Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Xilaskar” tamaşası oynanılıb
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı Aqşin Babayevin sənədli-publisistik "Xilaskar" pyesi ilə sənətsevərlərin görüşünə gəlmişdir.
Binəqədi rayon icra hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış tamaşa, bu rayonun çoxsaylı sənətsevərləri tərəfindən alqışlarla qarşılanmışdır.
Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətə qayıdışı və Vətənimizi parçalanmadan, vətəndaş müharibəsindən qurtarmaq üçün atdığı müdrik addımlardan, qarşılaşdığı çətinliklərdən bəhs edən tamaşanın quruluşçu rejisssoru Oruc Qurbanovdur. Tamaşada həmin vaxt ölkəmizdə baş verən mürəkkəb hadisələr, yaranmış vəziyyətdən çıxış yollarının tapılmasında ulu öndərin əvəzsiz xidmətləri və gördüyü işlər öz əksini tapmışdır.
Tamaşada görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Müslüm Maqomayevin musiqilərindən istifadə olunmuşdur. Tamaşda ümummili lider Heydər Əliyevin obrazını teatrın direktoru İftixar Piriyev böyük məharətlə yaratmışdır.
Aktyorlar Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamella Abdullayeva, Vaqif Kərimov, Elnarə Heydərova, Məhərrəm Musayev və b-nın yaratdıqları obrazlar həmin dövrün ictimai-siyasi prosesləri, xalqımızın başına gətirilən faciələr, bu hadisələrin başvermə səbəbləri haqqında tamaşaçıda tam təsəvvür yaradır.