PDF Oxu

Araşdırma

  • 6

Ömür vəfa etsəydi...

Ömür vəfa etsəydi...
Ömür vəfa etsəydi, İlham Xəlil oğlu Babayevin 38 yaşını dostları, istəkləri ilə birlikdə qeyd edəcəkdi. Ancaq nə edəsən? Görünür, taleyin yazısı belə imiş. İndi onun yoxluğu onu sevənləri yaman göynədir. Xüsusilə də, dostlarını. Dostları söhbət əsnasında bildirdilər ki, İlham özündə bütün müsbət keyfiyyətləri toplamış bir insan idi. Məhz xarakterində onu sevdirən sədaqətliyi, səxavəti, səmimiyyəti və sadəliyi idi. Dost yolunda mərdi-mərdanə ölümün üstünə gedəcək qədər böyük ürəyi var idi. Dostunun dırnağına daş dəyəndə, gözündə alovlu bir baxış yaranırdı. O baxışın hər bir anında dostu üçün ölmək və öldürmək var idi. Dostluğa sədaqəti, imkansızlara səxavəti, ətrafındakı insanlara səmimiyəti həmişə ona hörmət gətirirdi. Dost sözünə yox deməzdi, ən çətin tapşırığı "mənlikdir" deyib, yerinə yetirərdi.
Elə bu xüsusiyyətlərinə görə, onun vaxtsız ölümü doğulduğu Kür kəndinin camaatını və onu sevənləri göynədir. Hər bir kəsin İlhamla bağlı dediklərindən belə bir nəticəyə gəlmək olur ki, o, çox sədaqətli olduğu qədər də Vətənə, xalqına bağlı gənc olub. Müstəqil Azərbaycanın gələcəyi naminə hər cür fədakarlığa hazır olan İlham, son dərəcə mübariz, qətiyyətli, etdiklərinin əvəzində təmənna ummayan, saf əqidəli, ədalətli, özünə və ətrafındakılara qarşı tələbkar idi. Bu, bir həqiqətdir ki, Ulu Tanrı yaratdıqlarından olan insana yeraltı-yerüstü sərvətlərdən mənfəət əldə etmək və geniş dünyamızın nemətlərindən qidalanmaqla şərəfli yaşamaq ömrü bəxş edib. İnsan da bəxş olunan hədiyyəni düzgün qəbul edib, vacib buyrulanlara uyğun həyat sürməyə çalışır. Məhz bu cür qısa həyat yolunu gənc gömrük xidməti mayoru İlham Babayev şərəflə keçib. O, zəhmətsevərliyi, mehribanlığı, qayğıkeşliyi ilə işlədiyi bütün illər ərzində özünə böyük hörmət qazanmaqla, hər bir kəsə dost, qardaş, sirdaş olub.
Onun tərcümeyi-halı da həyat yolu kimi qısadır. O, 1971-ci ildə Naxçıvan MR, Kür kəndində anadan olub. 1988-ci ildə N.Nərimanov adına orta məktəbi bitirərək, 1989-cu ildə Gəncə Texnologiya İnstitutuna daxil olmuş, 1994-cü ildə oranı bitirmişdir. 1994-1997-ci illərdə Naxçıvan MR-də hərbi xidmətdə olmuş, 1999-2008-ci illərdə Naxçıvan Gömrük Komitəsində (rütbəsi - gömrük xidmət mayoru) çalışmışdır.
Dostları ona tez-tez "bəlkə işini dəyişib Bakıya köçəsən" deyirdilər. O, isə fikirləşmədən "məni Naxçıvandan qovmasalar, ömrümün axırına kimi burdayam, qardaş..." - deyirdi. Təbiətə vurğun olduğu üçün anadan olduğu kəndin gözəlliyindən elə ürəklə danışırdı ki... Hər dəfə də "bir dəfə bizim kəndimizin gözəlliyini, sübh çağını, dağlarını, görsən, bir də Bakıya getmək barədə danışmazsan" deyirdi.
Elə bu sevgi ilə İlham Babayev 2008-ci il may ayının 25-də yazın gəlişini, təbiətin oyanmasını seyr etmək üçün vurğunu olduğu dağların qoynuna gəzməyə gedir, qayıdarkən avtomobil qəzasında həlak olur.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun, ruhu isə şad olsun!

Digər xəbərlər