PDF Oxu

Araşdırma

  • 12

17 İL ƏVVƏL İTİRİLMİŞ SİLAHLAR

17 İL ƏVVƏL İTİRİLMİŞ SİLAHLAR
1992-ci ilin mayın 14-də Azərbaycanda nələrin yaşandığı hər kəsin yaxşı yadındadır. Həmin dövrdəki siyasi toqquşma və hakimiyyət davasının Azərbaycana nəticə etibarilə necə baha başa gəldiyini xüsusi vurğulamağa da gərək yoxdur.
Ordunun siyasi qüvvələrin girovuna çevrilməsi, hakimiyyətsizlik və məsuliyyətsizlik mühiti fonunda Şuşa kimi strateji məntəqənin itirilməsi, bunun ardınca Laçın rayonunun işğalı Azərbaycanın Qarabağ müharibəsində sonrakı məğlubiyyətlərini xeyli dərəcədə şərtləndirən faktor oldu. Amma bu didişmə və siyasi qovğa arxasında itirdiyimiz təkcə Qarabağdakı torpaqlar deyildi. Ancaq sonralar məlum oldu ki, həmin günlər Azərbaycan strateji nöqteyi-nəzərdən daha bir ağır itkiyə məruz qalıb. Bakıda hakimiyyət piroqunun bölüşdürüldüyü gün Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan adından biabırçı bir öhdəliyə "könüllü" razılıq verilmişdi. Həmin öhdəliyin gerçək mahiyyəti o gün kimsənin eynində deyildi. Həqiqətdə isə söhbət Azərbaycan dövlətinin gələcək təhlükəsizlik sistemi üçün çox əhəmiyyətli məsələdən gedirdi.
1992-ci il mayın 14-də Daşkənddə toplanan MDB sammitində keçmiş SSRİ subyektləri arasında adi silah kvotalarının müəyyənləşdirilməsinə dair protokolun imzalanması planlaşdırılmışdı. Protokol 1990-cı ildə NATO və Varşava Paktı arasında bağlanmış "Avropada adi silahlar haqqında" müqavilənin yeni şəraitə uyğunlaşdırılmış (adaptə olunmuş) variantı idi. Saziş Avropanın coğrafi məkanında adi silahların (tank, zirehli texnika, artilleriya (diametri 100 millimetrdən çox olan) qurğuları, hərbi təyyarə və vertolyotlar) yerləşdirilməsini tənzimləyən başlıca sənəd idi. SSRİ dağıldıqdan sonra sözügedən sazişdə keçmiş İttifaqın payına düşən silahın ümumi kvotasının müttəfiq respublikalar arasında bölüşdürülməsi zərurəti yaranmışdı.
Bu istiqamətdə müzakirələr 1992-ci ilin əvvəlindən başlanmışdı və Azərbaycan ekspertləri ölkəmizin payına düşəcək kvotanın adekvat olmasını təmin etmək üçün kifayət qədər prinsipiallıq nümayiş etdirmişdi. Kvota bölgüsünün əsas kriteriləri kimi ölkələrin ərazisi və əhali sayı götürülürdü. Amma özünü SSRİ-nin hərbi arsenalının əsas varisi sayan Rusiya hər vəchlə müttəfiq respublikaların kvotalarını azaltmaq, Azərbaycan, Gürcüstan və Ermənistan üçün isə bərabər kvota müəyyən etmək niyyətində idi. Halbuki qeyd olunan kriterilərə görə, Azərbaycanın hərbi kvotası Ermənistana nisbətən azı 2 dəfə, Gürcüstana nisbətən isə 1,5 dəfə artıq olmalı idi. Azərbaycan ekspertləri uzun mübahisələrdən sonra ölkəmiz üçün nisbətən adekvat kvotanın (təxminən 400-420 tank, bir o qədər də zirehli texnika və s.) ayrılmasını razılaşdıra bilmişdilər.
Lakin demə, ekspertlərin razılaşmalarından fərqli olaraq bu məsələ ətrafında başqa bir sövdələşmə də gedirmiş. Həmin danışıqlarda Azərbaycanı, əsasən, o vaxtkı müdafiə naziri Rəhim Qazıyev təmsil edirdi, protokolla bağlı son dəqiqləşdirmələr də onun tərəfindən aparılmışdı. Sammit gedişində bəlli olub ki, Azərbaycanın müdafiə naziri "dostu" Pavel Qraçovun təkidi ilə Moskvanın irəli sürdüyü kvotaya razılıq verib və müvafiq paraflanma sənədinə imza atıb. Bunun müqabilində isə Rusiya müdafiə naziri R.Qazıyevin Azərbaycanın prezidenti olmasını təmin etməli idi. Məhz buna görə R.Qazıyev 14 may hadisələri baş verən zaman Laçının müdafiəsini özbaşına buraxaraq təcili Bakıya yüyürmüşdü: nəbadə, hakimiyyət piroqunu onsuz bölüşdürələr. Elə bu səbəbdən, o, Daşkəndə getməmişdi. Çünki razılığı verilmiş sənədi imzalamaq artıq texniki məsələ idi. Sonralar bəlli oldu ki, protokola Azərbaycan adından o vaxt Respublika Maddi Ehtiyatlar Komitəsinin sədri və baş nazirin müavini işləyən Aydın Əzizbəyov adlı şəxs imza atıb...
Beləliklə, Daşkənddə Rusiyanın təklif etdiyi kvota rəsmiləşdi. Sazişə əsasən, üç Cənubi Qafqaz ölkəsi üçün eyni sayda - 220 tank, bir o qədər zirehli texnika, 285 artilleriya qurğusu, 100 təyyarə və 50 vertolyot kvotası müəyyənləşdi. Beləcə siyasi korazehinlik, hakimiyyət hərisliyi fonunda Azərbaycan tarixi ədalətsizliyə özü imza atmış oldu. Bu razılaşmaya ən çox sevinən isə, təbii ki, ermənilər idilər. Sonralar Azərbaycan rəhbərliyi bu bədnam ədalətsizliyi aradan qaldırmaq üçün xeyli səy göstərsə də, artıq iş-işdən keçmişdi. 1997-cı ilin mayında sözügedən öhdəliyin ratifikasiyası üçün ayrılmış son müddət (5 il ayrılmışdı) bitənədək Bakı bu proseduru həyata keçirməkdən imtina etdi. Yalnız ratifikasiya müddətinin başa çatdığı vaxt, 1997-cı il mayın 16-da Azərbaycan ciddi beynəlxalq basqı altında sənədi təsdiqləməyə məcbur oldu. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində isə Azərbaycan digər 29 dövlətlə birlikdə sözügedən kvotanı birdəfəlik rəsmiləşdirən yekun sənədə imza atdı...

Digər xəbərlər