Azərbaycan qlobal maliyyə böhranının təsirinə məruz qalmayan ölkədir
Dünyadakı maliyyə böhranı Azərbaycan iqtisadiyyatında kiçilməyə səbəb olmayıb. Elə buna görə də, Azərbaycan qlobal maliyyə böhranının təsirinə məruz qalmayan ölkələrdəndir. Ekspertlər tərəfindən maliyyə böhranının Azərbaycadan yan keçmədiyi etiraf edilir və onun ölkəyə təsirini azaltmaq üçün müəyyən tədbirlər görülür.
Millət vəkili Vahid Əhmədov bildirdi ki, ölkədə bəzi ərzaq, sənaye və tikinti materiallarının qiyməti aşağı düşməkdədir. O hesab edir ki, qiymətlərin aşağı salınması, əsasən də, benzinin qiymətinin aşağı salınması vacibdir: "Benzinin ucuzlaşması bir sıra sənaye məhsullarının qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Ucuzlaşan ət və ət məhsulları, qənd, çörək, yağ, bal, şokolad, konservlər olub. Ucuzlaşma inşaat materiallarında da qeydə alınıb".
V.Əhmədov cari il üçün inflyasiya proqnozu verməyin çox çətin olduğunu bildirdi. O, vurğuladı ki, buna səbəb dünyadakı qlobal böhrandır. "Əgər vəziyyət belə davam edərsə, nəinki birrəqəmli inflyasiya səviyyəsinə nail olacağıq, hətta deflyasiya da qeydə alına bilər. Ölkə başçısının uğurlu iqtisadi siyasətinin nəticəsidir ki, iqtisadiyyatımız sürətlə inkişaf edir və qabaqlayıcı tədbirlər nəticəsində beynəlxalq maliyyə böhranı respublikamıza ciddi təsir göstərməyib".
Millət vəkili ölkəmizə idxal olunan taxıl məhsullarına tətbiq edilmiş ƏDV-in yenidən bərpa edilməsinin nəzərdə tutulduğunu və taxıl ehtiyatının olduğunu bildirdi: "Hökumət yerli istehlakçılardan taxıl məhsullarını alıb, taxıl fonduna toplamalıdır. Bu da yerli istehsalçılar, kənd təsərrüfatı ilə məşğul olan ölkə vətəndaşları üçün çox əlverişli təklifdir".
İqtisadçı Cümşüd Nuriyev bildirdi ki, beynəlxalq böhran bir çox dövlətlərin iqtisadiyyatına ciddi zərbə vurub. Ancaq bu böhran Azərbaycan iqtisadiyyatından yan keçib: "Bu da dövlətimizin, eləcə də, ölkə başçısının uğurlu iqtisadi siyasətinin nəticəsidir. Əgər hər hansı bir dövlət qabaqlayıcı tədbir görsəydi, yəqin ki, dünya böhranı həmin ölkəyə ciddi təsir göstərməzdi. Düzdür, böhrandan tam təsirsiz ötüşmək mümkün deyil. Çünki Azərbaycan dünyaya inteqrasiya olunduğu üçün maliyyə böhranı ölkəmizə az da olsa, təsir göstərib və göstərəcək".
C.Nuriyev onu da vurğuladı ki, ölkə rəhbərliyi kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr həyata keçirir. Elə bu səbəbdən taxıl məhsullarının idxalına tətbiq olunan ƏDV-nin yenidən bərpa edilməsi aqrar sektorun inkişafına təsir göstərəcək.