PDF Oxu

Araşdırma

  • 14

Dövlət Miqrasiya Xidmətində anma mərasimi keçirilib

Dövlət Miqrasiya Xidmətində anma mərasimi keçirilib
Fevralın 26-da Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 17-cı ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin törətdiyi vəhşilik nəticəsində şəhid olmuş Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov tədbirdə çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı bəşər tarixinə XXI əsrin ən dəhşətli və tükürpədici qətliam kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, nəticədə xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Xocalı soyqırımının aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi olduğunu vurğulayan A.Rəhimov, daha sonra o vaxtkı Azərbaycan rəhbərliyinin öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tutmasından, nəhayət, Moskvanın Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində atdığı addımlardan, 1990-cı ilin 20 Yanvar hadisələrindən danışmışdır. Bildirmişdir ki, 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yaranmış və işğalçı Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başlamışdır. Xocalı bu müharibədə hədəf seçilmiş, 4 ay mühasirədə qalmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın zirehli texnikası ilə yerlə-yeksan edilmişdir.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı nəticəsində adları bəlli olan 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür. 8 ailə bütünlüklə məhv edilmiş, mülki əhali vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.
A.Rəhimov, həmçinin, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüsün ulu öndər Heydər Əliyevə məxsus olduğunu, 1994-cü il fevralın 24-də Milli Məclisin "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdiyini, ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkə ərazisində faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildiyini xatırlatmışdır.
Tədbirdə Xocalı faciəsinə dair fotoşəkillər, kitablardan ibarət sərgi təşkil olunmuş, soyqırımdan bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Digər xəbərlər