Konqresmen Linn Vulsi: “Azərbaycan ABŞ-ın güclü müttəfiqidir”
Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 93-cü ildönümü münasibətilə müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 ABŞ konqresmeni, o cümlədən Bill Şuster (Pensilvaniya ştatı, respublikaçı), Dən Boren (Oklahoma, demokrat), Virciniya Foks (Şimali Karolina, respublikaçı), Linn Vulsi (Kaliforniya, demokrat), Şelli Kapito (Qərbi Virciniya, respublikaçı), Edolfus Tauns (Nyu York, demokrat), Ed Pastor (Arizona, demokrat) və Ed Uitfild (Kentaki, respublikaçı) ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı Səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ABŞ Nümayəndələr Palatasının "Azərbaycan üzrə İşçi Qrupu"nun həmsədri, konqresmen Dən Boren öz bəyanatında Azərbaycanın dünyəvi və demokratik bir dövlət olduğunu, ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarına böyük dəstək verdiyini və nüvə silahlarının yayılmaması sahəsində ABŞ ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
Konqresmen Linn Vulsi ADR-in müsəlman dünyasında ilk demokratik respublika olduğunu, ABŞ-dan iki il öncə qadınlara seçki hüququ verdiyini vurğulayıb. O, Azərbaycanın geniş dini azadlıqların mövcud olduğu, siyasi və iqtisadi cəhətdən sabit, dünyəvi və müasir bir dövlət kimi səciyyələndirib, onu ABŞ-ın güclü müttəfiqi adlandırıb.
Öz bəyanatında konqresmen Şelli Kapito Azərbaycanı dini və etnik dözümlülüyün bariz nümunəsi adlandıraraq, burada güclü və fəal yəhudi və xristian icmalarının sərbəst fəaliyyət göstərdiklərini qeyd edib.
Konqresmen Edolfus Tauns isə öz çıxışında Azərbaycan ilə ABŞ arasında güclü münasibətlərin formalaşdığını və bu gün Azərbaycanın qlobal enerji təhlükəsizliyində aparıcı oyunçulardan birinə çevrildiyini bildirib. O, 2009-cu ildə İsrailin neft idxalının 25%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayaraq, Azərbaycanın Nabukko qaz kəməri üçün aparıcı potensial mənbələrdən biri olduğunu qeyd etmişdir.
Konqresmen Ed Pastor qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın son üç ildə güclü iqtisadi artıma malik olduğunu bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edildiyini vurğulayıb.
Konqresmen Ed Uitfild isə öz bəyanatında Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif millətlərin və dini ənənələrin qovşağına çevirdiyini, ona Qərb ilə Şərq arasında mədəni və siyasi körpü rolunu oynamaq imkanını qazandırdığını bildirib. O, Azərbaycanın nüfuzlu yazıçı və sənətkarlarının Cənubi Qafqaz bölgəsinin mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib.