“Bakı prosesi”nin uğurla həyata keçirilməsi işi davam etdirilir
Bolqarıstanın Sofiya şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsi Bürosunun fövqəladə iclası keçirilir.
İclasda Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Rober Palmer, AŞ Mədəniyyət üzrə Rəhbər Komitəsinin sədri D.Danailova və büro üzvləri, Azərbaycan tərəfindən isə Mədəniyyət və Turizm Nazirinin müavini, büro üzvü Sevda Məmmədəliyeva və nazirliyin Beynəlxalq Əlaqələr və Mədəniyyət Proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə iştirak edir.
İclasda 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransının nəticələri, konfransa dair hesabat və qəbul olunan "Mədəniyyətlərarası dialoqa dair Bakı bəyannaməsi"ndən irəli gələn məsələlərin həyata keçirilməsi, "Sənətçilər dialoq naminə" layihəsi, Avropa Şurasının mədəniyyət və mədəni irs sahələrində 2009-cu il üçün fəaliyyət planı, mədəniyyət layihələrinin 2009-cu il büdcəsi, AŞ mədəniyyətləarası dialoq layihələri çərçivəsində mədəniyyətlərarası dialoq şəhərləri layihəsi, həmçinin, cari ilin 5-6 iyun tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək "Kommunizmdən 20 il sonra Mədəniyyət və Avropada inkişaf" mövzusunda konfransa dair müzakirələr aparılacaqdır.
İclasda Bakı konfransının nəticələrinə dair xüsusi təkliflər irəli sürüləcək və 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılan islam ölkələrinin mədəniyyət nazirlərinin konfransına dəvət ediləcək Avropa dövlətlərinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.
Azərbaycan tərəfi ilk dəfə olaraq Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərinin mədəniyyət nazirlərinin konfransına İSESKO-ya üzv olan 10 dövləti dəvət etmiş və həmin konfransda təklif edilmişdir ki, islam ölkələrinin mədəniyyət nazirlərinin konfransına 10 Avropa dövləti Azərbayan tərəfindən dəvət ediləcəkdir. Beləliklə, Azərbaycan bu təşəbbüslə sivilizasiyalararası dialoqu nəzərdə tutan "Bakı prosesi"nin uğurla həyata keçirilməsi üçün praktik fəaliyyətini davam etdirir.
Qeyd etmək istərdik ki, Nazirliyin Beynəlxalq Əlaqələr və Mədəniyyət Proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə 2009-cu ilin 25-28 fevral tarixlərində Avropa Şurasının xüsusi ekspert qrupunun iclasında iştirak etmək məqsədilə Strasburq şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmerlə və AŞ katibliyinin nümayəndələri ilə görüş keçirilmiş, Bakı konfransının nəticələrinə dair Azərbaycan tərəfinin ilkin təklifləri qarşı tərəfə təqdim edilmişdir. Təqdim olunan təkliflər barəsində büronun iclasında müzakirələr aparılacaqdır.