Xalq tərəqqiyyə, inkişafa səs verdi
Artıq Azərbaycan Konstitusiyasına olunan əlavələr və dəyişikliklərlə bağlı keçirilmiş referendum baş tutdu. Səsvermə azad, şəffaf və demokratik keçdi. Bu fikir referenduma hazırlıq və onun keçirilməsi üzrə MDB-dən olan müşahidə missiyasının dünən "Həyat Reycens" otelenin Quba zalında keçirilən mətbuat konfransında səsləndi.
Missiyasının rəhbəri Toktasın Buzubaev bildirdi ki, müşahidə missiyasına MDB Parlament Assambleyasından, Rusiya-Belorus İttifaqından 53 nümayəndə olub. Apardıqları müşahidələr və keçirdikləri görüşlərin nəticələrindən danışan missiya rəhbəri onu da vurğuladı ki, ümumxalq səsverməsində iştirak edən beynəlxalq müşahidəçilərə hər cür şərait yaradılmışdır: "Qənaətimiz budur ki, referendumdan əvvəl vətəndaşlar arasında aparılan maarifləndirmə işləri düzgün təşkil edilmişdir. Referendum Azərbaycan qanunlarına, Mərkəzi Seçki Komissiyasının tələblərinə və beynəlxalq standartlara uyğun keçirildi".
Digər müşahidəçi, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini Svetlana Orlova isə referendumla bağlı müşahidələrə hələ 1 ay əvvəldən başlandığını dedi. Bildirdi ki, MDB PA-nın Demokratiyanın İnkişafı, Parlamentarizm və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunması üzrə Beynəlxalq Monitorinq İnstitutunun Bakı filialı martın 18-də keçiriləcək referendumla əlaqədar 14 istiqamətdə monitorinqlər keçirildi, regionlarda seçki məntəqələrində prosesə hazırlıq işləri ilə yaxından tanış oldular. MSK tərəfindən həyata keçirilən təşkilatı işlərdən razı qaldıqlarını bildirən S. Orlovanın sözlərinə görə, ümumilikdə referendum beynəlxalq standartlara cavab verir.
S.Orlova onu da qeyd etdi ki, uşaqlarla məsələyə daha çox yer verilib: "Diqqətimi çəkən məqam Konstitusiyaya edilən əlavələr və dəyişikliklər arasında ana və uşaq hüquqları ilə bağlı məsələdir. Onu da deyim ki, açıq və şəffaf keçirilən referendum gələcəkdə Azərbaycanda seçki ilə bağlı beynəlxalq seminarların təşkilinə şərait yaradır. Mən çox razı qaldım".
Səsvermə ərəfəsində apardıqları müşahidələr zamanı heç bir nöqsan və qanun pozuntusu ilə rastlaşmadıqlarını deyən digər müşahidəçi Anatoli Lokotin bildirdi ki, ən ucqar seçki məntəqələrində də referenduma ciddi hazırlıq işlərin aparılmışdır. O, referendum zamanı səsverənlər tərəfindən olduqca yüksək siyasi fəallıq nümayiş etdirildiyini xüsusi vurğuladı.
Rusiya-Belorus İttifaqı Məclisinin üzvü Lokat Anatoli bildirdi ki, seçki baş tutdu, xalq öz seçimini edərək bu hakimiyyətə etimadını bir daha nümayiş etdirdi. İqtidar ötən illər ərzində xalqın sosial rifahını yaxşılaşması istiqamətində mühüm işlər gördüyünü və bu münasibətlə Azərbaycan xalqını təbrik etdi.
Rusiya Dövlət Dumasını üzvü Aleksandr Kozlovski, Qırğızıstan MSK-nın üzvü Kanıbay Mamatkerimov ümumilikdə referendumun Azərbaycan qanunvericiliyinə və MSK-nın qaydalarına uyğun keçirildiyini qeyd etdi.