Talassemiya mərkəzi Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunub
Ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondu 5 illik fəaliyyəti dövründə Azərbaycanın mədənəyyəti, incəsənəti, səhiyyəsi, təhsili sahəsində dövlət əhəmiyyətli işlərini həyata keçirilməsinə imza atmışdır. Qısa bir zaman kəsiyində yeni tipli məktəb binaların təmiri və inşası, mədəniyyət mərkəzlərinin açılışı, xəstəxanaların inşası və yenidən qurulması, kimsəziz uşaqlara diqqət və qayğının göstərilməsi Azərbaycanın inkişafına yönəldilmiş ideyaların gerçəkləşməsidir. Bildiyimiz kimi, fondun əsas prioritet istiqamətlərindən biri səhiyyəyə yönəldilmiş diqqətdir.
Səhiyyə ocaqlarının yeni, müasir tipli avadanlıqlarla təchizatı, standartlara cavab verən aparatların xarici ölkələrdən Azərbaycana gətirilməsi və s. Azərbaycan səhiyyəsinin nailiyyətləridir. Fondun təşəbbüsü ilə diabetli uşaqlara, əqli və fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi və mənəvi dayaq olaraq görülən işlər, Azərbaycanın inamlı gələcəyinə bir addımdır. Müalicəsi çətin və böyük məbləğdə pul tələb edən xəstələrin fiziki sağlamlığını bərpa etmək Fondun ən başlıca vəzifələrindəndir.
Bu günlərdə Bakının Nərimanov rayonunda Talassemiya Mərkəzinin açılışı da, məhz məqsədyönlü fəaliyyətin davamıdır. Ulu öndərimizin anadan olmasının 86-cı ildönümü ərəfəsində ümummilli liderin adını daşıyan, ideyalarını təbliğ edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən mərkəz, talassemiya xəstəliyinə düçar olanlar və onların yaxınları üçün ümid yeridir.
Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin binası zirzəmidən, beş mərtəbədən və mansard hissədən ibarətdir. Tikinti işlərinə 2006-cı ildən başlanmışdır və layihənin ümumi dəyəri 18 milyon ABŞ dollarıdır. Türk Əməkdaşlıq və İnkişaf Agentliyi mərkəzi 590 min dollar dəyərində avadanlıqla təchiz etmişdir.
Ümumi sahəsi 7 min 720 kvadratmetr olan bina tam hermetikdir, xarici divarları isti və soyuğa qarşı izolə olunmuşdur. Binanın interyerinə və dizaynına xüsusi diqqət yetirilmiş, bu zaman həkimlərin, memarların, dizaynerlərin və psixoloqların məsləhətləri nəzərə alınmışdır.
Mərkəz üçün seçilən antibakterioloji ləvazimat xəstələrin yaşı nəzərə alınmaqla, əlvan rəngli və müsbət enerji verən dizayna uyğunlaşdırılmışdır. Foyedə ulu öndər Heydər Əliyevə həsr olunmuş guşə yaradılmış, 6 metr uzunluğu olan akvarium quraşdırılmışdır.
Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin aparılması ardıcıllığı nəzərə alınaraq otaqların təyinatına, həmçinin, mərtəbələr üzrə bölüşdürülməsinə xüsusi diqqət yetirilmişdir. Birinci mərtəbədə qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriya vardır. Laboratoriyada qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılmışdır. İkinci mərtəbə poliklinikadır. Burada baş həkimin otağı, iki hissədən ibarət transfuziya zalı, 12 otağı olan klinika, ümumi laboratoriya, manipulyasiya və şüa diaqnostikası otaqları fəaliyyət göstərəcəkdir.
Sahəsi 1280 kvadratmetr olan üçüncü mərtəbədə iliyin köçürülməsi üçün əməliyyat otağı, hərəsi bir nəfərlik beş reanimasiya palatası, iki manipulyasiya otağı, sterilləşdirmə mərkəzi, molekulyar diaqnostika laboratoriyası yerləşir. Xəstələr müasir palatalarda müalicə alacaqlar. Reanimasiya palatalarının və əməliyyat otağının yerləşdiyi hissəni laminar hava ilə təmin etmək üçün xüsusi havalandırma sistemi quraşdırılmışdır.
Mərkəzin dördüncü mərtəbəsində hər biri iki nəfərlik on üç palata, hərəsi bir nəfərlik dörd palata, uşaqlar üçün oyun otağı vardır. Beşinci mərtəbədə kafe, yeməkxana, kitabxana, internet mərkəzi, 110 nəfərlik konfrans salonu fəaliyyət göstərir.
Sahəsi 1080 kvadratmetr olan mansardda Almaniyada istehsal olumuş havalandırma sistemi quraşdırılmışdır. Zirzəmidə havalandırma və qaz şəbəkəsinin qurğuları, izolyator zalı, rabitə və mərkəzi kompüter sistemi, camaşırxana və sterilləşdirmə otağı yerləşir. Binanın xüsusi yanğın təhlükəsizliyi sistemi də vardır.
Ən müasir avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur.
Yaxın gələcəkdə burada talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi də nəzərdə tutulur. Bu isə xəstənin tam sağalması deməkdir. Burada quraşdırılan avadanlıq müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.
Paytaxtımızda yeni müalicə mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindən biridir.