PDF Oxu

Araşdırma

  • 8

Ombudsman parlament qarşısında sonuncu hesabatını verdi

Ombudsman parlament qarşısında sonuncu hesabatını verdi
Milli Məclisin dünənki iclasında gündəlikdə olan birinci məsələ - ombudsmanın hesabatı dinlənildi. Ombudsman Elmira Süleymanova deputatlar qarşısında sonuncu hesabatını verdi. Onun qeyd etdiyinə görə, 2008-ci il ölkəmiz üçün uğurlu olub. Müvəkkilin 7 illik fəaliyyəti dövründə onun aparatına 42226 müraciət daxil olub. 2008-ci ildə daxil olan müraciətlərin sayı isə 8600 ədəd olub. Bu müraciətlərin, ümumilikdə, 93 faizi 2008-ci ildə isə 86,6 faizi şikayət xarakterli olub.
Ombudsman qanunun tələblərinə müvafiq olaraq səlahiyyətinə aid olmayan, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, faktlar, sübutlar olmaması səbəbindən şikayətlərin 52,6 faizinə, o cümlədən, 2008-ci ildə 51,2 faizinə baxmaqdan imtina edib. 2003-2008-ci illərdə baxılmaq üçün icraata qəbul edilmiş şikayətlərin 35,7 faizi, o cümlədən, 2008-ci ildə 43,3 faizi təmin olunub.
E.Süleymanova dedi ki, Ombudsman aparatına daxil olan şikayətlərin bir çoxu vətəndaşların müxtəlif sahələrdə üzləşdikləri bürokratik əngəllər, süründürməçilik və məmur özbaşnalığı ilə bağlı olub. Bəzi dövlət və bələdiyyə orqanları tərəfindən vətəndaşların qəbul edilməməsi, müraciətlərin vaxtında və mahiyyəti üzrə cavablandırılmaması, verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görülməməsi insan hüquqlarının pozulması ilə nəticələnir. Ombudsman qeyd etdi ki, 2008-ci ildə ünvanına daxil olmuş şikayətlərin 7 faizi yerli icra hakimiyyəti orqanları ilə bağlı olub. Əvvəlki illərlə müqayisədə ötən il yerli icra hakimiyyəti orqanları ilə bağlı daxil olan şikayətlərin sayı azalıb. Prokurorluq orqanları ilə bağlı şikayətlərin nəzərəçarpacaq hissəsi isə polis orqanlarında tədqiqata və istintaqa nəzarətlə bağlı olub. Vətəndaşlar daha çox vəzifəli şəxslər tərəfindən qəbul edilməmələrindən, ərizələrinin müəyyən edilmiş qaydada qeydiyyata alınmamasından, müraciətlərinə vaxtında cavab verilməməsindən, ərizələrə formal və əsaslandırılmamış cavabların verilməsindən şikayətləniblər. Eyni zamanda, şikayətçilərin təqib edilməsi hallarına da rast gəlinib.
E.Süleymanova qeyd etdi ki, ünvanına daxil olan şikayətlərin bir qismi də işləyən pensiyaçıların pensiyalarının yenidən hesablanmaması ilə bağlı olub. Onun sözlərinə görə, il ərzində əhalinin qayğıya ehtiyacı olan təbəqələrinə verilən müvanitlərin artırılması ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciətlər edib. Ombudsman onu da bildirdi ki, ünvanlı sosial yardımların verilməsinin sadələşdirilməsi ilə bağlı "Ünvanlı sosial yardım haqqında" qanuna təklif etdiyi əlavə və dəyişikliklər ötən il Milli Məclis tərəfindən qəbul edilib. Lakin bu sahədə hələ də təkmilləşdirmə işlərinə ehtiyac var.
Bundan sonra millət vəkilləri hesabat ətrafında müzakirələrə başladılar.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu bildirdi. Onun sözlərinə görə, 7 illik fəaliyyəti dövründə E.Süleymanova çox səmərəli işləyib. Bunu illər ötdükcə, ombudsmanın ünvanına daxil olan şikayətlərin xarakterinin dəyişməsi də sübut edir. Millət vəkilinin fikrincə, ildən-ilə ombudsmanın ünvanına daxil olan şikayətlərin sayının azalmasının bir sıra səbəbləri var. Birici səbəb hökumətin apardığı sosial-iqtisadi islahatların uğurlu nəticə verməsidir. Bundan əlavə, əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər də şikayətlərin sayının azalmasına səbəb olub. Digər səbəb dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardır. İldən-ilə vətəndaşların dövlət orqanları ilə münasibətləri daha da yaxşılaşdırılır.
Millət vəkili Musa Quliyev 7 il ərzində ombudsman təsisatının böyük inkişaf yolu keçdiyini bildirdi: "7 il bundan əvvəl ombudsman təsisatının yaradılması ilə bağlı qanun layihəsi müzakirə olunanda, çoxları heç ombudsman sözünü tələffüz edə bilmirdi. Amma indi Azərbaycanın, demək olar ki, hər bir vətəndaşı ombudsmanın işi ilə maraqlanır".
Millət vəkili ombudsmanın fəaliyyəti dövründə Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllinə xüsusi diqqət yetirməsini alqışladı. O, qeyd etdi ki, yeni ombudsman öz fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına daha çox diqqət ayırmalıdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova ombudsman təsisatının uğurlu fəaliyyətini E.Süleymanovanın şəxsiyyəti ilə bağladı: "Bu insanın o qədər enerjisi var ki, onunla yarışa girən hər kəs uduza bilər".
O, qeyd etdi ki, ombudsmanın hazırladığı hesabatdan millət vəkillərinin razılıq etməsi də, onun öz işinə məsuliyyətlə yanaşmasının göstəricisi kimi qəbul oluna bilər. Vitse-spiker gələcək fəaliyyətində E.Süleymanovaya uğurlar arzuladı.
Müzakirələrdən sonra millət vəkilləri hesabatı qəbul etdilər.
Axşam iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavələr və dəyişikliklərin edilməsi barədə" qanun layihəsinə baxıldı. Bildirildi ki, qanuna təklif olunan dəyişikliklərdə kütləvi informasiya vasitələrinin istehsalının, yayımının dayandırılması və ya ona xitam verilməsi qaydaları dəqiqləşdirildi.
Qanun layihəsi səs çoxluğu ilə qəbul olundu.

Digər xəbərlər