Mətbuat Şurasında görkəmli jurnalist Sona Bağırovanı anım mərasimi keçirilib
Azərbaycan Mətbuat Şurasında görkəmli jurnalist Sona Bağırovanın anadan olmasının 80 illik yubileyi qeyd edilib. MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, toplantı Şuranın görkəmli jurnalistlərin xatirələrinin anımı istiqamətində reallaşdırmağa başladığı silsilə mərasimlərdən ikincisidir. Bu təşəbbüs çərçivəsində mili mətbuatımızda xüsusi yeri və xidmətləri olmuş ahıl jurnalistlərin, dünyasını dəyişmiş qələm sahiblərinin yubileylərinin, anım günlərinin təşkili nəzərdə tutulub.
Sonra mərhumun uzun müddət çalışdığı "Azərbaycan gəncləri" qəzetinin müxtəlif illərdə redaktoru olmuş Cəmil Əlibəyov, Yusif Kərimov, həmçinin, onunla birgə işləmiş Əlirza Balayev, Şəmsiyyə Kərimova, Hafiz Hüseynxanlı, onu yaxından tanıyanlar Teyyub Qurban, Tahir Aydınoğlu, Zakir Abbas, MŞ sədrinin müavini Umud Rəhimoğlu və b. Sona xanımın indiki nəslə örnək olan həyat və yaradıcılıq yoluna nəzər salmış, xatirələrini dilə gətirmişlər.
Qeyd edək ki, Sona Bəhrəli qızı Bağırova 1929-cu il mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatının 40 ilini "Azərbaycan gəncləri" qəzeti ilə bağlayıb. Burada o, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərində "Açıq söz", "Bakı post" qəzetlərinin əməkdaşı olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb. Həmçinin, media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunub. 2001-ci il mayın 10-da dünyasını dəyişib.
Tədbirin sonunda iştirakçılara Sona Bağırovanın 2002-ci ildə "Elm və həyat" nəşriyyatında çapdan çıxmış "Pozulmaz izlər" kitabı təqdim olunub. Mərhumun qızı Sevda Xanbutayeva Sona xanımın övladları adından analarının xatirələrinə göstərilən ehtirama görə mərasim iştirakçılarının hər birinə təşəkkürünü bildirib.