PDF Oxu

Araşdırma

  • 15

“Qarabağ Azərbaycandır” filminin təqdimatı keçirildi

“Qarabağ Azərbaycandır” filminin təqdimatı keçirildi
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar dünən "Azərbaycan" kinoteatrında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə çəkilmiş "Qarabağ Azərbaycandır" filminin təqdimatı keçirildi.
Filmin nümayişindən öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra "Cinealliance" kino şirkəti tərəfindən istehsal olunan film dövlət komissiyasındakı sənədli faktlar əsasında çəkilib. Komissiyanın katibi Şahin Sailov bildirdi ki, Altay Səfərovun ssenari müəllifliyi, Elxan Cəfərovun rejissorluğu ilə çəkilən film erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Fərhad Atakişiyevin xatirəsinə və onun simasında Dağlıq Qarabağ münaqişəsində qəhrəmanlıq göstərmiş bütün vətən övladlarına ithaf edilib: "Biz sənədləri araşdırdıqca görürük ki, girovluqda bütün işgəncələrə baxmayaraq, yenə də Azərbaycanın bölünməz olduğunu söyləyən oğlanlarımız olub. Filmin qəhrəmanı olan Fərhad Atakişiyev Kərkicahan kəndində 300 erməni əsgərinə qarşı qeyri-bərabər döyüşən 22 igiddən biridir. Ağır yaralandıqdan sonra düşmən tərəfindən əsir götürülən Fərhada hər gün işgəncələr verilib və ona deyiblər ki, "Qarabağ ermənilərindir" söyləsən, səndən əl çəkərik. Lakin Fərhad son nəfəsinə qədər "Qarabağ Azərbaycanındır" deyib. Onun meyitində hər biri insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə növünün izi var idi".
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Şahin Sailov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum etdiyini bildirdi. Qeyd etdi ki, şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girdi. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirdi. Qırğın nəticəsində 613 nəfər həlak oldu. Onlardan 63 uşaq, 106 qadın, 70 isə yaşlılardır. Bundan başqa 8 ailə tamamilə məhv edildi. Həmçinin, erməni silahlılarının Xocalıya hücumu nəticəsində 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.
Mərasimdə filmin müəllifi Altay Səfərov çıxış etdi. Bildirdi ki, bu filmi çəkmək üçün əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komisiyyasının köməkliyi ilə bu filmin ərsəyə gəlməsinə nail olunub.
Tədbirdə çıxış edən xalq şairi Zəlimxan Yaqub isə filmə baxdıqdan sonra bu məsələ haqqında danışmağın çətin olduğunu dedi: "Çünki şahidlər, şəhidlər özü danışır. Alçaq, rəzil, amansız düşmən tərəfindən ardıcıl zərbələr alan, ancaq əyilməyən, sınmayan xalqın qəhrəman oğullarından bəhs edir bu film."
Z.Yaqub filmi ərsəyə gətirən və bu yolda əziyyət çəkənlərə minnətdarlığını bildirərək, şəhidlərimizin qarşısında hamının baş əyməsinin əsas borc olduğunu dedi.
Tədbirdə, həmçinin, Qarabağ müharibəsi veteranı Bəxtiyar Nəcəfov da çıxış edərək, Fərhad kimi qəhrəman oğullarımızla xalqımızın fəxr etdiyini bildirdi. Qeyd etdi ki, işğalçı Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi amansız faciələri bütün dünyaya çatdırmaq üçün belə filmlərin çəkilməsinə ehtiyac duyulur.

Digər xəbərlər