Qırğızıstan parlamentinin üzvləri media nümayəndələri ilə görüşüblər
Çolpon Bayekova: "Məqsədimiz Azərbaycan barədə daha çox məlumat toplayaraq qırğız xalqına çatdırmaqdır"
"Səs" qəzetinin redaksiyasında qırğız parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev iki ölkə arasındakı münasibətlərə toxunaraq bu əlaqələri yüksək dəyərləndirib. O, Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əlaqələrin son vaxtlar xeyli inkişaf etdiyini vurğulayaraq, bu münasibətləri daha da genişləndirmək üçün görüləsi işlərdən danışıb.
Tədbirdə Qırğızıstan parlamenti sədrinin birinci müavini Çolpon Bayekova çıxış edərək son vaxtlar iki ölkə arasında çox gözəl əlaqələrin yarandığını qeyd edib. O bildirib ki, Azərbaycana gəlməkdə məqsəd məhz ölkə barədə daha çox məlumat toplayaraq qırğız xalqına çatdırmaqdır: "Məqsədimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durumu öyrənmək, eyni zamanda, Azərbaycan barədə nəşr olunmuş kitabları toplayaraq onları Qırğızıstanda yaymaqdır".
Qırğızıstan Qadınlara Kömək Mərkəzinin direktoru Rozetta Aytmatova çıxış edərək, dahi qırğız yazıçısı, mərhum Çingiz Aytmatovun ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılmasında önəmli rol oynadığından danışdı. O, diqqətçəkən ədibin ötən il Azərbaycana səfərindən və onun qarşılanmasından xeyli təsirləndiyini bildirib. R.Aytmatova dünya şöhrətli yazıçının əsərlərinin Azərbaycanda da geniş yayılmasını tövsiyə edərək onun yaradıcılığının xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa kömək edəcəyini söyləyib.
Tədbirdə çıxış edən Qırğızıstan parlamentinin digər deputatları da türkdilli xalqların birgə yaşayıb fəaliyyət göstərməsinin vacibliyini bildirərək ölkələrimiz arasında daha sıx münasibətlər yaratmağa çalışacaqlarını vurğulayıblar. Daha sonra Qırğızıstan parlamentinin nümayəndə heyəti jurnalistlərin suallarını cavablandırıb. Görüşdə maraqlı fikir mübadiləsi olub. Həm qonaqlar, həm də media təmsilçiləri görüşün nəticəsindən tam razı qalıblar.