Türk iş adamları Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhdi pisləyir
Son vaxtlar bir sıra xarici KİV-lərdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yaymaqdadırlar. Bu məlumatlar ABŞ prezidenti Barak Obamanın Türkiyəyə rəsmi səfərindən sonra daha ciddi xarakter alıb. Təbii ki, bu məlumatlar istər Azərbaycan, istərsə də, Türkiyə ictimaiyyətini narahat edir. Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələri, o cümlədən, siyasi partiyaları, ictimai təşkilatları, kütləvi informasiya vasitələri AKP hakimiyyətinin Ermənistanla sərhədlərin açılmasına göstərdiyi səyləri pisləyən bəyanatlar yayıb, bununla bağlı Türkiyə ictimaiyyətinə, rəsmi dairələrinə müraciətlər ünvanlayıblar. Azərbaycan ictimaiyyəti ilə həmrəylik nümayiş etdirən türk iş adamları, xarici ölkələrdəki diaspora təşkilatları AKP hakimiyyətinə Ermənistanla sərhədləri açmamaq çağırışları ünvanlayıblar.
Türk Tarix Qurumunun keçmiş rəhbəri, professor Yusuf Halaçoğlu problemin müzakirələr yolu ilə həll edilməsinin son dərəcə vacib olduğunu bildirib: "Təbii ki, Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə heç kim Türkiyənin sərhədləri açacağını gözləməməlidir. Bu, Türkiyədə ictimaiyyətin çox sərt reaksiyasına səbəb olar. Hökumətin də bu işi görə biləcəyini zənn etmirəm. Ona görə də, narahatlığa əsas yoxdur. Azərbaycanın bu məsələlərlə bağlı Türkiyə ilə ciddi müzakirələr aparmasında fayda var. Bu, Azərbaycan və Türkiyədən başqa ABŞ-ı da yaxından maraqlandıran bir məsələdir. ABŞ Qafqazda sabitliyə nail olunması baxımından indiyə qədər əldə edilmiş razılaşmalara Ermənistanın da daxil edilməsini istəyir və Türkiyədən bəzi şeylər tələb edir. Burada ən önəmli məsələ budur - işğal altında olan Azərbaycan torpaqları tamamilə azad edilib Dağlıq Qarabağ əvvəlki statusuna qaytarılmadan heç bir saziş olmamalıdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadıqca bölgədə sülh olmayacaq. Çünki o vaxt hər kəs başqa ölkənin torpağını işğal edər və iş bitib gedər. Bu məntiqlə yanaşsaq, Türkiyə də gedib Ermənistanı işğal edər. Ona görə də, sərhədlərə hamı hörmət etməlidir. Biz qondarma "soyqırım"ı qəbul etməyəndən sonra Ermənistan istədiyi qədər bizə böhtan ata bilər. Bizim sərhədimizi də qəbul etməyə bilər. Çünki Ermənistanın bizim sərhədlərimizi dəyişdirməyə gücü yoxdur. Bütün dünya bizim sərhədlərimizi qəbul edərkən, Ermənistan qəbul etməsin, guya nə olacaq ki? Ona görə də, Ermənistan xoşluqla işğal etdiyi torpaqlardan çəkilməlidir. Ondan sonrakı müzakirələr daha asandır".
Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə xəbərlər, Azərbaycan və Ermənistan sərhədində yerləşən İğdırda narazılıqla qarşılanıb. İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan iğdırlı iş adamlarının Türkiyənin Ermənistanla sərhədləri açmağa qarşı çıxdığını bəyan edib: "Sözsüz ki, demokratik, dünyəvi və hüquq dövləti olan Türkiyə Cümhuriyyətinin özünəməxsus bir siyasəti var. İqtisadiyyatın, ticarətin, pulun dini və irqi olmaz. Lakin uzun illərdir ki, türklərə qarşı düşmənçilik siyasəti yürüdən Ermənistanın öz iddialarından imtina etmədən sərhədlərin açılmasının düzgün olmadığını düşünürük. Qardaş ölkə Azərbaycanın torpaqları işğal altında qalmaqda ikən sərhədlərin açılmasını istəmirik. Erməni "ASALA" terror təşkilatının keçmişdə türk diplomatlarına qarşı xain hücumlarını bir kənara qoyaq, Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları irəli sürməsi, atalarımız olan Osmanlı dövlətini uydurma "soyqırımı" törətməkdə ittiham eləməsi, ölkəmizdən əvvəlcə təzminat, sonra isə torpaq tələb etməsi, "bir millət, iki dövlət" olduğumuz qardaş Azərbaycanın torpaqlarının dörddə bir hissəsini hələ də işğal altında saxlaması, milyonlarla Azərbaycan türkünü qaçqın vəziyyətinə salması hər kəsin bildiyi bir gerçəklikdir. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənə, ölkəmizə qarşı soyqırımı, təzminat və torpaq tələblərindən vaz keçməyənə qədər sərhədlərin açılması müzakirə mövzusu olmamalıdır".
"Türkiyənin Ermənistanla sərhədlərin açılacağına inanmıram. Çünki türk milləti olaraq biz Qarabağ problemi çözülmədən Ermənistan sərhədinin açılmasına qarşıyıq". Bunu "AZFEN" Birgə Müəssisəsinin rəhbəri Bataçar Baysal deyib. Onun sözlərinə görə, bu gün Türkiyədəki bütün siyasi qüvvələr - CHP, MHP, digər partiyalar, hətta AKP-nin də bir qismi sərhədlərin açılması ideyasını dəstəkləmir. Bunu əsas gətirən B. Baysal sərhədlərin açılmasını mümkünsüz sayır: "Türkiyə ayağa qalxar".
Sərhədlərin açılacağı halda Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqələrində problemin yaranıb-yaranmayacağı barədə sualı cavablandıran B.Baysal, sərhədin açılacağına inanmadığı üçün ölkələr arasında problem gözləmədiyini də qeyd edib: "Digər tərəfdən, bu dövlətlər, sadəcə, iqtisadi baxımdan bir-birinə bağlı deyil. İki qardaş ölkə arasında mübahisəli məsələlər də ola bilər, amma o qapı açılmaz. Açılmağa çalışılsa belə, mütləq Türkiyə tərəfi həm Barak Obama, həm də Ermənistan qarşısında Qarabağla bağlı şərt qoyub. Bunun xaricində heç nə ola bilməz".
B.Baysal iqtisadi münasibətlər baxımından və əlverişli bazar olaraq da Ermənistanın Azərbaycanı əvəz edə bilməyəcəyini vurğulayıb: "Ermənistanın heç nəyi yoxdur. Ermənistan özü-özünü dolandıran ölkə olsaydı, onda nə üçün sərhəd qapısının açılmasını istəyir? Ermənilərin Türkiyəyə ehtiyacı olmasaydı, sərhədlərin açılması üçün Amerikaya yalvarmazdı. Sərhədlərin açılmasının yalnız Ermənistana xeyri ola bilər, bunun Türkiyəyə heç bir faydası yoxdur. Ermənistan müstəqil olsa, Türkiyə və Azərbaycana yaxınlaşar. Lakin bəzi ölkələr Yerevana təsir göstərir, onu müəyyən məsələlərə məcbur edir. Bu ölkələr Ermənistanın işinə qarışmasa, üç dövlət öz arasında analaşa bilər".
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gülə və baş naziri Rəcəb Tayyib Ərdoğana bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda deyilir ki, son günlərdə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşacağına dair yayılan xəbərlər soydaşlarımızı ciddi narahat edir: "Bu addım ermənilərin tarix boyu türk xalqına qarşı törətdiyi soyqırım və digər faciələri unutdura bilməz" deyən cəmiyyət rəhbərliyinin fikrincə, Türkiyə dövləti ermənilərin türk xalqının başına gətirdiyi müsibətləri, həmçinin Azərbaycanla Türkiyəni bir-birinə sıx bağlayan dostluq, qardaşlıq tellərini nəzərə alaraq Ermənistanla sərhədlərin açılması məsələsinə daha həssas yanaşmalı və bunun yolverilməzliyini bütün dünyaya nümayiş etdirməlidir. Dubaydakı Azərbaycan Cəmiyyətinin bəyanatında bildirilir ki, erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmədikləri halda Türkiyənin Ermənistanla sərhədləri açmasını təkcə Azərbaycan və türk xalqları deyil, dünya ictimaiyyəti Türkiyənin Azərbaycan xalqına xəyanəti kimi qiymətləndirə bilər.
"Xəzər" Televiziyasının xəbər müdiri İbrahim Ünlübostan sərhədlərin açılmasının Türkiyəyə fayda verəcəyinə inanmadığını söyləyib: "Bu qərar Türkiyənin xeyrinə olmayacaq. Türkiyə rəsmiləri bu qərarı verərkən bir daha düşünməlidirlər". Türkiyə diplomatiyasının çox təcrübəli olduğunu qeyd edən İ.Ünlübostan Türkiyənin baş naziri ilə prezidentinin mövzu ilə bağlı bir neçə gün əvvəl verdiyi açıqlamadan onların sərhədin açılmasına asanlıqla razı olmayacaqları qənaətinə gəldiyini söyləyib: "Abdullah Gül açıqlamasında dedi ki, Ermənistanla belə anlaşma yoxdur. Bu açıqlamalardan sonra sərhədlərin asanlıqla açılacağını zənn etmirəm. Sərhədlər bağlanarkən iki səbəb var idi. Onlardan biri qondarma erməni soyqırımı iddiaları, ikincisi isə, Qarabağ məsələsi... Bu gün hər iki səbəblə bağlı erməni tərəfi heç bir addım atmayıb, sərhədləri açmaq üçün ortaya qoyulan səbəblərdən heç birində hər hansı dəyişmə yoxdur".
"Zaman Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansevər Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlərdən üzüntülü olduğunu deyib: "Bu olayın gerçəkləşməməsi üçün fərd olaraq əlimdə gələni etmişəm. Azərbaycanın narahatlığı mənim də narahatlığımdır". E. Cansevər Azərbaycanın problemlərini, sıxıntılarını Türkiyə ictimaiyyətinə çatdırmaq üçün bir müddət əvvəl Türkiyədən bir qrup jurnalistin səfərini təşkil etdiklərini də xatırladıb: "Bütün yazılarımda da mən məhz bunu ifadə edirəm. Məndə olan məlumatlar Barak Obamanın Türkiyəyə gəlişi ilə bu mövzuda hansısa yeniliyin olacağından xəbər verir. Amma mən ümidimi itirmirəm. Türkiyə ən azı heç vaxt Azərbaycana xəyanət etmədiyi üçün belə bir addım ata biləcəyinə inanmıram. Ən azı tarixdə belə bir hal olmayıb". E. Cansevər deyib ki, erməni məsələsi, sadəcə, Azərbaycanla bağlı problem deyil: "Erməni məsələsi Qarabağın işğalı ilə yanaşı, qondarma erməni soyqırımı və Türkiyəyə qarşı ərazi iddiaları deməkdir. Bu baxımdan yanaşdıqda, Türkiyə iki məsələdə uduzmuş olacaq. Türkiyə öz xalqına, öz vətəndaşlarına bunu necə izah edəcək? Mən hələ də Türkiyənin erməniləri məmnun edəcək bir addım atacağına inanmıram".
"Dialoq Avrasiya" təşkilatının rəhbəri Mustafa Saatçı da bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı yayılan məlumatları Türkiyənin rəsmi şəxsləri təsdiqləməyib: "Türkiyə prezidenti Abdullah Gül sərhədlərin açılacağı ilə bağlı məlumatları təkzib edib. Baş nazir Ərdoğan da Dağlıq Qarabağ problemi həll olunmadan regionda bu istiqamətdə real addımlar atılmayacağını bildirib. Mən bu bəyanatların arxasında durmalarını gözləyirəm. Məncə, bu bəyanatların əksinə bir durum olarsa, tarixi bir yanlışlıq olar. Dağlıq Qarabağ və digər ərazilər azad edilmədən, qondarma erməni soyqırımı iddialarına son qoyulmadan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçilmədən belə bir mövzunun müzakirəyə çıxarılması düzgün deyil. Bu, AKP hökumətinin atdığı ən yanlış addımlardan biri olardı".
Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı, Türk Müzik Birliyinin (TMB) Azərbaycan üzrə təmsilçisi Kamal Cenk İçtenin də Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə münasibəti çox pisdir. O, ermənilərin bütün türk dünyasının başına gətirdiyi faciələri unutmağın mümkün olmadığını söyləyib: "Ermənilərin Qarabağ məsələsi ilə bağlı Azərbaycana verdiyi əziyyətləri unutmaq olmaz. Bir türk olaraq sərhədin açıqlamasına qarşıyam və bu addımı heç vaxt dəstəkləməyəcəyəm. Hər bir türk övladı və müsəlman kimi bu məsələyə etirazımı bildirdim və bildirməyə də davam edirəm".
"Çağ" Öyrətim İşlətmələri MMM-in İdarə Heyətinin sədri Enver Özeren isə şirkətin 17 ildir, Azərbaycanda fəaliyyət göstərərək, azərbaycanlı uşaqların təlim-tərbiyəsi ilə məşğul olduğunu, Azərbaycan həqiqətlərini məzunlar vasitəsilə dünyaya çatdırdıqlarını bildirir. E. Özerenin kollektiv adından müraciətində qeyd olunur ki, şirkət "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq, onlara göstərilən etimada sədaqətlə xidmət etməkdədir: "Türkiyənin Ermənistanla sərhədləri açması bizim tərəfimizdən birmənalı olaraq qəbuledilməzdir, Türkiyə dövləti, işğal edilmiş Azərbaycan torpaqları geri qaytarılmadan belə addım atarsa, əlbəttə iki qardaş dövlətin münasibətlərinin sarsılmasına səbəb ola bilər. Biz Azərbaycanda yaşayırıq. Azərbaycan xalqı ilə birlikdəyik. Xalq Azərbaycan dövlətinin Türkiyə ilə əl-ələ verərək tarixi ədalətin bərpa olunacağına, işğal olunmuş torpaqların geri qaytarılacağına ciddi sürətdə inandığı üçün fəxr edirdik. Amma Türkiyə dövlətinin Ermənistanla sərhədlərin açılması istiqamətində mətbuat vasitələrində gedən yazılar və söz-söhbətlər xalq arasında ciddi narahatlıq doğurur. Bu cəhdlər Türkiyədə yaşayan çoxmillətli xalqların iradəsini ifadə etmir. Odur ki, biz "Çağ" Öyrətim şirkəti - 11 lisey, 1 gimnaziya, 12 ali təhsilə hazırlıq kursu və "Qafqaz" Universitetinin Türkiyədən gəlmiş müəllimləri, tələbələri və çoxminli valideynləri adından Türkiyə dövlətini Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu günə qədər nümayiş etdirdiyi obyektivliyi bundan sonra qoruyub saxlamağa çağırırıq".
"1994-cü ildə yaradılmış Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti hər zaman regiondakı prosesləri yaxından izləyir, Azərbaycanın bu məsələdəki həssaslığını bilir və bunu qəbul edir. TÜSİAB bu müzakirələr çərçivəsində vazkeçilməz amil kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması halında qarşılıqlı dialoqların aparılmasını məqbul hesab edir". Bu sözlər Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair yayılan məlumatlarla bağlı açıqlamasında bildirib.
TÜSİAB-dan verilən açıqlamada o da qeyd olunur ki, Türkiyə prezidenti Abdullah Gülün "Regiondakı problemlərin kökündən həll edilməsi üçün öncə Cənubi Qafqazdakı bütün münaqişələrin, xüsusilə də, Qarabağ probleminin həlli vacibdir", eyni zamanda, baş nazir Rəcəb Tayyib Ərdoğanın "Dağlıq Qarabağ problemi həll olunmadan bizim Ermənistanla bağlı rasional qərar qəbul etməyimiz mümkün deyil" bəyanatları hökumət nümayəndələrinin də buna yaxın mövqedə olduqlarından xəbər verir: "Biz, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasi kursunun belə problemli məsələlərdən ən səmərəli çıxış yolları tapdığının dəfələrlə şahidi olmuşuq. Ümid edirik ki, bu məsələ də qədim köklərə malik iki qardaş ölkənin mənfəətləri çərçivəsində öz həllini tapacaq".