilərinin verdiyi açıqlamalarına baxmayaraq, Rusiya "Nabucco" borusunun həyata keçirilməsində siyasi dəstək vermir. Ən azı Mərkəzi Asiya qazını  "Nabucco" layihəsindən kənarda saxlamaq siyasətini aparır.
Məlum olduğu kimi, Praqa sammitində AB-nin 4 ölkə (Azərbaycan, Türkiyə, Gürcüstan və Misir) ilə "Nabucco"ya dair imzaladığı anlaşmaya Astana və Aşqabad qol qoymamışdı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinə dair sazişi ratifikasiyası ilə bağlı qanunu təsdiqləyib. Həmin sazişin ikinci tərəfi olan Rusiya sazişi ötən ilin dekabrında ratifikasiya edib. Saziş Rusiya, Qazaxıstan və Türkmənistan arasında Türkmənistan və Qazaxıstandan Rusiyaya qazın nəqlini nəzərdə tutur. Nəqlin nəzərdə tutulmuş illik həcminin 30 mlrd kubmetri Türkmənistan, 10 mlrd kubmetri isə Qazaxıstandan ixrac olunacaq.
Avropada istehlakçı olan və layihədə maraqlı olan dövlətlər siyasi məqsədlərini ortaya qoyaraq, "Nabucco" layihəsinin həyata keçirilməsi haqqında sənəd imzalanarsa, Azərbaycan bu prosesdə yaxından iştirak edəcəkdir. Son məlumatlara görə, "Nabucco"ya dair sazişin iştirakçı dövlətlər arasında bu ilin iyun ayının 25-də Ankarada imzalanması planlaşdırılır. "The Guardian"ın xəbərinə görə, Avropa Birliyinin rəsmisi bildirib ki, Türkiyə layihə ilə bağlı hər hansı bir şərt irəli sürməyəcək. Avropa Komissiyasının enerji komissarı Andris Piebalqsın sözlərinə görəsə, Ankara tranzit müqabilində qazın 15%-nin güzəştli qiymətlə alınması tələbindən də geri çəkilib.

Digər xəbərlər