PDF Oxu

Araşdırma

  • 8

Ermənilər 1918-ci ilin beş ayı ərzində Qubada on altı mindən çox insanı məhv ediblər

Ermənilər 1918-ci ilin beş ayı ərzində Qubada on altı mindən çox insanı məhv ediblər
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə dünən Quba şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımla əlaqədar konfrans keçirilib. Konfransda Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, eləcə də bitərəf millət vəkilləri, Türkiyə səfirliyinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Quba məzarlığını, soyqırım qurbanlarının xatirəsinə ucadılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Quba Olimpiya Kompleksində keçirilən konfransı giriş sözü ilə açan YAP-ın Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Türkiyə və Azərbaycanın tarixində keşməkeşli məqamlar olub. Tariximizdə qanlı hadisələrin də baş verdiyini deyən Əli Əhmədovun sözlərinə görə, ermənilər ayra-ayrı vaxtlarda türklərə və azərbaycanlılara qarşı qanlı faciələr törədiblər: "Türkiyənin və Azərbaycanın xeyli sayda bölgələrində millətimizə qarşı törədilən soyqırım aktlarının izləri var. Düşünürəm ki, bunların ən tükürpədici izlərindən biri, Quba məzarlığıdır. Quba məzarlığında xeyli sayda insan - qoca, qadın, uşaq erməni vəhşiliyinin qurbanı olublar. Amma ermənilər uydurma soyqırımı dünyaya tanıtmaq istəyiblər. Əslində 24 aprel tarixi ərəfəsində ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımı haqqında danışmağın vaxtı və məqamıdır ".
YAP-ın Sədr müavini təəssüflə qeyd edib ki, tarix təhrif edilib, təcavüzü və qırğına məruz qalanlar indi qırğın törədənlər kimi təqdim edilir. Bütün bunların fonunda dünyada uydurma erməni soyqırımın tanıdılmasına cəhdlər göstərilir: "Amma bundan da çox təəssüf doğuran odur ki, ermənilərin təhrif etdiyi tarixə inanlar da var. Bu, özünü onda göstərir ki, ayrı-ayrı ölkələr ermənilərin uydurduğu soyqırımı tanıyır və bunundan Türkiyəyə və bütövlükdə türk millətinə qarşı istifadə etməyə çalışırlar. Görünür bu, məsələ tarixi həqiqət haqqında söhbət etməkdən daha çox siyasi polemikaya çevrilib. Daha dəqiq ifadə etsək, sivilizasiyalar arasında mübarizənin elementinə və bəlkə də Qərblə, Şərq arasında mübarizənin bir elementinə çevrilib. Yəqin, ən çox narahatlıq doğuran da büdür. Bizim bir türk toplumu olaraq qarşımızda duran ən mühüm və müqəddəs vəzifələr ondan ibarətdir ki, tarixin bu şəkildə təhrif edilməsinin qarşısını ala bilək. Bütün intellektual potensialımızı, resurslarımızı səfərbər edərək tarixin ədalətsizcəsinə təhrif edilməsinin qarşısını almalıyıq. Həmçinin, millətimizə yönələn təhdidlərə və hücumlara qarşı səylərimizi birləşdirməliyik. Güman edirəm ki, Türkiyə və Azərbaycan birgə səyləri nəticəsində erməni yalanlarının qarşısını ala biləcək. Fikrimcə, vəziyyət bütövlükdə milli məsələ səviyyəsində qavranılmalı və buna uyğun olaraq tədbirlər görülməlidir".
Qubada aşkar olunmuş məzarlığın ermənilərə qarşı tutarlı fakt olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, bu faktın dünya ictimaiyyətinə çatdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Onun fikrincə, bu məzarlıq ölkəmizə səfər edən bütün beynəlxalq təşkilatların nümayəndələrinin ziyarət etdiyi məkana çevrilməlidir. "Eyni zamanda, burada faciəni əks etdirən abidə və muzeyin yaradılması gündəmdə olan məsələdir. Azərbaycan hökuməti çox yaxın zamanlarda bu istiqamətdə tədbirlər görəcək" - deyən YAP-ın Sədr müavini əlavə edib ki, Quba məzarlığı ilə bağlı beynəlxalq elmi komissiyanın yaradılması da vacib məsələlərdən biridir. Onun fikrincə, bu komissiyanın rəyi əsasında erməni vəhşiliyi daha asanlıqla beynəlxalq aləmə çatdırılacaq. Əli Əhmədov, həmçinin, konfransın keçirilməsi üçün yaradılan şəraitə görə, Quba rayon İcra Hakimiyyətinə minnətdarlıq edib.
Quba rayonundan millət vəkili seçilmiş Vahid Əhmədov YAP-ın bu təşəbbüsünü müsbət qiymətləndirib. O, xatırladıb ki, məzarlıq aşkarlanan ilk vaxtlarda partiyalardan birinci olaraq YAP məzarlığını ziyarət edib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım tarixinin qədim olduğunu deyən millət vəkilinin sözlərinə görə, 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsindən sonra ermənilərin bölgəyə köçürülməsi ilə qırğınlara rəvac verilib. "Təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan da 35 hal-hazırda da mövcud deyil. Ermənilər hələ də "böyük Ermənistan" xülyasından əl çəkməyiblər. Azərbaycan və Türkiyə daim ermənilərin ifşası uğrunda mübarizə aparmaqda davam edirlər" - deyən V.Əhmədovun fikrincə, ABŞ uydurma erməni soyqırımını tanımayacaq. Bu, sadəcə siyasi oyundur.
Türkiyənin ölkəmizdəki səfirinin birinci müavini Erkan Özaral isə bildirib ki, ermənilər öz yalanlarını bütün dünyada həqiqət kimi qəbul etdirmək istəyirlər. Amma bütün bunlara qarşı daim mübarizə aparılır. Onun sözlərinə görə, Quba məzarlığı ermənilərin ifşası üçün tutarlı faktdır: "Azərbaycan və Türkiyə həmişə bir mövqedən çıxış edib və bundan sonra da belə olcaq. Bizim birliyimiz sarsılmazdır. Əsl həqiqətin dünyaya çatdırılması üçün həmişə birgə səy göstərəcəyik".
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa çıxışında deyib ki, Quba məzarlığının aşkar edilməsi çox böyük tarixi hadisədir. Onun sözlərinə görə, indi bu faktın tarixi əsasları yekunlaşdırılmalı, sənədləşdirilməlidir. O, təklif edib ki, Quba məzarlığında abidə ucaltmaqla yanaşı, eyni zamanda Bakı şəhərində Şəhidlər Xiyabanında da soyqırım müzeyi yaradılmalıdır: "Ölkəmizə gələn beynəlxalq təşkilatların nümayəndələrinin Quba məzarlığına gəlməsi çətin məsələ ola bilər. Amma Bakı şəhərində soyqırım muzeyinin yaradılması bu baxımından önəmlidir. Həmin muzeydə müxtəlif illərdə Şamaxıda, Qubada, Bakıda və digər yerlərdə ermənilərin törətdikləri "a dair sənədlər yerləşdirilməlidir. Bu muzeyi ziyarət etmək rəsmi protokol qaydalarına daxil edilsə, onda ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsini dünya ictimaiyyətinə daha asan çatdıra bilərik".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də YAP-ın təşəbbüsünü yüksək qiymətləndirib. Onun fikrincə, ermənilərin türklərə qarşı qətliamlar törətməsini sadəcə dünya dölətləri qəbul etmək istəmir: "Çünki onların öz maraqları var. Erməni lobbisi aparıcı ölkələrin ictimai-siyasi həyatında əsas rol oynayırlar. Əgər hansısa siyasətçi erməniləri dəstəkləmirlərsə, onlar üçün problemlər yaradılır. Buna görə də, siyasətçilər erməniləri müdafiə etməyə məcburdurlar. Əslində isə bütün dünya əsl həqiqəti bilir, amma bunu etiraf etmir". Q.Həsənquliyev onu da təklif edib ki, hər il aprelin 24-də Bakıda türk əsgərinin xatirinə ucadılmış abidə ziyarət olunsun və şəhid olmuş əsgərlərin anım günü kimi qeyd edilsin.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, Qafqaz ermənilərin vətəni deyil: "Onlar öz diasporlarının gücünə yaşayıblar. Ermənilərin diaspor tarixi daha əvvəl olduğu üçün xaricdə güclü təsirə malikdirlər. Bizim isə diaspor təşkilatlarımız yeni-yeni formalaşır. Bu gün türk və Azərbaycan diaspor təşkilatı birgə fəaliyyət göstərir. Bu çox yaxşı haldır. Onlar bütün dünyaya nümayiş etdirirlər ki, ermənilər türk torpaqlarında özlərinə dövlət qurublar. Yaxşı olar ki, Turkiyə və Azərbaycan diplomatiyası son 200 ildə törədilən soyqırım aktlarının araşdırılmasını dünyaya təklif etsin. Amerikada və Avstraliyada yerli əhali tamamilə məhv edilib. Fransa Əlcəzairdə qətlamlar törədib. Ermənilər isə həmişə kimlərsə birləşib bizi qırğına məruz qoyublar".
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı isə soyqırım məsələsinin Türkiyə və Azərbaycanın ortaq problemi olduğunu deyib. Onun fikrincə, ermənilər yaltaq və hiyləgər olduqları üçün təhlükəlidirlər. Qətliamların törədilməsində isə ermənilər öz havadarlarına güvəniblər.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov çıxışında bildirib ki, ermənilər öz siyasətini "böyük Ermənistan" ideologiyası üzərində qurublar. Buna uyğun olaraq türklərə qarşı qırğınlar törədiblər. "Qarabağ məsələsinə gəlincə, 1985-ci ildə Afinada Daşnakstün Partiyasının qurultayında Ermənistan ərazisinin genişləndirilməsi ayrı bir məsələ kimi müzakirə olunub. Məhz o zaman Qarabağın işğal edilməsi, Azərbaycan ərazilərinin zəbt olunması qərara alınıb" - deyə İ.İsmayılov vurğulayıb.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında vurğulayıb ki, uydurma erməni soyqırımının tanınması bəzi beynəlxalq güclərə lazımdır. Onun fikrincə, bu faktordan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunur. M.Qurbanlı deyib ki, hələ tarixdə beynəlxalq güclər Osmanlı dövlətini zəiflətmək üçün tədbir görüb. Səfəvi və Osmanlı dövlətlərini üz-üzə qoyublar. "İkinci Dünya Müharibəsinə qədər uydurma erməni soyqırımı gündəmə gətirilməmişdi. Yalnız bu müharibədən sonra soyuq müharibə dövründə bu məsələ ortaya atıldı" - deyən M.Qurbanlının fikrincə, bu gün ermənilərin ifşası türk toplumları üçün çox vacibdir. Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı soyqırımını ilk dəfə ulu öndər Heydər Əliyev gündəmə gətirib. Soyqırımla bağlı 1998-ci ildə qəbul olunmuş sənəd BMT-də də rəsmi sənəd kimi yayılıb. Bu məsələdə Azərbaycan və Türkiyənin mövqeyinin ortaq olduğunu deyən millət vəkili qeyd edib ki, türk toplumu heç vaxt əsarətdə olmayıb. Bütün zamanlarda müstəqil türk dövlətləri mövcud olub. M.Qurbanlı bildirib ki, ermənilərin yalanlarının ifşası istiqamətində tədbirlər bundan sonra da geniş şəkildə davam etməlidir. O, təklif edib ki, Quba məzarlığı ilə bağlı araşdırmalar üçün Türkiyənin elm adamları Azərbaycana dəvət edilsin.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın dünyaya çatdırılmasında Azərbaycan və türk diaspor təşkilatları birgə fəaliyyət göstərməlidir: "2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan və türk diaspor təşkilatlarının birinci Forumu keçirildi. Forumda çıxışı zamanı Prezident vurğuladı ki, bir millətin iki diasporu ola bilməz". Millət vəkilinin fikrincə, birgə fəaliyyət ümumi işimizə xeyli müsbət təsir göstərəcək.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan-Türkiyə birliyinin yalançı erməni təbliğatını ifşa edəcəyini bildirib.
Konfransda daha sonra millət vəkillərindən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev və tarix elmləri doktoru Fəzail İbrahimli çıxış edərək YAP-ın təşəbbüsünü yüksək qiymətləndirərək ermənilərin xadqımıza qarşı törətdikləri qırğınların ifşa edilməsi üçün belə tədbirlərin vacib olduğunu vurğulayıblar.
Sonda YAP-ın Sədri müavini Əli Əhmədov bildirib ki, hər bir tədbir məqsədə çatmaq üçün atılan addımdır. Onun sözlərinə görə, Quba məzarlığı fakt olaraq göstərir ki, türklər erməniləri yox, əksinə, ermənilər türk millətini soyqırıma məruz qoyublar. Əli Əhmədovun fikrincə, gələcəkdə məsələ ilə əlaqədar beynəlxalq mütəxəssislər Azərbaycana dəvət olunmalıdır. Bundan əlavə Türkyə və Azərbaycan alimlərinin birgə konfrasının keçirilməsi də məqsədəuyğundur. YAP-ın Sədr müavini qeyd edib ki, bu yöndə Azərbaycan və Türkiyənin birgə fəaliyyəti məqsədə çatmaq üçün böyük səmərə verə bilər.

Digər xəbərlər