PDF Oxu

Araşdırma

  • 12

Dövlət Neft Şirkəti antiböhran proqramı hazırlayıb

Dövlət Neft Şirkəti antiböhran proqramı hazırlayıb
Dövlət Neft Şirkəti dünya maliyyə böhranının neft sektoruna təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirmək niyyətindədir. DNŞ bu məqsədlə şirkətin bütün istehsal və xidmət sahələrində xərclərə nəzarətin artırılması, bir sıra sahələrdə məsrəflərin azaldılması və ümümilikdə, neft-qaz bölməsi sistemində idarəetmə ilə bağlı lazımsız xərclərin aradan qaldırılması və digər tədbirləri həyata keçirməyi planlaşdırır. DNŞ-də keçirilən müşavirədə bununla bağlı şirkətin prezidenti Rövnəq Abdullayev bəyan edib.
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, ARDNŞ rəhbərliyinin qərarına əsasən, 26 fevral 2009-cu il tarixli əmrlə Antiböhran Proqramı təsdiq edilib. Bu sənədin icrası üçün idarə və müəssisələrə tapşırıqlar verilib, onlara bu istiqamətdə müvafiq işləri həyata keçirmək tövsiyə olunub. R.Abdullayevin qənaətinə görə, bu tədbirlər neft sənayesinə mənfi təsirlərin qarşısını almış olacaq. Dünyada neftin ucuzlaşması ilə əlaqədar yarana biləcək problemləri aradan qaldırmaq üçün Antiböhran Proqramının mühüm əhəmiyyəti ola bilər.
DNŞ prezidenti Rövnəq Abdullayev ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində Azərbaycanın dünya iqtisadi böhranının az təsir etdiyi dövlətlər sırasında olduğunu vurğulayıb. Onun fikrincə, buna baxmayaraq, qloballaşma, azad bazar iqtisadiyyatı, sıx beynəlxalq iqtisadi münasibətlər şəraitində Dövlət Neft Şirkətinin də mümkün neqativ hallarla üzləşə bilmək ehtimalları var. R. Abdullayev bildirib ki, dünya bazarında neftin qiymətinin üç dəfədən artıq aşağı düşməsi şirkətin büdcəsinin gəlirlər hissəsində müvafiq azalma ilə müşayiət olunur. O, DNŞ-nin yarana biləcək əlverişsiz şəraitə hazırlığını yüksəltmək, ümumdünya maliyyə və iqtisadi böhranla əlaqədar idarəetmə sistemini daha da təkmilləşdirmək, şirkətin normal fəaliyyətini təhlükə altına ala biləcək tendensiyalara qarşı tədbirlərin səmərəliliyini artırmaq baxımından bu sənədin mükəmməl proqram ola biləcəyini vurğulayıb.
Rövnəq Abdullayevin fikrincə, Antiböhran Proqramının həyata keçirilməsi üçün DNŞ bir sıra işləri yerinə yetirməlidir. Belə ki, şirkətin tərkibində fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinə böhranın yarada biləcəyi mümkün neqativ hallardan qorunmaq üçün müvafiq tapşırıqları həyata keçirməlidir. Mövcud şəraitdə DNŞ-nin əsas fəaliyyət sahələri üzrə məsrəflərin və xüsusilə, qeyri-istehsal sahələrinə ayrılan xərclərin maksimum azaldılması, idarəetmənin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması istiqamətində struktur dəyişikliklərinin aparılması, debitor və kreditor borcların restrukturizasiyası, personalın say tərkibinin müəssisə və təşkilatların zəruri tələbatına uyğunlaşdırılması, vakant ştatların müəssisə və təşkilatlardakı sərbəstləşmiş işçilər hesabına təmin edilməsi kimi tədbirlər vacib məsələlər sırasındadır. DNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də Antiböhran Proqramının həyata keçirilməsinin vacib olduğunu xatırladıb. Onun fikrincə, DNŞ-nin istehsal sahələrində, müvafiq strukturlarında, idarə və müəssisələrində böhranla mübarizə istiqamətində bir sıra addımlar atılmalıdır.

Digər xəbərlər