“Ukraynanın türkdilli xalqlarının tarixi və mədəniyyəti” mövzusunda Beynəlxalq simpozium keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs"-ə verilən məlumata əsasən, "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin Mədəniyyət Mərkəzində "Ukraynanın türkdilli xalqlarının tarixi və mədəniyyəti" mövzusunda Beynəlxalq simpozium keçirilib.
Simpozium Azərbaycanın Ukraynadakı səfiri, fəlsəfə elmləri doktoru, siyasi elmlər namizədi Tələt Əliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə təşkil olunub. Konfransdan əvvəl Azərbaycan, Ukrayna, Türkiyə, Qazaxıstan, Rusiya, Polşa və bir çox digər ölkələri təmsil edən türkoloq və şərqşünaslar ümummilli lider Heydər Əliyevin Kiyevdə Azərbaycanın səfirliyi yanında ucaldılmış abidəsi və Böyük Kobzar Taras Şevçenkonun abidəsi qarşısına gül dəstələri qoymuşlar.
Tədbiri "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin dosenti Fərhad Turanlı açıb. Avropanın bu qocaman ali məktəbinin vitse-prezidenti Tatyana Yaroşenko, səfir Tələt Əliyev, Qırğızıstanın Ukraynadakı səfiri Erkin Mamkulov, Türkiyənin Qazi Universitetinin professoru Zəhra Ödəkməz, onun azərbaycanlı həmkarı Əflatun Neymətzadə, Ukrayna, Diplomatiya Akademiyasının professoru Yuri Koçubey, Kiyev İslam Mədəniyyəti Mərkəzinin rəhbəri Əmir Valeyev, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, UAK-ın bölmə sədri Möhlət Hüseynov, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov çıxış ediblər. Onlar türkdilli xalqlarla Ukrayna xalqı arasındakı əlaqəni, mental səviyyədə mənəvi yaxınlığı vurğulamışlar. Tanınmış Ukrayna şərqşünası və türkoloqu, akademik Omelyan Qritsakın məşhur "Ukraynalılar slavyan dilində danışan qədim türklərdir" sözlərini nümunə gətirmiş, ukraynalıların bu ölkədə yaşayan milli azlıqların nümayəndələrinə, o cümlədən, 500 minlik Azərbaycan diasporuna tolerant münasibətindən, qloballaşma və enerji təhlükəsizliyi ilə bağlı təhdidlər dövründə türkdilli ölkələrlə Ukrayna arasındakı əlaqələrin daha da möhkəmlənməsi zərurətindən danışmışlar. Azərbaycan nümayəndələrinin çıxışlarında təcavüzkar ölkə Ermənistanın ünvanına kəskin tənqid, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda ədalətli mübarizəsində türkdilli ölkələr tərəfindən dəstəklənməsinə çağırış səslənmişdir.
Sonra 90 illik yubileyi Ukraynada geniş qeyd olunan böyük türkoloq, akademik Omelyan Qritsakın xanımı professor Larisa Qritsakın xahişi ilə alimin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Simpozium çərçivəsində ümumi iclaslar, bölmə iclasları, dəyirmi masalar və s. tədbirlər başlanmışdır. Səfirliyimizin hazırladığı stenddə Heydər Əliyev Fondunun "Qarabağ reallıqları" seriyasından zəngin materialları, xalqımızın tarixindən, mədəniyyətindən, Azərbaycanın, paytaxt Bakının bugünkü həyatından söhbət açan nəfis tərtibatlı müxtəlif çap məhsulları, o cümlədən, "Baku" jurnalının (redaktoru Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyevadır) rəngarəng və maraqlı nüsxələri yerləşdirilmişdir.