PDF Oxu

Araşdırma

  • 6

Düşənbədə “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” kitabının təqdimatı keçirilib

Düşənbədə “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” kitabının təqdimatı keçirilib
Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevin Düşənbədə tacik dilində çap edilən, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əhatə edən "Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkəmizin Tacikistandakı səfiri Məhərrəm Əliyev, Azərbaycandan gəlmiş nümayəndə heyəti, xarici dövlətlərin Tacikistandakı səfirləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. 
Məhərrəm Əliyev mərasimi açaraq bu əsərin ulu öndər haqqında yazılan ən yaxşı kitablardan biri olduğunu vurğulayıb: "Heydər Əliyev o qədər böyük tarixi şəxsiyyətdir ki, onun mənalı ömrü bir neçə kitaba sığmır. Əminəm ki, tədqiqatçılar gələcəkdə də ulu öndərin həyatını araşdıracaq və yeni-yeni kitablar yaranacaqdır".  Qafar Əliyev çıxışında bildirib ki, bu əsər dörd fəsildən ibarətdir. Birinci fəsildə Heydər Əliyevin müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu kimi fəaliyyətindən bəhs olunur. Burada "Heydər Əliyev müasr Azərbaycanın memarıdır",  Azərbaycançılıq ideyalarının formalaşmasında Heydər Əliyevin rolu", "Tariximizin ən böyük azərbaycanlısı" və digər mövzuda dolğun məqalələr verilib.
Kitabın "Heydər Əliyev reformator kimi" adlanan ikinci fəslində "Əsrin müqaviləsi", Azərbaycanda parlament seçkiləri, torpaq islahatları, sahibkarlığın inkişafı məsələləri şərh edilib.
Kitabın üçüncü fəsili "Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin xarici siyasəti", "dördüncü fəsli isə "Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı" adlanır. Son fəsildə Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönli siyasətdən bəhs edilir.  
Milli Məclisin deputatı Vasif Əliyev çıxışında kitabın çox qiymətli mənbə olduğunu bildirərək deyib ki, bu əsər artıq Azərbaycan, rus, qazax, qırğız dillərində çap edilmişdir və kitabın tacik dilində çap olunması onun böyük əhəmiyyətindən xəbər verir.
Professor Vəli Əliyev kitabın məziyyətlərindən danışmış, bu əsərin ulu öndərin  həyatı və fəaliyyəti ilə əlaqədar ən qiymətli mənbələrdən biri olduğunu vurğulayıb. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib: "Dərin məzmunlu bu monoqrafik əsər ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin elmi əsaslarla tədqiqinə dair ən sanballı nümunədir. 
Məhz bu məziyyətlərinə görə bir çox xarici tədqiqatçıların diqqətini cəlb edən bu əsərin Tacikistanda çap olunması əhəmiyyətli hadisədir. Kitab elmi-publisistik dildə yazılmışdır və zəngin faktlara əsaslanır.
Özbəkistanın Tacikistandakı səfiri Şokasım Şoislamov, Qazaxıstanın bu ölkədəki səfiri Abutamen Əhmədov da kitabın tacik dilində çap olunmasını yüksək qiymətləndirmiş, bu böyük şəxsiyyətin həyatının gənclərə örnək olduğunu bildiriblər. Əsəri tacik dilinə tərcümə edən Nərgiz Raxmatşoyeva  Ulu öndər haqqındakı kitabı tərcümə etdiyinə görə böyük qürur duyduğunu bildirib: "Mən çox şadam ki, dünya şöhrətli bir siyasətçi, çox sevdiyim böyük azərbaycanlı Heydər Əliyev haqqında kitabı dilimizə mən tərcümə etmişəm və bundan böyük qürur duyuram". Mərasim iştirakçıları foyedə təşkil edilmiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablardan ibarət sərgiyə baxmışlar. Mərasim iştirakçılarına kitabın tacik dilində olan nüsxəsi paylanmış, sərgilənən kitablar Azərbaycanın Tacikistandakı səfirliyinə hədiyyə edilib.
Təqdimat mərasiminin iştirakçıları üçün verilmiş ziyafətdə, xalq artisti Zaur Rzayev, Düşənbədə yaşayan müğənni Rüstəm İsayev Azərbaycan xalq mahnılarını və muğamları ifa ediblər.

Digər xəbərlər