Regionların sosial-iqtisadi inkişafı prosesi daha da sürətlənəcək
Son illər ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasətin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Bu proses bu gün də davam etməkdədir. Məhz bütün bunların nəticəsidir ki, respublikamız regionun lider ölkəsinə çevrilib. Təbii ki, ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir". İqtisadiyyatı güclü olan Azərbaycanda regionlar sürətlə inkişaf edir. Eyni zamanda, "Regionların sosial-iqtisadi davamlı inkişafı Dövlət Proqramı" (2009-2013-cü illər) artıq təsdiq edilməsi bir daha onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Bu fikirləri iqtisadçı-ekspertlər də təsdiqlədilər.
- Tam əminliklə bildirmək istərdim ki, bu gün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilən işlərin daha da sürətlənməsi ilə yanaşı, bölgələrimizin siması və əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşıb. Bu proqram çərçivəsində bölgələrdə istifadəyə verilən istehsal müəssisələrindən əlavə, ölkənin bütün şəhər və kəndlərində abadlıq-yenidənqurma işləri görülüb, mədəni-ictimai obyektlər istifadəyə verilib, gənclərin fiziki sağlamlığı məqsədilə 10-dan artıq idman olimpiya kompleksləri tikilibdir.
Ölkə başçısının fəaliyyətində nəzərə çarpan və böyük uğurlar əldə edilən sahələrdən biri, məhz regionların iqtisadi inkişaf məsələsidir. Məlum olduğu kimi, Prezident İlham Əliyev cənablarının regionlarda çoxsaylı görüşlər keçirməsi, onlar qarşısında ümumdövlət və regional məsələlər barəsində öz fikirlərini bölüşdürməsi xalq tərəfindən uğurla qarşılanır. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, dövlət başçısında regionlar və onların problemləri barəsində çoxlu məlumatlar var. Ölkə səlahiyyətinin icrasına başlayan kimi ilk qarşıya qoyulan məqsəd regionların sosial-iqtisadi inkişaf məsələsi oldu.
Qeyd etmək lazımdır ki, əldə olunan uğurlar onu deməyə əsas verir ki, bu gün heç bir region diqqətdən kənarda qalmayıb. Hər birinin inkişafı paytaxt səviyyəsinə çatdırılıb. Bir maraqlı cəhət var ki, bu gün müxalifət Prezidentin regionların inkişafı siyasətində hər hansı mövqeyini tənqid edə bilmir. Çünki görülən işlər göz qabağındadır. Son illər ərzində 700 mindən çox iş yeri yaradılıb, eyni zamanda, 2009-cu ildə 100-150 min iş yerinin açılması nəzərdə tutulub. Ölkə başçısı regionun özünün təsərrüfatını iqlim şəraitinə, insan resurslarına uyğun müəssisələrin yaradılmasına xüsusi diqqət yetirir. Yaradılan müəssisələrin mütləq əksəriyyəti özəl sektordur. Sahibkarların fəaliyyətinə ciddi fikir verilir. Artıq regionlardan paytaxta deyil, paytaxtdan regionlara mütəxəssilərin axını başlayıb. Bu, eyni zamanda, qarşısı alınmayan prosesdir, həmçinin, 5 illiyə deyil, daha uzun müddətə davam etməsi nəzərdə tutulan proqramdır. Uzun illər bundan sonra da Azərbaycan dövlətçiliyinin inkişafı, onun regionlarının sosial inkişafından keçəcək.
- Bu gün qloballaşan dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar gələcəyə hədəflənən, düşünülmüş strategiyaya malikdir. Bu baxımdan, tam əminliklə demək olar ki, Azərbaycan məhz belə dövlətlərdəndir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Xüsusilə, ölkənin sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. İqtisadi inkişafın artım sürətinə görə Azərbaycan dünyada lider dövlətlər sırasındadır. Ölkədə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə nail olan Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş iqtisadi strategiya, respublikamızın dünya dövlətləri içərisində özünəməxsus inkişaf yoluna görə fərqlənməsinə zəmin yaradıb. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə qarşılıqlı əlaqələndirilməsi Azərbaycanın regionunun və Avrasiya məkanını ən etibarlı, dinamik inkişaf edən ölkə kimi nüfuzunun güclənməsinə dərin baza yaradıb.
Ölkə iqtisadiyyatında son illər əldə olunan inkişaf bir daha onu sübut edir ki, Azərbaycan güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sahəsində, həqiqətən də, lider dövlətdir. Təsadüfi deyil ki, bu gün sənaye istehsalının artım tempi ilə ümumi daxili məhsulun dinamikası eyni səviyyədədir. Məsələn, ötən il ÜDM 27 faiz, sənaye isə 24 faizlik artımla başa çatıb, bu isə həmin sahənin iqtisadiyyatda lokomotiv rolu oynadığını təsdiqləyir. Bu gün milli məhsulun 20 mlrd man-dan çox hissəsi də məhz sənaye məhsulundan ibarətdir. Azərbaycan sənayenin inkişaf tempinə görə son 2 ildə MDB dövlətləri içərisində ilk yerlərdə dayanır.
2009-2013-cü illəri əhatə edən, yəni, bu ildən icrasına start verilən Dövlət Proqramı məhz bu istiqamətdə hökumətin, ölkə rəhbərliyinin yürütdüyü siyasətlə bağlıdır. Birinci istiqamət iqtisadi istiqamətdir ki, hökumət idxalda kənd təsərrüfatı məhsullarının çeşidinin azaldılmasının tərəfindədir. İkinci istiqamət, ərzaq problemini həll etmək məsələsidir. Hətta bununla bağlı Prezident İlham Əliyevin sərəncamı da var. Bütün bunlar qeyd olunan Dövlət Proqramının təməlini təşkil edir.
Eləcə də, 2009-cu il yanvarın 1-dən fermerlər yenidən vergilərdən azad olundular. Yəni, bununla bağlı Prezident sərəncam imzalayıb. Bütün bunlar ölkəmizdə, həm yeni iş yerlərinin açılmasına, həm də ərzaq təminatı ilə bağlıdır. Hazırda ölkəmizdə ərzaq təminatı 47 faizdir. Lakin ötən illərdə bu, 30-35 faiz olmuşdur. Yəni, bir Dövlət Proqramı qəbul edilməklə, Azərbaycan qısa müddət ərzidə ərzaq təminatını xeyli yaxşılaşdırıb. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün bizim xeyli maliyyə vəsaitimiz var. Dövlət də bu proqramı qəbul etməklə qeyri-neft sektorunu, regionları daha da inkişaf etdirmək istəyir.
Azərbaycan iqtisadiyyatının belə bir güclü səviyyədə inkişafı onu deməyə əsas verir ki, dünya iqtisadiyyatına ciddi zərbə vuran beynəlxalq böhran ölkəmizdə regionların sosial-iqtisadi inkişafına təsir göstərməyib. Həm də Azərbaycan bu böhrandan xeyli uzaqdır. Eləcə də, ölkəmizə yatırılan sərmayələr də azalmayıb. Düşünmürəm ki, "Regionların sosial-iqtisadi davamlı inkişafı Dövlət Proqramı"nın (2009-2013-cü illər) icrasına dünya maliyyə böhranı təsir göstərsin. Hesab edirəm ki, adıçəkilən proqramın icrası uğurla həyata keçiriləcək.