Radikallar zamanın axarına qarşı
Görünür, qonaq qəbul etdikdə, Venesuela prezidenti Uqo Çavesin təcrübəsindən istifadə etməliyik. Ç.Çaves müxalifətçi ilanlara zəhər verməyə gələn kəltənkələ xarakterli qonaqların Venesuela ərazisinə qədəm basmasına rəsmi qadağa qoymuşdur. Təhlükəsizliklərinin təmin edilməyəcəyini bilən qonaqlar isə, sadəcə olaraq, Venesuelaya getməkdən çəkinirlər. Qonaqsan, xeyirxah niyyətlisənsə, buyur gəl, bədxahsansa, bura sənin yerin deyil.
Hər birisi özünün təşəbbüs qrupunu yaratmış radikallar gücənib birlikdə mitinq keçirmək istəyirlər. Ancaq elektorat sarıdan korluq çəkdiklərindən bu niyyətlərini gerçəkləşdirə bilmirlər. Beynəlxalq təşkilatlara göndərdikləri donosların sayı artsa da, xarici havadarları onların məlumatlarının doğruluğuna inanmırlar. Bizim radikallar onlara o qədər yalan deyib, qərəzli məlumatlar verirlər ki, hətta maliyyə dəstəkçiləri də işgörənlərin pul qazanmaq xatirinə yalan deməyə qadir olduqlarını bilirlər.
Radikallar deyirlər ki, rayonlarda imza toplayarkən polis onları sıxışdırır və ya hadisə yerindən uzaqlaşdırır. Polislər radikalların hər birinin harada olduğunu necə müəyyənləşdirirlər? Əhali radikalların bəd niyyətindən xəbər tutan kimi polis orqanlarına müraciət edib, belələrindən yaxa qurtarmağa can atırlar. İmzatoplama kampaniyası zamanı təxribatla məşğul olanların başını sığallamırlar. Polis qanuna müvafiq olaraq radikalları hadisə yerindən uzaqlaşdırmağa məcbur olur. Bu, hüquq-mühafizə orqanı əməkdaşının borcudur və o öz işini yerinə yetirir.
Azərbaycan əhalisi öz taleyini heç vaxt təsadüfi adamlara etibar etmək istəmir. Çünki belələri xalqı həmişə uçuruma doğru aparır. Bu zaman doldurulan ciblərinə nəzər yetirib, onların ardınca gedib bədbəxtliyə düçar olanlara rişxənd edirlər. Azərbaycan xalqı 1988-ci ildən üzübəri bu cür boşboğaz liderləri çox görmüşdür. Onlar nə xalqa, nə də dövlətçiliyə ehtiram edirlər. Başlıca məqsədləri qaz vurub, qazan doldurmaqdır. Ancaq başa düşmək istəmirlər ki, yedikləri haram tikələr burunlarından qan və irin formasında geri tökülə bilər. Əbdərrəhman Vəzirov, Ayaz Mütəllibov və onlarla AXC iqtidarı təmsilçiləri bu bəlaya mübtəla oldular.
Uçurumun dərinliyindən xalqı 1993-cü ilin yayında ümummilli lider çıxardı. Bundan sonra xalq və rəhbər arasında anlaşma yarandı. Xalq dövlətin bünövrəsini möhkəmləndirimək üçün gecə-gündüz işlədi və bundan sonra dövlətçiliyimizin sütunları möhkəmləndi.
Radikallar suyu bulandırmaqla balıq tutmaq sevdasına düşmüşlər. Yumruq kimi Heydər Əliyev ideologiyası ətrafında sıx birləşmiş xalq bir daha onların tilovuna düşmək fikrində deyil. Artıq hamı inanmağa başlayıb ki, xoşbəxt olanda dövlətçiliyin sütunları möhkəmlənir. Artıq bu cür həyat tərzi 16-cı ilə qədəm qoymaqdadır.
Radikalların niyyəti xalqı bədbəxtlik uçurumuna yuvarlayıb, dövlətçiliyin bünövrəsini laxlatmaqdır. Bu zaman qazanacaqları vəsaiti bölüşdürüb aradan çıxacaqlar. 1993-cü ilin iyununda bir il hakimiyyətdə duruş gətirdikdən sonra bu cür hərəkət etmişdilər. Hadisələrin gedişi təkrarçılığa yol verilməyəcəyini göstərməkdədir.