Azərbaycanda hüquq-məhkəmə islahatları uğurla aparılır
Dünən Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən il görülmüş işlərin yekunları ilə bağlı KİV nümayəndələri üçün mətbuat konfransı keçirdi. 2008-ci ilin Ali Məhkəmənin fəaliyyətində bir sıra məqamlarla yadda qaldığını deyən R.Rzayev ötən ilin may ayında Ali Məhkəmənin yaradılmasının 85 illik yubileyi münasibətilə beynəlxalq konfransın keçirilməsini xüsusi vurğuladı: "Həmin ilin noyabr ayında Azərbaycan Ədliyyəsinin yaradılmasının 90 illik yubileyi, ədliyyə və məhkəmə işçilərinin peşə bayramı təntənə ilə qeyd edilib. Bu münasibətlə Ali Məhkəmənin bir qrup hakiminə və işçisinə fəxri adların, orden və medalların verilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar məhkəmə işçilərinə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirilib".
Dövlət başçısının bilavasitə rəhbərliyi ilə ölkənin bütün sahələrini əhatə edən islahatların uğurla davam etdirildiyini deyən R.Rzayev bu islahatların məhkəmə-hüquq sahəsindən də yan keçmədiyini bildirdi. Onu da qeyd etdi ki, məqsədyönlü məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşdırılıb. Eyni zamanda əvvəlki illərlə müqayisədə keçən il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəmənin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası istisna olmaqla digər kollegiyalarında 2008-ci ildə baxılmış işlər və daxil olmuş müraciətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıb. İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 7,1 faiz azalma müşahidə olunduğu halda, mülki işlər üzrə məhkəmə kollegiyasında 22,8 faiz, cinayət işləri üzrə məhkəmə kollegiyasında 17,5 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında isə 9 faiz artım olub.
R.Rzayev onu da bildirdi ki, ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 19 faiz artıb. Belə ki, əgər 2007-ci ildə Ali Məhkəmədə cəmi 3639 işə baxılmışdısa, ötən il 4333 işə baxılıb ki, bu da əvvəlki illə müqayisədə 694 (19 faiz) iş çoxdur. Cinayət işləri üzrə məhkəmə kollegiyasında 738 nəfər haqqında 651 işə, hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasında 116 nəfər haqqında 109 işə, mülki işlər üzrə məhkəmə kollegiyasında 3217 işə, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 315 işə, plenumda isə 41 işə baxılıb.
Ali məhkəmənin sədrini sözlərinə görə, ümumilikdə, 2007-ci ildə respublika üzrə 56 min mülki işə baxıldığı halda, keçən il 70119 mülki işə baxılıb ki, bu da 23 faiz çoxdur. Cinayət işləri üzrə 14 min işə baxılıb. Baxılan 84 mindən artıq işin cəmi 4 min iş Ali Məhkəmədə kassasiyadan keçib. 10 min iş isə apellyasiya instansiyalarında baxılıb: "84 min işdən Ali Məhkəməyə cəmi 4 min işin daxil olması onu göstərir ki, baxılan işlərin keyfiyyətində ciddi irəliləyişlər var və bu, bizi sevindirməyə bilməz. Lakin bu, bizi qane edə bilməz. İstərdik ki, vəziyyət bundan da yaxşılığa doğru dəyişsin və aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsin".
R.Rzayev onu qeyd edərək bildirdi ki, aparılmış təhlil nəticəsində müəyyən edilib ki, 2007-ci illə müqayisədə 2008-ci ildə Ali Məhkəmədə baxılan işlərin sayı cinayət işləri üzrə məhkəmə kollegiyasında 97 iş (17,6 faiz), hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasında 9 iş (9 faiz), mülki işlər üzrə məhkəmə kollegiyasında 597 iş (57,7 faiz), iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında isə 24 iş (7,1 faiz) azalıb. Məhkəmə statistik məlumatlarından görünür ki, respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələri tərəfindən keçən il 11537 iş üzrə 13995 nəfər müxtəlif cəzalara məhkum edilib, 10 iş üzrə 17 nəfərə isə bəraət verilib. Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2008-ci ildə məhkum edilənlərin sayı 2007-ci ilə nisbətən 192 nəfər (1,3 faiz) azalıb. 2008-ci ildə ümumi məhkum edilənlərdən 2158 nəfər haqqında apellyasiya şikayətinə və protestinə baxılıb ki, bu da birinci instansiya məhkəmələri tərəfindən məhkum edilənlərin cəmi 15,4 faizini təşkil edir.
Göstərilən dövrdə apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarında cinayət mühakimə icraatı qaydasında çıxarılan hökm və qərarlardan 854 nəfər haqqında Ali Məhkəmədə kassasiya şikayətinə və protestinə baxılıb ki, bu da keçən il apellyasiya məhkəmələrində baxılmış cinayət işlərinin 39,5 faizini təşkil edir. Bundan əlavə keçən il respublikanın birinci instansiya ümumi və yerli iqtisad məhkəmələrində yekun məhkəmə aktı çıxarılmaqla baxılmış 70119 mülki işlərdən 8383 işə apellyasiya qaydasında baxılıb ki, bu da birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin 11,9 faizini, apellyasiya məhkəmələrində baxılmış 8383 işdən 3532 iş üzrə qəbul edilmiş qərarlara kassasiya qaydasında baxılıb ki, bu da həmin işlərin 42,1 faiçini təşkil edir.
Mətbuat konfransında , həmçinin, bildirildi ki, 2007-ci ildə olduğu kimi, 2008-ci ildə də Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib. 2007-ci ildə plenum iclaslarında konkret işlər üzrə 26 qərar çıxarılmışdısa, keçən il 41 qərar çıxarılıb. Keçən il vətəndaşların ərizə və şikayətlərinə baxılmasına diqqətin artırıldığını deyən R.Rzayev Ali Məhkəməyə edilən müraciətlərdə artım müşahidə olunduğunu bildirdi. Onun sözlərinə görə, 2007-ci ildə Ali Məhkəməyə 18663 müraciət edilmişdisə, 2008-ci ildə 22320 müraciət edilib ki, bu da 3657 (19,5 faiz) müraciət çoxdur.
Məhkəmə sədri 2008-ci ildə əvvəlki illə müqayisədə respublika apellyasiya məhkəmələrinin qəbul etdiyi məhkəmə aktlarının Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin ümumi sayına görə, 2,5 faiz azaldığını da bildirdi.
R.Rzayev qaçqın və məcburi köçkünlərin başqa vətəndaşların evlərini zəbt etmələri ilə bağlı da fikirlərini bildirib: "Qanun qarşısında bütün vətəndaşlar eyni hüquqa malikdirlər və onların mülkiyyəti toxunulmazdır. Bu, Konstitusiyada da öz əksini tapıb. Bununla belə öz torpaqlarından didərgin düşmüş bəzi vətəndaşlar başqasının əmlakını zəbt edib ki, bu da yolverilməzdir. Hər kəsin mülkiyyəti özünə qaytarılmalıdır".
R.Rzayev ölkəmizin məhkəmə sisteminin müasir standartlara cavab verdiyini bildirərək bu sahədə islahatların davam etdiriləcəyini söylədi: "Azərbaycanın məhkəmə sistemi ən müasir Avropa standartlarına uyğun təşkil olunub. Əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da üçpilləli məhkəmə sistemi mövcuddur".