PDF Oxu

Araşdırma

  • 8

Qeyri-obyektiv bəyanat, yoxsa ikili standart?

Qeyri-obyektiv bəyanat, yoxsa ikili standart?

Məlum olduğu kimi, ABŞ Prezidenti Barak Obama 2009 3 may Dünya Mətbuat Azadlığı Günü münasibətilə rəsmi bəyanat yayıb. Barak Obama bəyanatında Azərbaycanın da adını çəkib: "Dünyanın hər yerində həbsdə olan və ya aktiv şəkildə təzyiqə məruz qalan jurnalist var: Azərbaycandan Zimbabveyə, Birmadan Özbəkistana, Kubadan Eritrayadək". ABŞ rəhbəri uzunçuluq etməmək üçün bütün ölkələrin adını çəkməyib. Mövcud durumu analiz etdikdə məlum olur ki, Barak Obama, sadəcə, ilk ağlına gələn ölkə adlarını sadalayıb. Əks təqdirdə, ilk olaraq, Ermənistanın, İranın, lap elə ABŞ-ın adını çəkərdi.
"Dünya mətbuat azadlığının mərkəzi və danılmaz vacibliyini tanıdığı halda, jurnalistlər özlərinin təhlükə ilə əhatə olunduqlarını dərk edirlər"  deyə Obama bildirib.
Barak Obamanın bu fikirlərinə heç bir şəkk-şübhə yoxdur. Doğrudan da, bir sıra ölkələrdə belə hallar hər gün baş verir. Şübhəmiz sadəcə adları çəkilən ölkələrin nədən xüsusi diqqətə layiq görülməsinədir. Yəni,  əgər obyektiv çıxış etmək istəyən adam ilk öncə bu sahədə durumu öyrənməli, heç olmasa media sahəsindəki beynəlxalq təşkilatların hesabatlarına baxmalıdır.
"Barak Obamanın bu fikirləri tam yanlışdır və fakta əsaslanmır. Bu gün Azərbaycanda jurnalistlərə və mətbuata qarşı təzyiq yoxdur. Azərbaycanı azad olmayan ölkə kimi qeyd etməzdən əvvəl məlumatlı olmaq daha vacibdir. Hamıya aydındır ki, ümumilli liderimiz Heydər Əliyevin Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının borclarını ləğv etdirməsi, daha sonra ölkə Prezidenti İlham Əliyevin qəzetlərə 5 min manat dəyərində birdəfəlik maliyyə yardımı ayırması, Mətbuat Şurasının yaradılması, hazırda Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılması istiqamətində işlər aparılır. Bundan başqa, ayrı-ayrı qəzetlərin vətəndaşların şərəf və ləyaqətini alçaldan məhkəmə proseslərinin dayandırılması, bunların mülkiyyətlərinə qoyulan həbslərin aradan qaldırılması məsələləri bu qəbildəndir. Bunun özü də göstərir ki, Azərbaycanda azad sözə, azad fikirə yer verilir. Azərbaycandan kimlərinsə yazması, QHT-lərin, müxalifət partiyaların belə fikirləri əsasında ABŞ kimi bir ölkənin prezidentinin Azərbaycan haqqında neqativ fikirlər səsləndirməsi onun məlumatsızlığının göstəricisidir"-bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov, bildirib ki, əsil antidemokratik ölkələrin adı çəkilməyib. "Barak Obama nə üçün Ermənistanın adını çəkmir? Ermənistanda nəinki söz və mətbuat azadlığı, bütün insan və vətəndaş hüquqları pozulur. Ötən ilin prezident seçiləri zamanı erməni xalqına tutulan divan, daha sonra həmin hadisələrdə həbs olunanların indinin özündə də həbsdə oturmaları faktdır. Bu ölkədə siyasi məhbuslar var, kütləvi informasiya vasitələrinə olan təzyiqlər, hətta yadınızdadırsa, internetə də qoyulan qadağa bu ölkədəki vəziyyətin nə qədər də pis olduğunun göstəricisidir. Barak Obamanın çıxışını ABŞ-ın ikili standartı kimi dəyərləndirərdim. Başqa bir ölkə haqqında ədalətsiz fikir söyləmək yersizdir. Bu gün hər bir ölkə müstəqildir, BMT-nin üzvüdür. Başqa bir ölkənin digər ölkə üzərində nəzarəti yoxdur. ABŞ bü gün dünyada "nadzor" rolunu oynamaq istəyirsə, bu, çox səhv fikirdir" deyə millət vəkili bildirib.

YAP İcra katibinin müavininin sözlərinə görə, ABŞ-dakı insan hüquqlarının pozulması ilə əlaqədar Quantanamo həbs düşərgəsində baş verən hadisələr, işgəncələrin verilməsi və s. bütün dünyanın gözü qarşısındadır: "Niyə bir dəfə də olsun bununla bağlı bir əsaslı şəkildə ABŞ dövləti həmin insanlardan üzr istəmir, dəymiş maddi və mənəvi ziyanı ödəmir? 11 sentyabr hadisələrindən sonra ABŞ-da bir müddət KİV-in fəaliyyəti donduruldu. Buşun fikri də var idi ki, demokratiya bitdi, bundan sonra təhlükəsizlik məsələləri başlayır".
S.Novruzov onu da əlavə edib ki, "Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq, mətbuat orqanlarında ordu ilə, dövlət strukturlarının fəaliyyəti ilə, təhlükəsizlik məsələləri ilə bağlı yazılar dərc olunur. Bu gün Azərbaycanda hansısa jurnalistin peşə fəaliyyəti ilə bağlı həbsi və yaxud cəzalandırılması barədə fikirlər cəfəngiyyatdır".
Barak Obamanın Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı səsləndirdiyi tənqidi fikirlər siyasi partiyaların ciddi təpkisi ilə qarşılanır. SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib ki, Obamanın səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. "ABŞ prezidentinin ölkəmizdə söz və mətbuat azadlığı ilə bağlı səsləndirdiyi fikirlər əsasızdır və heç fakta söykənmir. Bu, sadəcə, Azərbaycanın yürütdüyü müstəqil siyasətə qarşı bir siyasi gedişdir",- deyə A.Əlizadə bildirib.
Yurtdaş Partiyasının sədri Mais Səfərli də ABŞ prezidentinin tənqidi fikirlərini qərəzli münasibətin təzahürü hesab edir. "Mən hesab edirəm ki, Obamanın səsləndirdiyi tənqidlər real vəziyyəti əks etdirmir. Bu gün Azərbaycanda qəzetlərin sayı-hesabı yoxdur, çoxlu sayda televiziya, radio, internet media, agentliklər fəaliyyət göstərir. Belə olan halda, söz və mətbuat azadlığının pozulmasından danışmaq gülüncdür" deyə M.Səfərli SİA-ya açıqlamasında bildirib. O, vurğulayıb ki, bir neçə xarici radiostansiyanın yerli tezliklərdə fəaliyyətinin dayandırılması fonunda Azərbaycanda söz və mətbuat azadlığının olmaması haqqında danışmaq düzgün deyil.
Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc da hesab edir ki, ABŞ prezidenti tərəfindən ölkəmizdə söz və mətbuat azadlığının pozulması haqqında səslənən fikirlər yanlışdır. "Amerika kimi bir ölkəyə rəhbərlik edən və Azərbaycanı özünün əsas müttəfiqlərindən biri hesab edən dövlətin prezidentinin ölkəmizlə bağlı belə əsasız fikirlər səsləndirməsi bizi dərindən təəccübləndirdi və eyni zamanda düşündürdü. Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması və inkişafı üçün dövlətimiz əlindən gələni edir. Mən hesab edirəm ki, ABŞ prezidentinin hu fikirlərinin arxasında siyasi ambisiyalar dayanır", - deyə Z.Oruc qeyd edib.
"Barak Obamanın Azərbaycanda mətbuat azadlığı ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur". Bunu SİA-ya açıqlamasında Vətəndaş Birliyi Partiyasnın (VBP) sədri Sabir Hacıyev deyib. Onun sözlərinə görə, Obamanın bu fikirlərinin arxasında daha çox siyasi motivlər dayanır.
"Məni təəccübləndirən odur ki, Azərbaycanda mətbuat azadlığı ilə bağlı tənqidi fikirlər səsləndirən ABŞ prezidenti nədənsə mətbuata daha çox təzyiq edilən, daha çox mətbuat azadlığının pozulduğu Ermənistanın adını çəkmədi. Ermənistanda mətbuat azadlığının pozulması prezident seçkilərindən sonra yaşanan olaylarla bağlı Avropa Şurası Parlament Assambleyasında aparılın müzakirələr zamanı konkret faktlarla qeyd edilib.
Ermənistanla yanaşı digər qonşu ölkələrdə də mətbuat azadlığının daha çox pozulmasına rast gəlinir, lakin onların heç biri haqqında Obama tərəfindən tənqidi fikirlər səsləndirilmədi. Mən hesab edirəm ki, ABŞ prezidentinin səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və arxasında siyasi motivlər dayanır", deyə S.Hacıyev bildirib.
VBP sədri vurğulayıb ki, Azərbaycan hökuməti daim mətbuatın inkişafı və müstəqil fəaliyyəti üçün məqsədyönlü işlər aparır. "Hər bir vətəndaş curnalistin onun haqqında yazdığı məqalə ilə bağlı məhkəmə iddiası qaldıra bilər, lakin bu o demək deyil ki, jurnalistin hüquqları pozulur. Elə bununla bağlı bir faktı qeyd edim ki, bu yaxınlarda yerli rayon məhkəməsi jurnalistin əleyhinə qətnamə qəbul etmişdi. Daha yüksək məhkəmə instansiyası isə bu qətnamənı əsassız hesab edərək ləğv etdi. Bu ədalətin, demokratiyanın nümunəsi deyilmi? Biz demokratik ölkədə yaşayırıq və mətbuatımız da demokratik şəkildə fəaliyyət göstərir" deyə S.Hacıyev bildirib.
S.Hacıyevin sözlərinə əsasən, xarici radiostansiyaların yerli tezliklərdə yayımının dayandırılmasını mətbuat azadlığının pozulması kimi qiymətləndirmək yanlışdır. Bu addımın qanun çərçivəsində atıldığını deyən partiya sədrinin sözlərinə görə, dünyanın heç bir ölkəsində xarici radiostansiyalar yerli tezliklərdə yayımlanmır.
Ümumiyyətlə, bütün dünyada mövcud media qanunvericilikləri arasında ən mükəmməllərindən və ən demokratiklərindən biri Azərbaycan Respublikasının KİV haqqında Qanunudur. Bu sahədə digər qanunvericilik aktları da dünya standartlarına cavab verir.
Obamanın yəqin məlumatı yoxdur ki, Azərbaycan media vasitələrinin sayına görə dünyada ilk yerlərdən birini tutur. Ölkədə 3000-dən yuxarı KİV var və bunların da çoxu tam müstəqil şəkildə fəaliyyət göstərir. Jurnalsitlər istədiklərini sərbəst və maneəsiz yaza bilirlər.
Əslində, Barak Obamaya verilən məlumatlarda dünya ölkələrində nə qədər curnalistin həbs edilməsi haqda informasiya o qədər də obyektiv deyil. Məsələn, Azərbaycanda 60 min (bəzi məlumatlara görə 100 min) vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir. Real olaraq jurnalist fəaliyyəti göstərənlərin isə sayı 10 000-ə çatmaz.
Beləliklə, ölkəmizdə cinayət törədənlərin bəzilərinin cibindən jurnalist vəsiqəsi çıxdıqda, bu o demək deyil ki, həmin cinayətkar cəzasız qalmalıdır. Və yaxud hansısa "jurnalist" kiminləsə şəxsi haqq-hesab çəkərkən döyülürsə, bu, hansı haqla mətbuata təzyiq kimi qiymətləndirilməlidir. Məgər ABŞ-da cinayət törədən şəxs jurnalist olduqda onun toxunulmazlıq statusu nəzərə alınır? Ümumiyyətlə, hansısa ölkədə jurnalistlərə belə bir status verilibmi?
Ona qalsa, ABŞ-ın özündə də təzyiqlərə məruz qalan, həbs edilən, oğurlanan, qətlə yetirilən jurnalistlər olur (bu haqda mediada mütamadi olaraq informasiyalar yayımlanır). Özü də onlar bizdəki "moşennik"lərdən fərqli olaraq həqiqi jurnalistlərdir. O zaman heç Obamanın səsi çıxmır.
Beləliklə, dünyada media sahəsindəki mövcud durumu nəzərə aldıqda, Azərbaycanın normal ölkələrdən biri olduğu açıq-aydın görünür. Çünki dünyada senzuranın tətbiq edildiyi, mediaya təzyiqlərin göstərildiyi, ümumiyyətlə, KİV orqanının fəaliyyətinə lisenziyanın verilmədiyi onlarla ölkə var.
O zaman ortaya bir sual çıxır, nədən hər həftə jurnalist ölümü və ya döyülməsi haqda xəbərlər gələn Ermənistanın adı çəkilmir, demokratik və azad medianın mövcud olduğu Azərbaycanın adı qeyd olunur. Belə məlum olur ki, Obamanın bəyanatı siyasi məqsədlərə hesablanıb və əsas hədəf heç də media azadlığını dəstəkləmək deyil.
Əgər belədirsə, onda bu ölkədən və onun rəhbərindən ədalətli mövqe gözləməyə dəyməz. Necə ki, Qarabağ məsələsində ABŞ heç də tam ədalətli mövqe ortaya qoymayıb. İkili standart siyasətini davam etdirən ölkələrdən nə gözləmək olar? Demokratiya və ədalətdən danışan, özünü "dünya jandarmı" elan edən bir dövlətin başçısının bu cür qeyri-obyektiv olması təəssüf doğurur və heç də dünya ictimaiyyəti tərəfindən müsbət qarşılana bilməz.

Digər xəbərlər