ABŞ prezidentinin Türkiyə səfəri Azərbaycanda da maraqla izlənəcək
ABŞ prezidenti Barak Obamanın Türkiyəyə gözlənilən səfəri bir sıra yaddan çıxmağa başlayan məsələlərin yenidən gündəmə gətirilməsinə əsas yaradır. Nəzərə alsaq ki, artıq bir sıra dəvətli ölkələrlə yanaşı Türkiyədə baş tutacaq toplantıda iştirak etmək üçün müraciət edən ölkələrin sırasında Ermənistan, hətta İraq və İran kimi dövalətlərin rəsmiləri yer alır, demək, Ankara aprelin əvvəlində dünyanın əsas diqqət mərkəzinə düşmüş ərazi kimi qeyd oluna bilər.
Təbii ki, bütün müzakirə olunacaq məsələlərin əsasında isə həm Türkiyə, həm ABŞ, həm də bölgə üçün daha vacib xarakter daşıyan məsələlərin müzakirəsinə yer ayırılacaq. Bizim üçün daha çox əhəmiyyət daşıyacaq məsələ isə təbii olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli və bir müddət öncə - Rusiya-Gürcüstan qarşıdurması yaranan zaman gündəmə daxil olmuş Qafqazda sülh və tərəfdaşlıq platforması məsələsidir. Mümkündür ki, bu planın reallaşması haqqında başlanan müzakirələr həm müsbət, həm də mənfi nəticələrlə sona çatsın. Amma bu məsələdə ABŞ-ın Türkiyəyə dəstək verəcəyi gözləniləndir.
Ən əsası nəzərə alınmalıdır ki, Türkiyə həm hərbi, həm iqtisadi imkanlarına, digər tərəfdən Cənubi Qafqaz regionunda yerləşməsi və baş verən hadisələrə təsir etmək, hadisələrin istiqamətini dəyişmək imkanına malik olan ölkələrdən biridir. Bunu Türkiyənin geosiyasi maraqları ilə yanaşı, region ölkələri ilə münasibətləri də zəruri edir. Ankarının "Qafqaz evi" adı altında Cənubi Qafqaz dövlətlərinin birgə əməkdaşlığına xidmət edən layihəni irəli sürməsi də Türkiyənin bu missiyanı üzərinə götürmək istəyinə xidmət edir. Amma bu missiya hansı mərəhələlərə qədər inkişaf edə bilər, günün ən aktual sualı budur.
Əslində, Ankaranın təklif etdiyi əməkdaşlıq formulu yeni sayılmamalıdır və müxtəlif dövrlərdə fərqli dillərdən ifadə olunan bu məsələ Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan tərəfindən yenidən gündəmə gətirilməsi ölkə daxilində zəifləyən mövqeyinin yenidən qaytarılmasına da xidmət göstərir. Layihənin reallaşmasına nail olunub-olunmaması isə, həm də Obamanın və yeni ABŞ administrasiyasının məsələyə münasibətindən asılı olacaq. Çünki məsələ ciddi olmaqla yanaşı, çox böyük problemlər yarada bilər. Hər halda bundan Türkiyənin baş naziri ilə yanaşı ABŞ prezidenti də xəbərdardır. Nəzərə alsaq ki, Cənubi Qafqazda bir neçə ciddi münaqişə ocağı var ki, bunlar indiki halda ölkələr arasında əməkdaşlığı çətinləşdirir. Amma hər bir məsələ çətin olduğu qədər həll edilə biləndir. Xüsusilə, rəsmi Ankaranın son dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində tərəflər arasında dialoqun yaradılması istiqamətində apardığı fəaliyyət bunu təsdiqləyir.
Təbii ki, Türkiyə bu münaqişənin beynəlxalq hüquqi prinsiplər çərçivəsində həllini daha da sürətləndirə bilər. Heç kəsə sirr deyil ki, bu münaqişənin başladığı ilk gündən Azərbaycanla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi - etnik bağlılıqların tələbləri çərçivəsində çıxış edir. Dəyişən siyasi iqtidarlardan asılı olmayaraq Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib. Ən azından Ankara ölkənin sərhədlərini işğalçı Ermənistan dövlətinin üzünə bağlı saxlamaqla, Azərbaycanın bu dövlət ətrafında yaratdığı iqtisadi və siyasi blokadanı dərinləşdirməsinə şərait yaradıb. Bu iki dövlətin ortaq davranışları Ermənistanı iflic vəziyyətinə salıb. Doğrudur, bir müddət öncə sərhədlərin açılacağı ilə bağlı bir sıra mətbuat orqanlarında spekulyativ bəyanatlar səsləndirilsə də Ankara hər zaman işğalçı dövlətin qoşunlarının Azərbaycan torpaqlarını boşaltmayınca Türkiyənin sərhədləri açmayacağını bildirib. Yeri gəlmişkən, Türkiyənin bu mövqeyinə Azərbaycan da heç vaxt biganə qalmayıb. Rəsmi Bakı da Ankaranın Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyi başqa məsələlərdə Türkiyənin yanında olmaqla cavabsız qoymur. Misal üçün, Şimali Kipr türklərinə Azərbaycan verdiyi dəstək Ankarada yüksək dəyərləndirilir. Həmçinin, PKK terrorçularına qarşı mübarizədə ölkəmiz daim Türkiyəyə dəstəyini əsirgəməyib.
Hər bir halda Obamanın Türkiyəyə səfəri olduqca maraqlı məqamlarla müşahidə olunacaq və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gələcək taleyində bəlkə də müəyyən dərəcədə əhəmiyyəti rola malik olacaq. Bu baxımdan bir neçə gün sonra reallaşacaq səfər Türkiyə ilə yanaşı, Azərbaycan üçün olduqca diqqətlə izlənəcək marağa səbəb olub.