PDF Oxu

Araşdırma

  • 12

Milli Məclisin növbəti iclası keçirildi

Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İclasda əvvəlcə Şuşanın işğalı zamanı şəhid olmuş qəhrəmanların və Neft Akademiyasında baş vermiş hadisə zamanı qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra cari məsələlər ətrafında müzakirələr oldu. YAP İcra katibi, millət vəkili Siyavuş Novruzov ABŞ-ın hansısa savadsız bir köməkçinin hazırladığı hesabatın ictimaiyyətə çatdırılmasını qanunauyğun olmadığını bildirdi. S.Novruzov bu informasiyanın Azərbaycan vətəndaşlarının hiddətinə səbəb olduğunu da  vurğuladı: "Bu gün Azərbaycanda mətbuata dövlət qayğısı var. Belə ki, ümummilli lider tərəfindən mətbuatın olan borcunun dondurulması və Nazirlər Kabinetinin hesabına ödənilməsi, Prezident tərəfindən mətbuat orqanlarına birdəfəlik yardım və Mətbuat Fondunun yaranması, lisenziya məsələsinin tamamilə sadələşdirilməsi və bu kimi işlər  məhz dövlətin mətbuata göstərdiyi qayğının nəticəsidir. Hər hansı bir özünü mətbuat işçisi adlandıran cinayət əməlinə görə məsuliyyətə cəlb edilirsə, bu qanunauyğun hal sayılır."
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da deyilən fikirlərlə tam şərik olduğunu bildirdi: "ABŞ prezidenti  mətbuat azadlığından bəhs edərkən, Azərbaycanın adını geridə qalan ölkələr sırasında çəkməklə, təbii ki, bizim milli maraqlarımıza uyğun olmayan fikrini dünya ictimaiyyətinə çatdırıb. Buna görə də, hesab edirəm ki, nəinki Milli Məclis, ümumiyyətlə, bütün siyasi partiyalar və ictimai qurumlar bu məsələyə öz münasibətini bildirməlidir. Çünki bu gün Azərbaycanda mətbuat azadlığı ilə bağlı heç bir problem  yoxdur. MDB ölkəsində və Qafqaz regionunda Azərbaycan mətbuat azadlığında ən öncül yerlərdən birini tutur".
Müzakirə olunan məsələlər ətrafında çıxış edən millət vəkilləri Qənirə Paşayeva, Asif Hacıyev, Xanhüseyn Kazımov, Elton Məmmədov və b. Azərbaycanda mətbuat azadlığı ilə bağlı heç bir problemin olmadığını dedilər.
Milli Məclisin sədri Oqtay Əsədov da cari məsələlərin müzakirəsi zamanı səsləndirilmiş fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Qanun layihəsi barədə məlumat verərək bildirdi ki,  bu il bir sıra dövlət qurumlarının yubileylər ili kimi xarakterizə oluna bilər. Bu il Dövlət Sərhəd Xidmətinin yaradılmasının da 90 illiyi tamam olur. Sərhəd Mühafizəsi Xidməti mövcud olduğu dövrdə Azərbaycan dövlətçiliyinin qorunmasında, sərhədlərimizin  mühafizəsində böyük xidmətlər göstərmişdir.  Bildirildi ki, yubiley medalı ilə 2009-cu il avqustun 18-dək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçuları, Dövlət Sərhəd Xidmətinin inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif olunacaqlar.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə növbəti məsələ -  "Əmanətlərin sığortalanması haqqında" Qanuna dəyişiklik və əlavələrin edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, mövcud qanunla hər hansı bir maliyyə hadisəsi baş verdikdə vətəndaşlar tərəfindən banklara qoyulan vəsaitlərin yalnız 6 min manatdan çox olmayan hissəsinin 100 faiz sığortalanması nəzərdə tutulmuşdur. Sözügedən qanuna əlavə və dəyişikliklərin qəbulundan sonra isə bu məbləğ 30 min manat olacaqdır.
Hər iki qanun layihəsi qəbul edildikdən sonra deputatlar Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilərək Çadırlı adlandırılması barədə məsələni də səsə qoyaraq təsdiq etdilər.
 İclasda "Dini etiqad azadlığı haqqında" Qanuna təklif olunan əlavələr və dəyişikliklər də müzakirə edildi. İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, 1992-ci ildə qanunun qəbulundan ötən müddət ərzində ölkədə mühüm proseslər baş vermişdir. İndiyədək sənədə bir neçə dəfə əlavə və dəyişikliklər olunsa da, qanunun təkmilləşdirilməsinə yeni zərurət yaranmışdır. Əlavə və dəyişikliklər, əsasən, dini qurumların qeydə alınması və ləğvi qaydaları ilə bağlıdır. Bu gün ölkədə 100-dən çox dini qurum fəaliyyət göstərsə də, onlardan yalnız 500-ü qeydiyyatdan keçmişdir.
Layihədə göstərilir ki, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dövlət qeydiyyatına alınmış dini qurum, onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı bir dəyişiklik olduqda, bu barədə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Layihədə dini qurumun dövlət qeydiyyatına alınmasından hansı hallarda imtina olduğu da öz əksini tapmışdır.
"Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili S.Novruzov qeyd etdi ki, Azərbaycan tolerant ölkədir: "Lakin bəzi məsələlərlə bağlı problemlər var. Bəzən Azərbaycanda insanlar ayrı-ayrı sektalara qoşulur. Bizim gözəl dinimiz var. Lakin onu vətəndaşlarımıza doğru-düzgün çatdıra bilmirik".
Heç kimin fəaliyyətinə qiymət vermək istəmədiyini bildirən S.Novruzov Azərbaycanda dini məsələlərlə bağlı bəzi iradlarını da bildirdi: "Hamını çox istəyirəm. Amma millətimi və dövlətimi hamıdan çox istəyirəm. Bu gün Azərbaycanda yas mərasimlərində banan, Afrika üzümündən tutmuş, ən müxtəlif meyvələr verilir. Yas çadırları şadlıq evlərindən baha kirayələnir. Niyə Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı bir dəfə də olsun fətva verməyib? Bununla bağlı ölçü götürülməlidir. Bu gün Azərbaycanda yas mərasimlərini keçmiş sahə müvəkkilləri, həbsdə yatan adamların aparmasına rast gəlinir. Halbuki bu məclisləri istedadlı, dini təhsili olan adamlar aparmalıdır. Mən Qafqaz Müsəlmanları İdarəsinin kolbasaya lisenziya verdiyini eşidirəm. Roma Papası nə vaxt belə lisenziya verib? Nəzir qutularından yığılan pullar hara gedir? Bunun vergisi ödənilirmi? Nəyə xərclənməsi barədə hesabat verilmir? Gürcüstanda bu cür vəsaitlər uşaqların ürək əməliyyatlarına sərf olunur. Bunlar xalqın puludur. Bəs bizdə bu pullar hara gedir? Buna aydınlıq gətirilməlidir".
Bu gün Azərbaycanda bütün sahələrdə islahatlar aparıldığını vurğulayan millət vəkili bu islahatların dini sahədə də aparılmasının zəruriliyini qeyd etdi: "Özü də gecikdirmədən, bu gün. Din bu millətə layiq olan səviyyədə təbliğ olunmalıdır".
İclasda Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrinə əlavə və dəyişikliklər də olundu. 
İş gününün sonunda Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin layihəsi müzakirə olunmuşdur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı həyatın bütün sahələrində, eləcə də, tikinti sahəsində müsbət dönüş yaratmışdır. İndi respublikanın hər yerində tikinti-quruculuq və abadlıq işləri gedir. Tikinti fəaliyyəti iqtisadiyyatımızın ən aparıcı sahələrindən birinə çevrilmişdir və ölkənin inkişaf səviyyəsini müəyyənləşdirir. Lakin bu sahədə də mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyac vardır. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin başçılıq etdiyi işçi qrupun hazırladığı  Tikinti Məcəlləsinin əsas məqsədi  bu sahədə hüquqi baza yaratmaqdır.
Sonra Milli Məclis Aparatının eksperti İlqar Cəfərov layihə ilə bağlı ətraflı məlumat verdi.  Bildirdi ki, tikintinin geniş vüsət alması, inşa edilən müxtəlif təyinatlı tikinti obyektlərinin keyfiyyətinə olan tələblər bu sahədə yaranan münasibətlərin, ilk növbədə, qanunla tənzimlənməsi zərurətini yaratmışdır.
Qeyd olundu ki, məcəllədə, həmçinin, tikinti obyektlərinin layihələndirilməsi ilə bağlı müddəalar, tikintiyə icazənin verilməsi, tikinti obyektlərinə dair layihə-smeta sənədlərinin dövlət ekspertizasından keçirilməsi, tikinti prosesində təhlükəsizliyin təmin edilməsi qaydaları və tikinti fəaliyyəti ilə bağlı digər məsələlər əksini tapmışdır.
Sonra deputatlar, əlaqədar təşkilatların nümayəndələri  Tikinti Məcəlləsi ilə bağlı rəy və təkliflərini bildirdilər.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qaldırılan məsələlərə münasibətini bildirdi, tövsiyələrini verdi.
Sonda 15 fəsil, 114 maddədən ibarət Tikinti Məcəlləsi birinci oxunuşda qəbul olundu.

Digər xəbərlər