PDF Oxu

Araşdırma

  • 8

24 APREL - ERMƏNİ XƏYANƏTİNİN SON HƏDDİ

24 APREL - ERMƏNİ XƏYANƏTİNİN SON HƏDDİ

(Əvvəli ötən sayımızda)

 Bütün ümid və istəklərini böyük dövlətlərin onlara verə biləcəkləri şanslara dikirdilər. Bir sözlə, "erməni məsələsi"nin həm zahiri, həm də daxili mahiyyətində bir məqam - Türkiyənin süqutu həlledici istiqamət sayılırdı.
Bu sahədə, istər superdövlətlərin, istərsə də erməni millətçilərinin bədnam niyyətləri üst-üstə düşürdü. Bir tərəfdən də böyük dövlətlərin milli mənafeləri baxımından, "erməni məsələsi"nə müdaxilə etmələrinə rəğmən əl qoymaları, bu məsələni günü-gündən daha da mürəkkəbləşdirirdi. Rusiyanın Qara dənizi, Bosfor və Dardanel boğazlarını zəbt etmək səyləri "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüarları ilə pərdələnirdi. San-Stefano ilkin sülh müqaviləsinin 16-cı paraqrafına görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatları həyata keçirməliydi. Bu işlər görülüb qurtaranadək rus qoşunlarının Anadolu Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edəcəkləri nəzərdə tutulurdu. Rusların təşəbbüsü və təhriki ilə "erməni məsələsi" beynəlxalq toplantılarda müzakirə obyektinə çevrildi.
Rusiya artıq Türkiyəni taqətdən salıb parçalamaq yolunda ilk addımını atdı. Xaç süngüsünə çevrilmiş "erməni məsələsi"ni katalizator rolunda oynatdı. Erməni millətçiləri isə Rusiyanın dəstəyindən istifadə edəcəklərində israrlı idilər. Müsbət nəticə əldə edəcəklərinə özlərində bir əminlik, yəqinlik hissi hasil edirdilər. Milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədilə rus işğalına bel bağlayırdılar. Odur ki, həmin istiqamətdə təşviqat-təbliğat işini gücləndirdilər. Ermənilərin Rusiyadan kömək istəmələri türk-erməni münasibətlərini də kəskinləşdirdi. Türkiyə hökuməti ermənilərə münasibət məsələsində kəskin surətdə dönüş etdi.
Halbuki türk hökuməti 1877-ci il rus-türk müharibəsinədək erməniləri nəinki təqib eləmirdi, əksinə, adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına isti münasibət bəsləyirdi. Ermənilərin Rusiya işğalının xeyrinə etdikləri xəyanət Türkiyənin əleyhinə yönəlmiş vətəndaşlarının dövləti cinayəti idi. Hadisələr ermənilərin istəyincə davam etmədi. Şübhəsiz ki, Rusiyanın "erməni məsələsi"ndən təkbaşına istifadə edib Türkiyənin içərilərinə doğru real addımlar atması Qərb dövlətlərini qıcıqlandırmaya bilməzdi. Çar Rusiyasının bu niyyəti onun Yaxın Şərqdəki əsas rəqibi - İngiltərənin ciddi müqavimətinə tuş gəldi. Çar Rusiyasının "erməni məsələsi"ndən təkbaşına istifadə etmək cəhdi İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. İngiltərə erməni millətçilərinin də saqqızını oğurlamağa müvəffəq oldu.
Çünki həmin dövrlərdə çar Rusiyası ermənilərin başını sığallasa da, bununla bahəm Zaqafqaziyada ruslaşdırma siyasəti də yeridirdi. Vaxtı ilə Rusiya "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması" ideyasını irəli sürməsinə baxmayaraq, indi onun əleyhinə açıq-aydın əməli fəaliyyət göstərirdi. Rusiyanın Bolqarıstan məsələsində ağzı yanmışdı. Bolqarıstan çar Rusiyasının köməyilə azad edilsə də, indi çar Rusiyasının vassalına çevrilmək istəmirdi. 1 iyun 1878-ci ildə Berlin konqresində San-Stefano ilkin sülh müqaviləsinə baxılarkən İngiltərə öz istəyinə nail oldu. San-Stefano müqaviləsinin 16-cı paraqrafı Berlin konqresinin 61-ci maddəsi ilə əvəzləndi. Bu maddəyə görə, Türkiyə hökuməti erməni vilayətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi. Lakin həmin islahatların həyata keçirilməsi üzərində nəzarət təklikdə Rusiyaya yox, Berlin konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verilirdi.
Berlin konqresinin qərarı erməni millətçilərinin də damağına şəkər əzib tökürdü. Milli erməni dövlətinin yaradılması uğrunda mübarizəyə təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən kömək göstəriləcəyi iştahalarını birə on qat artırırdı. İngiltərə diplomatiyası isə öz işini görürdü. Onun əsas məqsədi çar Rusiyasına özünün Yaxın Şərq siyasətində "erməni məsələsi"ndən təkbaşına istifadə etməsinə imkan verməmək idi və buna da nail oldu. Bu dövrdə İngiltərənin Türkiyədəki şəxsi siyasətində ermənilər ona gərək deyildi, Türkiyə ilə gizli sövdələşməsi vardı. İngiltərə Türkiyəni Rusiyadan qorumaq müqabilində Türkiyədən Kipr adasını alırdı. Ermənilər isə xam xəyallarıyla baş-başa qalırdı. Çoxluğun nəzarəti əslində erməniləri Türkiyənin ixtiyarına buraxırdı. Türkiyə hökuməti erməni vətəndaşlarının xəyanəti və satqınlıqları ilə üz-üzə qalmışdı. Torbada pişik vardı. Sərhədləri Rusiyadan qorumaq üçün tədbirlər görməliydi. Türkiyə hökuməti qabaqlayıcı tədbirlər görməkdə qərarlı oldu. Erməni millətçiləri isə siyasiləşən nasionalist partiyalar yaradaraq, təşkilatlanmaq, mütəşəkkil şəkildə terror aktları həyata keçirmək və silahlı mübarizə aparmaq yoluna qədəm qoydular. İlkin olaraq "Armenakan" və "Qnçaq" partiyaları bu yolda təşəbbüs göstərdilər. Sonucda isə Daşnaksütyun meydana atıldı.
Yarandığı gündən böyük dövlətlərdən kömək almaq ümidini itirən erməni-daşnak faşistləri Türkiyədə üsyanlar qaldırmağa başladılar. Ancaq onlar yaxşı bilirdilər ki, türk hökuməti ilə mübarizədə qalib gələ bilməzlər. Erməni-daşnak faşistlərinin qarşısında ilk və böyük əngəl - Anadolu türk yurdunu parçalamaq istəməyən Osmanlı türklüyü dururdu. Üsyanlar törətməkdə məqsədləri isə ancaq böyük dövlətlərin diqqətlərini "erməni məsələsi"nə cəlb etmək istəyi oldu. Böyük dövlətlər isə ancaq Türkiyə ilə bağlı problemləri ortaya çıxandan-çıxana "erməni məsələsi"ni yada salırdılar. Erməni müəllifi S.Makosyanın təbirincə desək, "erməni məsələsi" Avropa diplomatiyası üçün komediya, ermənilər üçün isə faciə idi".
Avropanı ilgiləndirən erməni millətinin taleyi deyildi, "erməni məsələsi" onlara Türkiyənin həyat şirəsini sormaq üçün lazım idi. Erməni xalqı artıq Türkiyədə öz faciəsini yaşayırdı. Daşnaklar 1884-cü ildə Sasunda kortəbii şəkildə baş verən üsyanın siyasiləşən variantda davam etdirilməsinə yeni təkan verdilər. Əsas rolu ələ alan Daşnaksutyun partiyasının təxribat dəstələri, terror qrupları Asiya Türkiyəsinin ərazisini bürüyən üsyankar ocaqlar yaratdılar. 1895-ci ildə Zeytunda, 1896-cı ildə Vanda silahlı üsyanlar təşkil edən erməni-daşnak faşistlərinin qazancı sonucda ancaq qırğınlar oldu. Bu illər ərzində heç nə qazana bilməyən ermənilər ancaq dəstə-dəstə Qafqaza axın etdilər. Dərd ondaydı ki, özləri ilə elə "erməni məsələsi"ni də Qafqaza gətirdilər. Burada öz istəklərini həyata keçirmək üçün münbit şərait vardı.
"Erməni məsələsi"ni silah gücünə həll etmək konsepsiyasına hakim kəsilən erməni-daşnak faşistləri Türkiyədə edə bilmədiklərini Rusiyanın əsarəti altında olan Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı etdilər. 1905-1907-ci illərdə XX əsrin ilk soyqırımı hadisəsini törətdilər. Əliyalın, dinc, heç bir torpaq, hakimiyyət iddiasında olmayan Azərbaycan türklərinin qətliamlarını təşkil etdilər. Onları etnik təmizləmə siyasətinin günahsız qurbanlarına çevirdilər. Vaxtı ilə ermənilərə sığınacaq vermiş, ermənilərlə bir gor qonşusu kimi yaşamağa qərarlı olan Azərbaycan türklərini erməni-daşnak terror qrupları və ya qruplaşmaları silah gücünə ev-eşiyindən çıxarıb ayağı yer tutunca qovmağa başladılar. Ələ keçəni uşaq, qadın, qoca demədən xüsusi qəddarlıqla qətlə yetirirdilər. Torpaqlarını, yer-yurdlarını isə mənimsəyirdilər.
Birinci rus inqilabını söndürmədən çar Rusiyasının bu qətliamların qarşısını almamasının, daha da qızışdırıcı mövqeydə durmasının səbəbləri məlum idi. Bu yolla əsarətdə olan xalqların fikir-diqqətini inqilabi mübarizədən yayındırırdı. Bu, imperiyanın klassik "parçala, hökm et" siyasətinin qanlı şöləsi idi. Yalnız Azərbaycan türklərinin soyqırımı ilə kifayətlənməyən erməni-daşnak faşistləri bölgələrdə hakimiyyəti ələ keçirməkdən belə çəkinmir, yolları və körpüləri partladır, nüfuzlu ictimai xadimləri, dövlət məmurlarını terror yolu ilə qətlə yetirirdilər. I Rus inqilabının süqutundan sonra çar Nikolay həddini aşmaqda olan erməni-daşnak terrorçularına bir balaca qulaqburması verdi.
Məsuliyyətə cəlb edilənlər oldu. Arada uzun çəkməyən dartışmalardan sonra erməni-daşnak faşistləri yenə də "erməni məsələsi"nin ilkin dayaq bazasına - Rusiyaya üz tutdular. I Dünya müharibəsi ərəfəsində çar hökuməti böyük məmnuniyyətlə erməni-daşnak faşistlərini qəbul etdi. Rus diplomatları açıq şəkildə "məzlum ermənilərin müdafiəsi" uğrunda çıxışlar etməyə başladılar. Türkiyə hökumətindən ermənilər yaşayan şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Türkiyə hökuməti 26 yanvar 1914-cü ildə Rusiyanın nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulan islahatlar haqqında saziş imzalamağa məcbur oldu. I Dünya müharibəsinin başlanması ilə bahəm erməni-daşnak faşistlərinin iştaha yenidən on qat artdı, deməzsən, tük apardı. Fransa erməni dövlətini Türkiyə ərazisində, Rusiya isə bu dövləti I Pyotr zamanından Cənubi Qafqazda qurmaq istəyini yenidən ortaya qoydu. Hər iki dövlətin niyyətindən bəhrələnmək istəyən erməni-daşnak faşistləri ruhlandılar.
Onlar yenidən "böyük Ermənistan" dövləti qurub-yaratmaq eşqinə düşdülər. Və bu xəyali dövlətin xəritəsini belə cızdılar. Beləliklə, erməni xalqını əbədi məhrumiyyətlərə sürükləmiş oldular. Bununla sonu görünməyən türk düşmənçiliyinin bünövrəsini qoydular. Özlərini isə superdövlətlərin sandıq tulasına çevirdilər.
Erməni-daşnak faşistləri bütün güclərini terrorçu dəstələr düzəldib Türkiyə ərazisinə göndərilməsinə, onların pozuculuq fəaliyyətləri göstərmələrinə, könüllü hərbi hissələr təşkil edib rus komandanlığının sərəncamına vermək işinə yönəltdilər. Ancaq nə qədər qırğınlar törətsələr də, sonucda yenə də məğlubiyyətin acısını daddılar.
I Dünya müharibəsindən sonra "erməni məsələsi" beynəlxalq müzakirələrdə tədricən özünə yeni ünvan tapdı. Daha doğrusu, uydurma "erməni soyqırımı" əfsanəsinə kompensasiya edildi. Əslində, uydurma "erməni soyqırımı" əfsanəsi yalan üzərində qurulmuş "torbada pişik" oyununun davamı idi. Erməni xalqının təqvimində 24 aprel günü rəmzi məna daşıyır. Bu gün bir erməninin burnu belə qanadılmayıb. Bəs, onda nə üçün qətliam günü olsun?! "24 aprel" gününün özü bu soyqırımın saxtalığına dəlalət edən danılmaz və qaçılmaz bir amildir. 1915-ci ilin 24 aprel günü Türkiyə hökuməti tərəfindən dövləti içindən parçalamağa cəhd edən bir qrup vətən xaininin və satqınının - məqsədyönlü şəkildə türk torpaqlarına təcavüz edən Qərb imperialistlərinə və artıq Şərqi Anadolunu işğal etmiş, tərkibində 250 min erməni könüllü silahlısı olan, Türkiyə əleyhinə vuruşan çar Rusiyasına xidmət edən erməni təşkilat və cəmiyyət rəhbərlərinin göz altına alınmasına dair fərman verilən bir gündür.
Onlar öz cinayətkar fəaliyyətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməli olmuşlar. Vətənin taleyinin həll edildiyi bir vaxtda, ölüm-olum dilemması qarşısında qaldığı çətin bir zamanda etnik ermənilərin xəyanət və satqınlıqların kütləvi hal aldığını nəzərə alan, ölkənin təhlükəsizliyini təmin etmək üçün Türkiyə hökuməti 24 aprel tutqusundan təxminən bir ay sonra, daha doğrusu, mayın 15-də ermənilərin yerdəyişməsi haqqında qərar qəbul etmək məcburiyyətində qaldı. Müxtəlif dövlət və ölkələrin tarixində bu cür faktlar yüzlərlədir. Təkcə bunu qeyd etmək kifayətdir ki, əgər I Dünya müharibəsində bu fakt bir dəfə qeydə alındısa, II Dünya müharibəsində Sovet Rusiyası xəyanət və satqınlığın qeydə alınmadığı bir dövrdə qabaqlayıcı tədbirlər adı altında Krım tatarlarını, Şimali Qafqaz xalqlarını - çeçenləri, inquşları, balkar-qaraçaylıları və hətta müharibə qorxusunun aradan qalxdığı, qələbənin sovetlərin xeyrinə həll olunacağının qabaqcadan göründüyü bir zamanda, Gürcüstandan Məhsəti türklərini bu cür yerdəyişmələrə məruz qoymuşdu.
(Ardı var)

Digər xəbərlər