Zakir Həsənov: “Daxili Qoşunlar hazırlığına görə aparıcı Avropa dövlətlərinin müvafiq qurumları ilə eyni səviyyədədir”
"Bu gün Azərbaycan Daxili Qoşunları yüksək nizam-intizama və hazırlığa malik bir qurumdur. Bu da qarşımıza qoyulan bütün tapşırıqları yerinə yetirməyə imkan verir".
Bu barədə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib. Z. Həsənovun sözlərinə görə, həm Azərbaycan prezidenti, həm də xarici ölkələrin yüksək rütbəli ekspertləri Daxili Qoşunların hazırlığını yüksək qiymətləndirir. Daxili Qoşunların hazırlığına görə aparıcı Avropa dövlətlərinin müvafiq qurumları ilə eyni səviyyədə olduğunu deyən Z. Həsənov qoşunların ən müasir silah, texnika və xüsusi vasitələrlə təchiz olunduğunu bildirib. O, Daxili Qoşunların şəxsi heyətinə xidmət üçün müvafiq şərait yaradıldığını deyib: "Dünyada yeni-yeni vəzifələrin meydana çıxması ilə əlaqədar Daxili Qoşunların xidməti döyüş fəaliyyəti təkmilləşdirilir. Bu gün bu proses davam edir. Gələcəkdə də Daxili Qoşunlar ən müasir texnologiyalarla təchiz ediləcək".
Z. Həsənov Daxili Qoşunların nəzdində sülhməramlı taborun formalaşdırılması istiqamətində işlərin davam etdirildiyini də bildirib.