AXC-Müsavat cütlüyünün səriştəsizliyi Kəlbəcərin işğalına səbəb oldu
1988-ci ildən başlayaraq ölkədə gedən qeyri-anormal proseslər, daxili ziddiyyətlər qondarma Dağlıq Qarabağ probleminin ortaya çıxmasına səbəb oldu. Nəticədə bir çox rayonlarımız düşmən işğalına məruz qaldı. Xüsusilə də, AXC-Müsavat cütlüyü iqtidarının səriştəsizliyi Kəlbəcərin itirilməsinə səbəb oldu. AXC-Müsavat iqtidarı adi həqiqəti dərk edə bilmirdi ki, bu zona Azərbaycanın ən strateji bölgəsidir.
Düz 16 il bundan öncə Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonu aprelin 1-dən 2-nə keçən gecə ermənilər tərəfindən işğal olundu. 52000 kəlbəcərli öz yurdlarını tərk etdi. İşğal nəticəsində 55 hərbçi və yüzlərlə mülki şəxs şəhid oldu, 321 nəfər əsir və girov götürüldü, 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçdi, bu ərazilərdə olan 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana dağıdıldı, 52 min soydaşımız məcburi köçkün düşdü. Hazırda Kəlbəcər rayonunun 2,185 kv km ərazisi hələ də Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. Kəlbəcərin işğalı nəticəsində Azərbaycan büdcəsinə 703,5 mlrd man ziyan dəyib.
İşğaldan sonra Kəlbəcərin zəngin qızıl yataqlarının vəhşicəsinə istismarı nəticəsində, hər il təxminən 5 t Azərbaycan qızılı ermənilərin əlinə keçir. Geoloqların məlumatlarına görə, ermənilər Azərbaycanın zəngin qızıl yataqlarını xarici banklara girov qoyaraq külli miqdarda vəsait əldə etməyə çalışırlar. Ekspertlərin hesablamalarına görə, hazırda Kəlbəcərdə istismara hazır 150 t qızıl ehtiyatı var. Proqnoz ehtiyatlar isə 350 t həndəvərində dəyişir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kəlbəcərdəki qızıl ehtiyatlarının sürətlə azaldığını təsdiq edirlər. Bu işdə ermənilərlə bir çox xarici şirkətlərin əməkdaşlığı isə davam edir.
Onu da qeyd edək ki, işğalçı dövlət hələ 1923-cü ildən - Dağlıq Qarabağ Muxtar Vilayəti yaranandan bəri Kəlbəcərə göz dikmişdilər. Bu bölgənin qeyri-adi gözəlliyi, nadir təbiəti, əlverişli coğrafi mövqeyi, saysız-hesabsız mineral mənbələri, yeraltı və yerüstü sərvətləri daim ermənilərin diqqətini cəlb etmiş, zaman-zaman Kəlbəcərin Ermənistana birləşdirilməsi üçün məkrli, əsil ermənisayağı mübarizə aparıblar.
Yalnız 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ermənilərin bu məkrli planları alt-üst edildi. Ulu öndər Heydər Əliyevperspektivsiz bir region kimi qələmə verilən Kəlbəcərin hərtərəfli möhkəmlənməsinə, ulu öndər onun iqtisadi qüdrətinin artırılmasına xüsusi qayğı göstərdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və respublika Nazirlər Soveti tərəfindən 1970 - 1980-ci illər ərzində Kəlbəcərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı iki dəfə birgə qərar qəbul edildi.
Təəssüflər olsun ki, 1988 - 1993-cü illərdə ölkəyə rəhbərlik edənlər tamam başqa cür düşünürdülər. Onlar üçün torpaq, vətən anlayışları yad idi. Hətta elə qüvvələr var idi ki, sanki Kəlbəcərin ermənilərin əlinə keçməsinə maraqlı idilər. Belə olmasaydı, 1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən, erməniləri daim qorxu və vahimə içində saxlayan Kəlbəcər, son anda tamamilə tərksilah edilərək əhalisi əliyalın qoyulmazdı. Bu, az imiş kimi, rəsmi silahlı hissələr də sərhəd zonalarından çıxarıldı.
Respublika Ali Məhkəməsi hərbi kollegiyasının 22 sentyabr 1995-ci il tarixli iclasında göstərildiyi kimi, Kəlbəcərin müdafiəsi barədə qərar vaxtında qəbul edilməmiş, buradakı hərbi hissəyə müdafiə üçün tapşırıq verilməmiş və ona lazımi kömək göstərilməmişdir. Nə qədər qəribə olsa da, 1993-cü ilin fevralından erməni silahlı birləşmələri Ağdərə rayonunun azad edilmiş kəndlərini bir-bir yenidən tutmaqla Kəlbəcərin mühasirə halqasını getdikcə daraltsa da, respublika Müdafiə Nazirliyi yalnız martın 15-də rayonumuzun ətrafında aparılan uğursuz əməliyyatların qarşısını almaq və müdafiəni möhkəmlətmək barədə əmr verdi. Ən acınacaqlısı isə budur ki, o zamankı hakimiyyətin bütün qərar və göstərişləri kimi bu əmr də icrasız qalmışdı.
Beləliklə, AXC-Müsavat cütlüyü öz xalqı qarşısında daha bir tarixi cinayətə imza ataraq, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalına imkan verdi. Kəlbəcərin işğalı Azərbaycana böyük fəlakətlər gətirdi. Hərbi üstünlüyün ermənilərin tərəfinə keçməsinə və bununla da Ağdamın, Zəngilanın, Qubadlının, Cəbrayılın və Füzulinin işğalına şərait yaratdı.
Beş il düşmən qarşısında əliyalın olsa da, mərdliklə dayanan, bir qarış torpağını belə ona verməyən, yurdunun canlı sipərinə çevrilən igid kəlbəcərlilər və Azərbaycanın qala qapısı olan Kəlbəcər daxili çəkişmələrin, xəyanətlərin qurbanına çevrildi. Məğrur dağlar diyarı beş gün ərzində boşaldılaraq düşmənə təslim edildi. Əlbəttə, bu, olmaya da bilərdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Kəlbəcəri müdafiə etmək mümkün idi. Əgər vaxtilə bunu edə bilməmişiksə, bu, xalqın, millətin günahı deyildir, xalqa xəyanət edənlərin günahıdır".
Onu da qeyd edək ki, işğalın səbəbləri ilə bağlı çoxlu fikirlər deyilir. Lakin onun əsil mahiyyətini, Azərbaycan aləmində Kəlbəcərin yerini və mövqeyini dəqiqliklə ulu öndər Heydər Əliyev göstərmişdir. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə ulu öndər demişdir: "...Doğrudan da, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək, sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum etmiş, Kəlbəcər isə 1993-cü ilin mart ayının sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. (Bir tərəfdən, doğrudan da, coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə.) Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, qarşıya qoyulan çox ciddi vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".
Ümummilli liderimizin bu dəyərli təhlili Kəlbəcərin işğalının Azərbaycan üçün hansı fəlakətlər gətirdiyinin sərrast qiymətidir. Bu gün Kəlbəcərin 63 min nəfərlik əhalisi respublikamızın 56 rayonunun 707 yaşayış məntəqəsində məskunlaşmışdır. İnsanlar ağır məcburi köçkünlük ömrünün məşəqqətlərinə dözə-dözə sabaha inamla, öz doğma yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayırlar. Ulu öndər Heydər Əliyev tərəfindən qaynaqlanan məcburi köçkünlərə qayğı proqramı bu gün onun siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin 1 iyul 2004-cü il tarixli 298 saylı sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar Kəlbəcər rayonunda xeyli işlər görülüb. Neçə-neçə məcburi köçkün ailəsi abad qəsəbələrdə yeni mənzillərə köçürülüb, Gəncə şəhərində, Yevlax, Samux, Xanlar, Goranboy, Bərdə rayonlarında və digər yerlərdə məcburi köçkünlərin yaşadıqları binaların dam örtükləri, qapı-pəncərələri, döşəmələri təmir edilib, işıq, su, qaz probleminin həlli üçün müəyyən işlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın iradəsini ifadə edərək demişdir: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik. Hüquqi cəhətdən haqq-ədalət bizim tərəfimizdədir, çünki Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib və orada göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Ermənistan buna əməl etmir. Yəni, hüquqi əsaslar tam imkan verir ki, Azərbaycan öz dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa etsin".
Həmişə olduğu kimi, bu gün də kəlbəcərlilər ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir, ona möhkəm inanırlar. Bildirirlər ki, ölkə başçısının müdrik siyasəti sayəsində baş verən proseslər tezliklə torpaqlarımızın işğaldan azad olacağına ümid yaradır. Əgər düşmən sülhə gəlməsə, hər bir kəlbəcərli döyüşə tam hazırdır və o, Ali Baş Komandanın əmrini gözləyir.