Kəmalə Ağayevanın yaradıcılıq gecəsi keçirildi
Dünən 190 saylı orta məktəbdə "Uşaq ili" çərçivəsində keçirilən növbəti tədbirlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq, əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın yaradıcılığına həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Afət Bakıxanova açaraq yaradıcı insanlarla görüşlərin keçirilməsinin bu məktəbdə ənənə şəkliini aldığını bildirdi: "Bu məzmunda tədbirlərin təşkili orta məktəbdə təhsil alan şagirdlərin idrakına, onların mənəvi-psixoloji hazırlıqlarına müsbət təsirini göstərir. Yaradıcı insanlarla birbaşa təmas yaratmaq, onların mülahizə və düşüncələri ilə tanış olmaq şagirdlərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir".
Dil-ədəbiyyat müəllimi Qənirə Əmircanova şairə Kəmalə xanımın yaratdığı poetik nümunələrin gözəl və mükəmməl sənət nümunələri olduğunu vurğulayaraq, onun yaradıcığında yüksək mənəvi dəyərlərin yer aldığını, fəlsəfi düşüncələri ilə seçildiyini qeyd etdi.
O, uzun illər Kəmalə xanımla yaxın münasibətdə olmuş, onun şəxsiyyətinə və yaradıcılığına yaxın olan və bu məktəbdə fars dilini tədris edən Qönçə Qasımova çıxış edərək Kəmalə xanımın yaradıcılıq məziyyətlərini diqqətə gətirdi. Qönçə xanım qeyd etdi ki, 50 ilə yaxındır ki, şairlə yaxın münasibətdədir. Xalqını sevən, daim onun vəsfinə məzmunlu şeirlərini həsr edən Kəmalə xanım müxtəlif mövzularda yazıb-yaratsa da, yaradıcılığının əsasında vətənpərvərliyi əxz etdirən nümunələrin dayandığını bildirdi. Sadə və səmimi duyğulardan yoğrulmuş müxtəlif səpgili şeirlərində ilahi hissləri nəzmə çəkmişdir. Bütün varlığı ilə Tanrıya yaxın olan bu müqəddəs hissləri qələmə alan şairin poetikasında ilahi eşq əsas məzmun kəsb edir. O, istedadlı şairə uğurlar arzulayıb, bu səpgidə görüşlərin böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Tədbirdə çıxış edən gənc şairə-tərcüməçi Rəsmiyə Babayeva Kəmalə Ağayevanın şəxsi keyfiyyətlərinə diqqət yetirib, onun gözəl, saf bir insan olduğunu bildirdi, yaradıcılığı ilə şəxsiyyəti arasındakı vəhdətin diqqəti cəlb etdiyini vurğuladı. Onun poeziyası məhz saflığı, səmimiliyi ilə diqqəti cəlb etdiyindən sevilərək oxunur. Dramaturq qadın kimi tanınan Kəmalə Ağayevanın "Məhsəti" dram əsəri səhnələşdirilərək, tamaşaya qoyulmuşdur. O cümlədən, "Apardı sellər Saranı", "Könül verdiyim ellər", "Vətənə sevdalıyam", "Qönçələr" şeirlər kitabları nəşr edilmişdir. Pyesləri Naxçıvan, Gəncə və Bakı teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur. Onun əsərlərində milli kökümüzə bağlılıq özünü büruzə verir.
Görüşdə şairə Zərəngiz Dəmirçi Qayalı K.Ağayevanın daxili keyfiyyətlərini qeyd edərək, onun incə təbiətə malik Azərbaycan xanımı olduğunu bildirdi. O, qeyd etdi ki, vətənpərvərlik duyğularının bədiiləşdirilmiş bir şəkildə ədəbiyyatımıza gətirilməsində Kəmalə xanımın da poeziyasının əhəmiyyəti danılmazdır. İncə ruhlu bir insanın daxilindən gələn bir pıçıltı məhz bu poeziyada özünü göstərir.
Tədbirdə çıxış edən məktəbin ingilis dili müəlliməsi Rizvaniyə Qasımova və b. şairənin həyat və yaradıcılığından danışaraq ona uğurlar arzuladılar.
Ədəbi-bədii gecədə şairin yaradıcılığı əsasında məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya iştirakçılara təqdim olundu. Məktəblilərin ifasında səhnəciklər oynanıldı, şeirlərindən parçalar söylənildi.