Türkiyə-Ermənistan münasibətləri bərpa oluna bilərmi?
Artıq uzun zamandır ki, Türkiyə-Ermənistan sərhədlərinin açılacağı barədə ciddi müzakirələr aparılır və bu məsələ ilə bağlı istər Türkiyə və Ermənistan tərəfindən, istərsə də Azərbaycan tərəfindən müxtəlif yanaşmalar ortaya qoyulur. Bu müzakirələrin davamı kimi bu günlərdə ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri baş tutacaq. Türkiyədə keçiriləcək beynəlxalq mədəniyyət tədbiri çərçivəsində baş tutacaq bu səfərə siyasi aləmdə maraq böyükdür. Belə ki, nəzərdə tutulan tədbirə Ermənistan XİN sözçüsü E. Nalbandyanın da gələcəyi gözlənilir. Burada Türkiyə-ABŞ-Ermənistan prezidentləri arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Hətta gözlənilir ki, bu görüşdən sonra əldə olunacaq razılaşmaya əsasən, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının da dəqiq vaxtı bəlli olsun. Əslində, B.Obamanın səfəri zamanı bu məsələnin əsas müzakirə obyekti olacağı gözlənilirdi. Lakin bu günlərdə Türkiyə baş naziri R.T.Ərdoğanın sərhədlərin açılması məsələsinin Dağlıq Qarabağ müşaqişəsi ilə paralel aparılacağı mövqeyini nümayiş etdirməsi adıçəkilən görüşün bizim üçün də az əhəmiyyətli olmayacağına işarədir.
Bu görüş və ümumiyyətlə, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev dünyada olan bütün müharibələrin sülhlə yekunlaşdığını, əbədi düşmən və ümumiyyətlə, düşmən anlayışının olmadığını qeyd etdi. "Tarix boyu bütün müharibələr sülhlə yekunlaşır. Sərhədlərin açılması məsələsinə münasibət bildirməzdən öncə, Türkiyə ilə Ermənistanın münasibətlərinin pozulmasının səbəblərini aydınlaşdırmaq lazımdır. Burada birinci növbədə erməni siyasətinin əsas rol oynadığını qeyd etmək lazımdır. Yəni bu siyəsətin tərkibində həm Ermənistan dövlətinin siyasi xətti, həm də erməni diasporunun fəaliyyəti əsas rol oynayır. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin pozulmasında başlıca rolu Ermənistanın bu ölkələrə qarşı ərazi iddiaları oynayır. Bu iddialara isə ermənilər hələ yüz il bundan qabaq başlayıblar. Nə qədər ki, ermənilər bu iddialarından əl çəkməyib, düşünürəm ki, bu müharibə belə də qalacaq. Türkiyə və Ermənistan münasibətlərini pozan bir səbəb də 1915-ci il qondarma erməni soyqırımıdır. Bu səbəblərdən biri kimi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini misal göstərmək olar. Yəni, ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi digər dövlətlər kimi dost-qardaş Türkiyə dövlətini də pisləməsidir. Əgər Ermənistan istəyirsə, Türkiyə və Azərbaycanla münasibətlər bərpa olunsun, onda gərək bu iki ölkəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Əgər belə bir addım atılmayacaqsa, diplomatik əlaqələrin yaradılması mənasız bir işdir. Əlbəttə, ola bilər ki, danışıqlar nəticəsində sərhədlər açılsın, lakin bu, Türkiyənin milli maraqlarına xidmət etməyən bir məsələdir. Bəzi iddialara görə, Türkiyənin Ermənistanla münasibətləri normallaşdıracığı təqdirdə, onun Avropa Birliyinə daxil olması asanlaşacaq və yaxud Avropanın ona qarşı munasibəti dəyişəcək. Bunlar da boş xülyadan başqa bir şey deyil. Nə qədər ki, dünyada ikili standartlar hökm sürür, nə qədər ki, xristian-islam münasibətləri siyasi diplomatik pillələrdə inkişaf edir, Türkiyəni Avropa Birliyi qəbul etməyəcək. Bunu da Türkiyədə bilirlər və düşünürəm ki, bu məsələ öz həllini tapmamalıdır. O ki qaldı, türkiyəli siyasətçilər Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması, sərhədlərin açılması, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin yaxşılaşmasının və Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyini bildirirlər ki, mən buna inanmıram. Çünki Ermənistan-Türkiyə münasibətlərinin pozulmasının kökündə dayanan yuxarıda sadaladığım səbəblər aradan qalxmayınca bu problem həll olunmayacaq, yalnız görüntü xarakteri daşıyacaq. Nə qədər ki, Ermənistan dövləti, erməni diasporu və erməni kilsəsi öz siyasətini davam etdirəcək, Ermənistanla Türkiyənin və Azərbaycanın yaxşı münasibəti olmayacaq. O ki qaldı Azərbaycan dövlətinin və yaxud Azərbaycan ictimaiyyətinin bu məsələyə münasibətinə, mən belə düşünürəm ki, biz istəmərik ki, bizə dost-qardaş olan Türkiyə dövləti səhvə yol versin və gələcəkdə onun acı nəticələri ilə qarşılaşsın. Amma onu da nəzərə almaq lazımdır ki, Türkiyə müstəqil bir dövlət olduğundan onun işinə heç kəs qarışa bilməz. Bu dövlətin siyasətini Türkiyə xalqı müəyyənləşdirəcək ki, bu siyasət nə dərəcədə doğrudur. Hər halda, Azərbaycan Ermənistanla münasibətlərini heç bir dövlətin maraqlarına, heç bir dövlətin siyasətinə uyğun qurmalı deyil və qurmur da. Bizim Prezidentimiz həmişə qeyd edib ki, Azərbaycan dövlətinin istədiyi odur ki, məsələ sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunsun. Əgər sülh yolu alınmazsa, onda biz hərbi potensialımızdan istifadə edərək, bu məsələni həll edəcəyik. Bu, gec-tez belə olmalıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bu yolda mən arzulamıram ki, Azərbaycanı qardaşları meydanda tək qoysun və sonradan türk qardaşlarımız buna görə peşmançılıq hissi keçirsinlər.