“ASB”-nin növbəti layihəsi
Xaçmaz şəhərinin Heydər Əliyev adına Mədəniyyət Evində "ASB"-nin Kiçik və Orta sahibkarlıq subyektlərinə qeyd edilən şərtlər əsasında, kreditlərin məqsədyönlü istifadəsi üçün güzəştli kreditlərin verilməsi mərasimi keçirilib.
Tədbirdə "ASB"-nin Korporativ Kreditlər üzrə baş mütəxəssisi Ruslan Babayev çıxışında bildirib ki, bankın bu günə kimi Azərbaycan bölgələrində kənd təsərrüfatının inkişafı ilə əlaqədar 1.563.640 man, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün 4.676.842 man, digər iri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 4.200.000 man kredit xətti maliyyələşdirib: "Bank hər il olduğu kimi, bu ildə də aqrar sektor üzrə maliyyə tələbatının qarşılanması üçün kredit verilməsi işlərini davam etdirir. "ASB" bu ildə ölkə iqtisadiyyatının inkişafına, kiçik və orta sahibkarlıq subyektlərinə, kənd təsərrüfatına və digər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun müşahidə şurasının qərarına əsasən, bu il üçün ilkin olaraq, 1.900.000 man vəsaitin kredit xətti ilə verilməsinə başlayıb. Artıq üç il ərzində "ASB" güzəştli kreditlər sayəsində, yüksək nailiyyətlər əldə edən kiçik və orta sahibkarlıq subyektləri - yerli sakinlər, artıq iri sahibkarlıq subyektlərinə çevrilməkdədir. Bu da bizim uğurumuzun bir hissəsidir".
Tədbirdə Xaçmaz rayon icra hakimyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, bildirdi ki, bankın həyata keçirdiyi əlverişli iqtisadi siyasət nəticəsində kreditləşdirmə proseslərində də bəzi irəliləyişlərə nail olunub: "Müştərilərə xidmətin keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan bank 2008-2009-cu illər üçün nəzərdə tutduğu fəaliyyət planı çərçivəsində Azərbaycanın bölgələrində də öz fəaliyyətini səmərəli etməyə çalışıb. Belə ki, bank ölkənin müxtəlif şəhər və rayonlarında bir sıra yeni filiallarının açılmasına nail olub".
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun, İqtisadi İnkişaf Nazirliyinin nüməyəndələri qeyd etdilər ki, "ASB" son üç ildə İİN və SKMF vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması üçün seçilmiş müvəkkil kredit təşkilatı olaraq fəaliyyət göstərir. Müvəkkil kredit təşkilatı kimi "ASB" bu istiqamətdə geniş layihələr həyata keçirməkdədir.
Sonda "ASB"-nin əməkdaşları tərəfindən kredit şərtlərinə uyğun, nəğd pul şəklində 8 iş adamına güzəştli kredit verildi.