Regionda mövqelər toqquşur
Artıq uzun bir müddətdir ki, Cənubi Qafqaz regionunda cərəyan edən hadisələr bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Bu, istər Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda, istərsə də Gürcüstanda səngimək bilməyən mitinqlərdə, hakimiyyət böhranında özünü göstərməkdədir.
Son aylarda Gürcüstanda keçirilən müxalifətin kütləvi etiraz mitinqləri, artıq çox böyük bir əhali kütləsini özünə cəlb etməklə ölkə ərazisində prezidentin istefaya getməsini tələb edir. Bir aya yaxındır ki, oturaq mitinqlərə keçən müxalifət çadırlar quraraq öz etirazlarını davam etdirir. Bu yaxınlarda isə prezidentin müxalifətlə qarşılıqlı kompromisə gəlməsi üçün onların görüşü keçirilmişdir. Gürcüstan prezidenti və radikal müxalifətin ölkədə baş verən bir sıra məsələlərlə bağlı fərqli baxışları olduğundan razılıq əldə etmək mümkün olmadı. Bu görüşlərin də heç bir nəticə verməməsi mitinqlərin davam etdirilməməsinə səbəb olmuşdur. Radikal müxalifət Konstitusiyaya dəyişikliklər üzərində işləyən qrupa daxil olmaq fikrində olmadığını bildirib. "9 aprel komitəsi"nə daxil olan partiyalar adından bəyanatı "Vahid Gürcüstan Uğrunda" partiyasının baş katibi Eka Beseliya bildirib. Partiyanın komitəsinə daxil olanların hamısı hesab edir ki, ölkəni böhrandan yalnız prezident Saakaşvilinin istefası və vaxtından əvvəl Prezident seçkiləri çıxara bilər.
Yeni plana görə isə, ölkənin müstəqillik günü olan 26 may tarixdə mülki parad keçirməyə qərar verən müxalifətçilər hökumətin hərbi parad keçirməsinə izn verməyəcəklərini bildiriblər. 26 mayın, 9 aprelin təkrarı olacağı, müxalifətçilərin "Boris Paiçadze" stadionundan Rustaveli prospektinə qədər yürüş keçirəcəyi güman edilir.
İlk günlərdə bu etiraz dalğalarının yalnız Rusiya tərəfindən yaradıldığı və Gürcüstanda hakimiyyəti zəiflətmək məqsədi güddüyü barədə informasiyalar yayılmışdı. Hətta müxalifətlə ruslar arasında gizli sövdələşmənin olduğu da bildirilmişdi. Qeyd edək ki, Rusiya hələ bir müddət bundan öncə - keçən ilin avqust ayında Gürcüstanda apardığı imperialist siyasət nəticəsində onun torpaqlarının bir hissəsinin Abxaziya və Cənubi Osetiyanın öz himayəsi altında müstəqilliyinin yaradılmasına nail olmuşdu. Bu, hərbi güc vasitəsilə həyata keçirilmiş geosiyasətin bir hissəsi idi. Belə ki, regionda özünün əvvəlki mövqelərini geri qaytarmaq niyyətində olan Rusiyanın bu hərəkətlərini başa düşmək olar. Bu ilin əvvəllərindən baş qaldıran etiraz mitinqlərini də bu siyasətin davamı adlandırsaq, yanılmarıq. Bu gün Avropanın və ABŞ-ın "şirin vəd"lərinə aldanaraq, özünün müstəqil siyasətini yeritməyə çalışan Gürcüstanda, Rusiya öz mövqelərini möhkəmlətmək üçün belə etiraz mitinqlərinin yaradılmasına nail olmuşdur. Vaxtilə ABŞ-ın dəstəyi ilə "Qızıl gül" inqilabı nəticəsində hakimiyyətə gələn Mixail Saakaşvilinin indi özü istefa tələbi ilə təhdid edilir. Yeri gəlmişkən, vaxtilə M.Saakaşvilinin istefa tələbi ilə hakimiyyətdən gedən Eduard Şevardnadze də prezidentin istefaya getməyinin zəruri olduğunu bildirib.
Hakimiyyətdə olduğu dövrdə həmişə Qərbin dəstəyinə ümid edən M.Saakaşvili Rusiyaya qarşı atdığı addımlarda da ehtiyalı olmaqdan çəkinməyib. Bir daha ötən ilin avqust hadisələrinə qayıtsaq, görərik ki, bu qanlı hadisələrə də ilk təkan verən Gürcüstan prezidenti M.Saakaşvili olmuşdu. O, həmişəki kimi Qərbdən aldığı dəstəyə güvənərək Cənubi Osetiyaya qoşun yeritmiş və ən son məqamda Qərbin də Rusiyaya qarşı müqavimət göstərə bilməyəcəyini görüb yanıldığını anlamışdı. İndiki vəziyyətdə də istər ABŞ, istərsə də Avropa ölkələri tərəfindən M. Saakaşviliyə dəstək nümayiş etdirildiyi müşahidə edilir. Bu günlərdə Gürcüstan prezidenti Mixail Saakaşvili və ABŞ vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı zamanı da C.Bayden ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünün, müstəqilliyinin və qanuni hakimiyyətinin tərəfdarı olduğunu bildirib. Digər bir tərəfdən isə bu yaxınlarda Fransa prezidenti Nikolya Sarkozinin də Gürcüstana səfər edəcəyi barədə məlumat yayılıb. Bu səfərin də mahiyyəti artıq təxminən bəllidir. Gürcüstan hakimiyyətinə arxa çıxmaq, onun ərazi bütövlüyünü dəstəkləməklə, Rusiyaya qarşı mübarizədə dəstəkləmək və s. kimi buna bənzər bəyanatlar. Hər halda Fransa prezidentinin bu ölkəyə son səfəri zamanı belə bir mənzərənini şahidi olmuşduq. Qeyd edək ki, o zaman da Gürcüstan ağır vəziyyətdə idi və M.Saakaşvili hakimiyyəti təhlükə altında idi.
Bu günlərdə, Gürcüstanda olduğu kimi, Ermənistanda da kütləvi etiraz mitinqlərinə başlandığı barədə məlumat yayılıb. Regionun daha bir qeyri-sabit ölkəsi olan Ermənistanda mitinqlərin əsas səbəbi kimi mövcud hakimiyyətin səriştəsizliyi göstərilir. Belə ki, radikal müxalifət öz çıxışlarında prezident və onun apardığı səhv siyasət nəticəsində Ermənistanın acınacaqlı vəziyyətə düşdüyünü bəyan edir. Əlbəttə, illərdir öz himayədarı Rusiyanın mövqelərini üstün tutan və onun icazəsi olmadan heç bir iş görə bilməyən, yalnız Rusiyanın verdiyi maliyyə yardımları əsasında öz iqtisadiyyatını quran Ermənistanın artıq uçurumun astanasında olduğu bəllidir. Belə ki, dünya maliyyə böhranından əziyyət çəkən Rusiya da artıq Ermənistana kömək etməkdən boyun qaçırır. Belə olan halda, Ermənistan digər bir region ölkəsi olan Türkiyə ilə əlaqələrini normallaşdırmağa səy göstərdisə də, bu, heç bir nəticə vermədi. Dünyanı maliyyə böhranı öz cənginə aldığı bir vaxtda, Ermənistan daha da acınacaqlı vəziyyətə düşmüşdü. İqtisadi cəhətdən olduğu kimi, siyasi cəhətdən də zəif siyasət yeridən Ermənistan, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da konstruktiv mövqe göstərməyə çağırılır.
Əlbəttə, Ermənistan prezidenti Serj Sarkisyan dəfələrlə işğal etdikləri torpaqlardan çıxmayacaqları barədə bəyanatlar səsləndirsə də, bu, ümumilikdə, Ermənistan hakimiyyəti və xalqı üçün heç də əlverişli mövqe deyil. Belə ki, hazırda nəinki regionda, hətta bütün dünyada ən zəif iqtisadiyyata malik olan Ermənistan bütün regional layihələrdən kənarda qalsa da, öz mövqelərini yumşaltmaq müqabilində ona bir çox maliyyə yardımları göstərilməsi təklif olunur. Ən azından Dağlıq Qarabağın işğaldan azad olması nəticəsində Türkiyə ilə sərhədlərin açılmasından sonra Ermənistanın əldə edəcəyi üstünlükləri nəzərə alsaq, bu mənada Ermənistanın yüksək iqtisadi inkişafa nail olacağı proqnozlaşdırılır. Belə olan halda nəyə gərə Ermənistan hakimiyyəti bu üstünlüklərdən imtina etməlidir?
Görünür, burada bəzi bizə məlum olmayan qüvvələrin əli var. Əslində, bu qüvvələr də bizə məlumdur. Dünyanın hər bir ölkəsində öz maraqlarını nümayiş etdirən Ermənistan lobbisi illərdir bu işlə məşğuldur ki, Qarabağ torpağı onların əlində qalsın və qanuni əraziləri kimi dünyaya tanıdılsın. Məhz bu lobbinin təzyiqi ilə Ermənistan hakimiyyəti öz separatçı mövqelərindən dönmək istəmir. Hətta bunu nümayiş etdirmək üçün işğal olunmuş ərazilərdə parad keçirməyə belə cəhd göstərir. Halbuki Serj Sarkisyan verdiyi bəyanatlarda, imzalanan beynəlxalq müqavilələrdə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasını təsdiqləmişdir. Görünür, Ermənistan hakimiyyətinin belə səriştəsiz siyasət yeritməsi artıq erməni xalqı tərəfindən də tənqidə məruz qalmışdır. Keçirilən kütləvi mitinqlərdə də bu, aydın şəkildə nəzərə çarpır.