Azərbaycan elminə dövlətin diqqət və qayğısı böyükdür
Müdriklər elm və insanı üz-üzə dayanaraq bir-birlərini əbədi əks etdirən parlaq güzgüyə bənzədirlər. Bu prizmadan yanaşsaq, hər bir alimin araşdırmaları, tədqiqatları, kitabları da bir aynadır və həmin aynada elm adamının intellekti, xarakteri və istedadı çox aydın əks olunur. Millət vəkili, professor Nizami Xudiyevin Azərbaycan elmini, çoxşaxəli fəaliyyətini əks etdirən ayna isə çox parlaq və şəffafdır. Bu mənada ölkə başçısı İlham Əliyevin daima ölkə ziyalılarına, elmə, mədəniyyətə verdiyi layiqli qiymət məhz bu təbəqədən olan insanlar tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tərəfindən görkəmli filoloq, tanınmış alim, professor N.Xudiyevin dövlətin ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif etməsi Azərbaycan elminə növbəti diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir. Milli Məclisin üzvü, profesor N.Xudiyev "Səs" qəzetinə verdiyi səmimi və geniş açıqlamasında dövlətin və onun Prezidenti İlham Əliyev cənablarının elm xadimlərinə göstərdiyi yüksək diqqət və qayğının qarşılığında daha məsuliyyətli, yeni-yeni yaradıcılıq işlərinə daha həvəslə yanaşmaya səbəb olduğunu bildirdi.
Qeyd edək ki, Nizami Mənaf oğlu Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olan Nizami Xudiyev, "Nizami Gəncəvi" adına fərdi təqaüdlə oxumuş, universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra, Elmi Şuranın qərarına əsasən "Azərbaycan dilçiliyi" kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir.
1972-1973-cü illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olan N.Xudiyev 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi, professor elmi adı almışdır. N.Xudiyev 1979-1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-1994-cü illərdə birinci prorektor, 1994-1996-cı illərdə universitetin rektoru vəzifəsində çalışmışdır. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin, 2005-2006-cı illərdə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuşdur. 1995-2000 və 2000-2005-ci illərdə 2 saylı Şərur-Babək seçki dairəsindən, 2005-ci ildə isə 56 saylı Xaçmaz kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir.
Milli Məclisdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsi zamanı tutarlı təklif və mülahizələri, işgüzar çıxışları, fəal mövqeyi ilə həmişə seçilən N.Xudiyev dövlət, hökumət və parlament nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə respublikamızı ləyaqətlə təmsil edib. Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də N.Xudiyev elmi fəaliyyətini davam etdirmiş, ədəbi dil sahəsində sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib. O, 50-dən artıq monoqrafiya, dərslik və dərs vəsaitinin, 40-dan artıq sənədli televiziya filminin ssenari müəllifidir. Bütün bunlarla yanaşı N.Xudiyev orta məktəblər üçün "Azərbaycan dili", "Oxu", ixtisaslaşdırılmış məktəblər üçün "Azərbaycan dili" və "Ana dili" dərsliklərinin müəllifi olub. Elmi-kütləvi nəşrlərdə, informasiya vasitələrində, müxtəlif jurnallarda 300-dən artıq elmi məqaləsi dərc edilən N.Xudiyev gərgin elmi araşdırmalarının məhsulu olan "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Tərcümə ədəbiyyatı və ədəbi dilimiz", "Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan ədəbi dilinin sovet dövrü", "Heydər Əliyev və Azərbaycan dili", "Xalq və dövlət naminə", "Yazıçı dili və üslubu", "Radio, televiziya və ədəbi dil", "Xalq tarixi haqqı: dilimiz, varlığımız", "Zamanın axarı ilə" və digər fundamental əsərləri Azərbaycan elminin sanballı və əvəzolunmaz töhfəsidir. Onun bir sıra kitab və məqalələri xarici ölkələrdə (İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s. nəşr edilib. N.Xudiyev türkoloq alim kimi respublikamızda və dünyanın bir çox ölkələrində, o cümlədən, Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan, Alma-Ata, Ankara, İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən nüfuzlu türkoloji tədbirlərin - qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olmuş, bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış etmişdir. N.Xudiyev eyni zamanda, Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti nəzdində alimlik dərəcəsi almaq üçün filologiya sahəsində dissertasiyaların müdafiəsini keçirən Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının birləşmiş ixtisaslaşmış şurasının, Azərbaycan Ziyalılar Cəmiyyəti İdarə Heyətinin, Jurnalistlər və Yazıçılar Birliyinin üzvüdür.
N.Xudiyevin elmi-pedaqoji fəaliyyəti bir sıra yüksək mükafatlara layiq görülmüş sovetlər ölkəsi dövründə fəxri fərman, "Araz", "Nailiyyət", Akademik Yusif Məmmədəliyev adına medal və mükafat, "İnam", "Vətən", "Qızıl qələm", "Abdulla Şaiq", "Həsən bəy Zərdabi", Azərbaycan Respublikası "Vektor" Beynəlxalq Elm Mərkəzinin "İlin ziyalısı" beynəlxalq diplomu və s. ilə təltif olunub. N.Xudiyev beynəlxalq elmi ictimaiyyət arasında da yüksək nüfuza malikdir. O, Lütfi Zadə adına Amerika Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. İngiltərənin Kembric Beynəlxalq Bioqrafıya İnstitutu Azərbaycan alimini yüksək elmi nailiyyətlərinə və rəhbərlik qabiliyyətinə görə XX və XXI əsrlərin tanınmış 2 min ziyalısı arasından seçərək 2001-ci il üçün "İlin beynəlxalq ziyalısı" elan etmiş və onu "Qızıl medal"a layiq görmüşdür. Eyni zamanda, Kembric Beynəlxalq Bioqrafiya İnstitutu professor N.Xudiyevi 2002-ci ildə "XXI əsrin intellektualı" seçərək onu xüsusi medal və diplomla təltif etmişdir. Onun adı " XXI əsrin ən görkəmli ziyalıları" kitabına daxil edilib.
N.Xudiyev ölkəmizin ən nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. O, böyük bir məktəb - Heydər Əliyev məktəbi keçmiş və bu məktəbə sadiq qaldığını dəfələrlə sözdə deyil, əməli işdə təsdiq etmişdir. Ailəsində 3 övlad böyütdüyünü və onlardan çox razı olduğunu bildirən N.Xudiyev orta məktəb illərinin unudulmaz olduğunu yalnız əla qiymətlərlə oxuyub, müəllimlərin sevimlisi kimi yadda qaldığını söyləyib. Görkəmli alimin valideynləri ilə bağlı xatirələri olduqca maraqlıdır. Onun atasına həsr etdiyi və bu günlərdə işıq üzü görmüş "Mənalı ömür yolu" kitabının səhifələrində, hər şeydən əvvəl, bir övlad kimi onu bu dünyaya bəxş edən, onun bioloji varlıqdan şəxsiyyətə ucalmaq yoluna işıq salan valideynləri haqqında ən əziz xatirələrini böyük səmimiyyətlə oxucularla bölüşür: "...Sadə bir ziyalı ailəsində doğulmuşam: atam müəllim olub, anam isə ailəsinə, ocağına möhkəm tellərlə bağlı olan, ailə-ər-uşaq qayğısı çəkən əsil Şərq qadını. Gözümü açanda başamın üstə əziz valideynlərimi görmüşəm. İlk duyduğum nəfəs də, ilk eşitdiyim səs də onlarınkı olub. Anamın ruhumu oxşayan nazlı laylaları, atamın xoş, nəvazişli pıçıltıları indi də yaddaşımdadır. Və bunlar səs yaddaşımın ən əziz, ən məhrəm səsləridir. Atamın öyüdləri yadımda, anamın əlinin istisi indi də mənimlədir. Onların üz cizgiləri, çöhrələrindəki riyasız məsumluq, təmizlik indi də gözümün önündədir... Tanrıya şükranlıq edirəm ki, atalı dünyamın bol-bol işığını, sevincini görmüşəm. Atamın gözlərindəki aydınlıq, sönməyən işıq ömrüm boyu mənə arxa, kömək, dayaq olub. O işıq əllərimdən tutub, yerimək öyrədib, beynimi, düşüncələrimi nura qərq edib, fikrimi formalaşdırıb. Atam həyatda ilk bələdçim, ilk məsləhətçim, ilk yolgöstərənim olub. O, mənə həyatı sevdirib, zəhmətə alışdırıb, xeyirxahlıq öyrədib. Hər şeyə görə atamın gözlərində gördüyüm o parlaq işığa borcluyam"-deyən N.Xudiyevin tələbəlik illəri ilə bağlı xatirələri də zəngindir. Alim öz tələbəlik illərini "mənim əziz illlərim" adlandırır. N.Xudiyev uzun illər Şahbuz rayon partiya komitəsinin birinci katibi, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, ali sovetin rəyasət heyətinin sədr müavini, Naxçıvan vilayət komitəsinin orqanı olan "Şərq qapısı" qəzetinin baş redaktoru və s. məsul vəzifələrdə işləmiş, iki çağırışla Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş, atası Mənaf Xudiyevin məsləhəti ilə elm yolunu seçmişdir. Prof. N.Xudiyev ictimai-pedaqoji fəaliyyətlə yanaşı, həm də daim türkdilli respublikalarda səfərlərdə olur, maraqlı elmi araşdırmaları ilə qəzet və jurnallarda mütəmadi çıxışlar edirdi. O vaxt üçün bir növ cəsarət timsalı sayılan bir sıra ümumtürk mətnlərinin, daş yazılı abidələrin, ortaq ədəbi mənbələr haqqında geniş auditoriyalarda, mətbuatda çıxışlar edib.
Gərgin elmi araşdırmaların məhsulu olan "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Tərcümə ədəbiyyatı və ədəbi dilimiz", "Azərbaycan ədəbi dilinin tarixi", "Azərbaycan ədəbi dilinin sovet dövrü", "Heydər Əliyev və Azərbaycan dili", "Yazıçı dili və üslubu", "Radio, televiziya və ədəbi dil", "Xalqın tarixi haqqı: dilimiz, varlığımız", "Xalq və dövlət naminə", "Zamanın axarı ilə" və digər fundamental əsərləri N.Xudiyevin Azərbaycan dilçilik elminə sanballı töhfəsidir və müəllifinə, sözün həqiqi mənasında, böyük şöhrət gətirib. "Heydər Əliyev və Azərbaycan dili" kitabında isə professor N.Xudiyev həm ədəbi dilimizin, həm də öz parlaq nitqi ilə ayrı-ayrı üslubların valehedici vəhdətini göstərən və sözün həqiqi mənasında, dövrümüzün ictimai-siyasi natiqlik məktəbi sayılan Heydər Əliyevin mükəmməl natiq obrazını ustalıqla, təbii və canlı boyalarla yaratmışdır.
Bu əsər bir tərəfdən N.Xudiyevin daim Azərbaycan dilinin qayğısını, təəssübünü çəkən ulu öndər Heydər Əliyev kimi fədakar və nəhəng bir şəxsiyyətə alim vətəndaş ehtiramıdırsa, digər tərəfdən elmi məzmununa, aktuallığına, predmetinə orijinal yanaşma tərzinə görə təkcə dilçiliyimizdə yox, bütövlükdə ədəbiyyatımızda mühüm bir hadisədir. Professor N.Xudiyevin siyasət nəhəngi olan ulu öndər Heydər Əliyevin natiqliyi barədə yazmasının iki səbəbi var. Əvvəla, ümummilli lider Heydər Əliyevin siyasi məsləkdaşı kimi onunla daim təmasda olub, Bu Böyük Şəxsiyyətin alovlu, məntiqli çıxışlarını ardıcıl izləyib və Onun natiqlik təcrübəsini ümumiləşdirib yaymaq ehtiyacı, müəllifi bu vacib işə sövq edib. Digər tərəfdən, dil tarixi ilə məşğul olanlar ayrı-ayrı dövrlərdə yaşamış görkəmli şəxsiyyətlərin dilin inkişafındakı xidmətlərini daha dəqiq və düzgün qiymətləndirə bilirlər. Bu mənada, professor N.Xudiyevin məhz ulu öndər Heydər Əliyev dilinə müraciət etməsi çox qanunauyğun bir haldır. Kitabda, həmçinin, Heydər Əliyevin gənc nəslin ana dilini düzgün, hərtərəfli, elmi əsaslar zəminində mənimsəməsi ilə bağlı dəyərli məsləhətlərinə, o cümlədən, ana dilinin hər bir şəxsin mənəvi inkişafında, sosial-pisixoloji cəhətdən formalaşmasında, mükəmməl insan-şəxsiyyət kimi yetişməsində rolu məsələlərinə xüsusi diqqət yetirilir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dili haqqında fikirləri, mütahi-zəhri, qeydləri, Onun dil siyasəti, dil quruculuğu sahəsində gördüyü işlər, hər bir azərbaycanlıya ana dilini qorumaq, işlətmək və yaymaq haqqında tövsiyələri ümumiləşdirilir. Bu cür əsərlər isə məhz ana dilinə, öz xalqına, onun müdrik rəhbərinə sonsuz məhəbbət bəsləməyin nəticəsində yarana bilər. Prof. N.Xudiyevin "Sabaha inamla" kitabı isə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən, artıq bütün dünyada ciddi simalı dövlət başçısı, siyasi lider kimi qəbul olunan, Azərbaycanın tərəqqisi, yüksəlişi, dünyaya inteqrasiyası yolunda böyük işlər görən Prezident İlham Əliyevə həsr olunub.
Zəngin müşahidə qabiliyyətinə, həssas qəlbə, analitik təfəkkür malik olan prof. N.Xudiyev həm də gözəl publisistdir. Ana dilimizin incəliklərinə dərindən bələd olması bu sahədə özünü daha qabarıq göstərir. Bu mənada, onun portret oçerkləri daha çox yadda qalır. Alimin ulu öndər Heydər Əliyev haqqında "Heydər Əliyev fenomeni", "Dərin zəka və yaddaş sahibi" adlı oçekləri xalqımızın bənzərsiz övladı haqqında ən dəyərli publisistik yazılardan hesab olunur.
Alimin boş vaxtı olmaz deyən N.Xudiyev Milli Məclisin iclasları, alim kimi oxuduğu mühazirələr, tədqiqat işləri, araşdırmaları ondan gərgin iş rejimi və vaxta qənaət etməyin tələb etdiyini bildirdi. Boş vaxtı olduqda bədii ədəbiyyat oxuduğunu və təbiətin qoynunda olmağı çox sevdiyini, ən başlıcası isə anası ilə söhbətləşməkdən, bir də nəvələri ilə əylənməkdən zövq aldığını bildirən N.Xudiyev xalq musiqimizin, muğamlarımızım vurğunu olduğunu, hərdən klassik musiqini də dinlədiyini söyləyib. Əlinə bir balaca fürsət düşəndə tez-tez dədə-baba yurduna - Şahbuza getdiyini atasının ildönümlərində ailəliklə Naxçıvanda olduqlarını ata-baba yurdunu, müqəddəs yerləri bir daha ziyarət etdiyini bildirən professor, uşaqlığını Şahbuzda keçdiyini hər dəfə doğma el-oba ilə görüşəndə sanki yenidən doğulduğunu vurğulayıb.
Diqqəti cəlb edən elm adamlarından, bacarıqlı şəxsiyyətlərdən biri olan tanınmış türkoloq, dilçi-alim, professor Nizami Xudiyev hər gün öz uğurlarının sırasını artırır. Yeni-yeni tədqiqatları ilə elmimizə töhfələr verir, yeni-yeni kitabları ilə təhsilimizi geniş-ləndirir. Alim öz həyat kredosuna, amallarına hər zaman sadiqdir. O, aşıb-daşan, tükənmək bilməyən enerji ilə yenə də elmi araşdırmalarını davam etdirir, istirahətindən, dincliyindən kəsib öz işini məsuliyyətlə yerinə yetirir. Atası Mənaf müəllimin məsləhəti, tövsiyəsi isə həmişə qulaqlarındadır: "Elm elə bir sərvətdir ki, biçildikcə daha bol məhsul verər". Alimin uğurlarının bir səbəbi isə seçdiyi yola inamıdır. Bu inamı ona verən isə zəhmətkeşliyi, əməksevərliyi, məsuliyyətidir.
İnanırıq ki, yüksək intellekti və təşkilatçılıq bacarığı, iti ağlı, işıqlı zəkası, dərin düşüncəsi, gözəl nitq mədəniyyəti, alovlu vətənpərvərliyi ilə cəmiyyətdə böyük nüfuz qazanan, Azərbaycan dilçilik elminə, türkologiyaya, təhsilimizə zaman keçsə də öz dəyərini itirməyəcək sanballı töhfələr verən prof N.Xudiyevin daha parlaq işləri hələ qabaqdadır.