PDF Oxu

Araşdırma

  • 9

Bakı və Bakıətrafı qəsəbələr inkişaf yolunda

Bakı və Bakıətrafı qəsəbələr inkişaf yolunda

Ölkə Prezidenti İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam artıq Bakının rayon və qəsəbələrində sürətlə həyata keçirilməkdədir. Bakının digər rayonları kimi, bu uğurlu inkişafı Nəsimi rayonunda da aydın görmək olar.

Ötən il 1397, cari ilin birinci rübündə isə rayonda 308 yeni iş yeri açılıbdır

Ötən il rayonda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbiri haqqında" 24 noyabr 2003-cü il tarixli və 14 aprel 2009-cu il tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqram"ına uyğun olaraq Nəsimi rayonunda 1397 yeni iş yeri açılıbdır ki, bunlardan 236-sı yeni yaradılan, 84-ü mövcud müəssisə və təşkilatlar, 1077-si isə fiziki şəxslər üzrə olubdur. Həmçinin, ötən ildə ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 0,5 faiz artaraq 907250,2 min manata çatıbdır. Sənaye məhsulunun həcmi 106412,7 min manat, yəni 20,5 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 286753,3 min manat, yəni 20,4 faiz olubdur. Nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 370812,6 min manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi 16855,7 min manat təşkil edibdir. Eyni zamanda, ötən ildə rayonda əhalinin orta aylıq əmək haqqı da artaraq 365,8 manat olubdur. Bir faktı da vurğulamaq lazımdır ki, şəhər əhalisinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını lazımi səviyyədə təmin etmək məqsədilə hər həftənin şənbə və bazar günləri "Təzə bazar" MMC-nin ərazisində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası öz fəaliyyətini ötən ildə davam etdirilərək, yerli sahibkarların öz məhsullarını maneəsiz reallaşdırması üçün hər cür şərait yaradılıbdır. Belə ki, cari ilin yanvar ayından başlayaraq rayonun 3-cü mkr. ərazisində də A. Mustafayev küçəsi 23/24-də "Kəndli yarmarkası" fəaliyyətə başlamışdır.

Eyni zamanda, ötən ildən fərqli olaraq cari ilin 3 ayı ərzində Nəsimi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2,7 mln manat məbləğində investisiya yönəldilibdir. Yönəldilmiş investisiyanın 2,3 mln manatı tikinti-quraşdırmaya, 0,4 mln manatı sair işlərə sərf olunub, tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 40,4 mln manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz artıbdır. Həmçinin, cari ilin birinci rübündə rayonda 308 yeni iş yeri açılıbdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010/2011-ci tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə edilib

Eyni zamanda, Nəsimi rayonunda təhsil və səhiyyə sahəsində də uğurlar əldə olunubdur. RİH-in verdiyi məlumata görə, ötən il rayon ərazisində 38 təhsil müəssisəsi, o cümlədən, 29 ümumtəhsil məktəbi, 2 xüsusi məktəb, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Atatürk liseyi və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 44 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. İ.Əbülhəsənov adına 42 saylı orta məktəbin ərazisində 2 yeni korpusun tikintisi başa çatdırılıb, yeni dərs ilində 10 sinif otağı olmaqla 200 yerlik əlavə korpus şagirdlərin istifadəsinə verilibdir. Həmçinin, 115 saylı körpələr evi-uşaq bağçası üçün yeni iki mərtəbəli korpus tikilərək istifadəyə verilib, 74, 123 və 147 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir, 22, 24, 92, 119, 135 saylı körpələr evi-uşaq bağçalarında cari təmir işləri aparılıbdır. Hal-hazırda 76 saylı körpələr evi-uşaq bağçasında və eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010/2011-ci tədris ili ərəfəsində bütün birinci sinif şagirdlərinə məktəbli ləvazimatlar hədiyyə edilib, il ərzində rayonda fəaliyyət göstərən yardımçı məktəblərə müntəzəm diqqət və qayğı göstərilibdir.

Verilən məlumata görə, rayon ərazisində 11 xəstəxana, o cümlədən, 2 elmi-tədqiqat institutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və 1 körpələr evi fəaliyyət göstərir. ATU-nun 14 mərtəbəli ümumi sahəsi 25000 kv.m olan, 400 çarpayılıq Tədris-Terapiya Korpusu tikilib istifadəyə verilibdir. Təxminən 100 il bundan əvvəl inşa olunub və indiyədək M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının binasında ötən ildən başlanılmış əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə inzibati bina kimi istifadəyə verilibdir. Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında əsaslı təmir işləri başa çatdırılıb, 200 çarpayılıq xəstəxananın maddi-texniki bazası yenilənib, burada dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən tibbi avadanlıqlar quraşdırılıbdır. Hər üç səhiyyə ocağının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edibdir. Ə.Qarayev adına Respublika Uşaq Xəstəxanasının əsaslı təmirdən sonra fəaliyyəti tam bərpa edilibdir. Eyni zamanda, Tibb Universitetinin cərrahiyyə korpusunda tikinti-quraşdırma işləri davam etdirilir. 76 saylı körpələr evi-uşaq bağçası isə, əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib. 20 saylı şəhər poliklinikasında isə əsaslı təmir işləri başa çatdırılıb, 1-ci mkr. ərazisində (A. Məhərrəmov küçəsi 37) 20 saylı poliklinikanın nəzdində açılacaq yeni travmatologiya məntəqəsinin binasında və 3 saylı Uşaq Xəstəxanasında təmir işləri aparılır. ATU-nun Stamotoloji poliklinikasında, 1 və 3 saylı uşaq poliklinikalarında, Ailə Planlaşdırma Mərkəzində cari təmir işləri aparılır.

Ötən il rayonda 3141 ailənin 12649 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib

Nəsimi rayon icra hakimiyyətinin verdiyi məlumata görə, ötən il Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3937 nəfər vətəndaşa sosial müavinət və təqaüd verilib, 24 nəfər təqaüdçü müalicə olunmaq üçün sanatoriya-kurort putyovkası ilə təmin edilib, 16 nəfər Qarabağ müharibəsi və vətən müharibəsi əlillərinə isə pulsuz minik avtomobili verilibdir. Eyni zamanda, 3141 ailənin 12649 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib və hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği 132 manat təşkil edibdir ki, bu da 2009-cu ilin göstəriciləri ilə müqayisədə 10,9 faiz çoxdur. Onu da vurğulamaq lazımdır ki, cari ilin birinci rübündə Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013 ailəyə ünvanlı dövlət sosial yardımı verilibdir ki, hər ailəyə düşən yardımın orta aylıq məbləği 130 manat təşkil edibdir. 362 nəfər ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilibdir. Verilən məlumata görə, Nəsimi rayon icra hakimiyyətində 9 ailə mənzil növbəsinə qəbul olunub, müvəqqəti və xidməti orderlər əsasında rayon ərazisində yaşayan 14 ailəyə daimi order verilib, 11 ailə isə mənzil sahəsi ilə təmin edilibdir. Nəsimi rayonu ərazisində 3725 ailə olmaqla, 14776 nəfər qaçqın, 2453 ailə olmaqla 10682 nəfər məcburi köçkün məskunlaşıbdır. Məcburi köçkünlərin 821 ailə 3823 nəfəri yataqxanalarda, 854 ailə 3479 nəfəri qohum və şəxsi mənzillərdə, 557 ailə 2430 nəfər isə zəbt olunan mənzillərdə yaşayırlar.

Sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması

Dövlət Proqramında şəhərin mədəniyyət obyektlərinin, tarixi abidələrin yenidən qurulması və bərpası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərə əsasən Nəsimi rayonunda sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, mütəmadi olaraq, uğurla həyata keçirilməkdədir. Bu baxımdan, cari ilin birinci rübündə rabitə müəssisələri tərəfindən 9,4 milyon manatlıq xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Nəsimi rayonu Qaz-İstismar İdarəsi istehlakçılara verilən təbii qazın istismarı və satışını həyata keçirməklə 29 sənaye, 113 büdcə, 708 qeyri-dövlət müəssisələrində və 53768 əhali abonentinə o, cümlədən rayonda məskunlaşmış 2802 məcburi köçkün ailəsinə xidmət edir. Nəsimi Qaz- İstismar İdarəsi cari ilin 3 ayı ərzində istehlakçılara 3,8 mln manat o, cümlədən, əhaliyə 2,1 mln manathq təbii qaz satmışdır. Qazın dəyərinin ödəniş səviyyəsinin artırılması məqsədi ilə 53768 abonentin mənzillərinə qaz sayğacı quraşdırılıbdır. Həmçinin, Nəsimi qaz istismar sahəsi tərəfindən Q.Quliyev küçəsi 8 saylı ünvanda 400 metr, 3-cü Alatava yaşayış massivində 432 metr D-89 mm. qaz xətti çəkilib, 954 ədəd yeni qaz sayğacı quraşdırılıbdır. Verilən məlumata görə, elektrik enerjisinin dəyərinin ödənilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 99,0 faizə yüksəlibdir. Həmçinin, cari ilin birinci rübü ərzində Nəsimi rayonunun elektrik satışı və istismarı sahəsi üzrə 59,742 ədəd sayğac quraşdırılıbdır.

Abadlıq və quruculuq sistemində yeniliklər

Ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda da bu sahədə görülən işlər nəticəsində yolların, körpülərin, yolkənarı obyektlərin tikintisində müasir standartlara cavab verən modernləşmə buraya gələn hər bir insanda yenilik ab-havası yaradır. Belə ki, verilən məlumata görə, cari ilin 3 ayı ərzində Nəsimi rayon icra hakimiyyəti tərəfindən Moskva prospekti, A.Məhərrəmov, Cavadxan, Ş.Abdullayev, V.Plotnikov, E.Tağızadə, S.Vurğun, C.Məmmədquluzadə, H.Seyidzadə küçələrində və 7-ci Sverdlov döngəsində ümumilikdə, 12.200 kv.m asfalt örtüyü vurulub, R.Behbudov küçəsinə 500 kv.m tamet döşənibdir. ARDNŞ tərəfmdən Ş.Bədəlbəyli kv.m 106 saylı binanın 300 kv.m fasadı və 12 eyvan təmir edilibdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən M.Qardaşları küçəsi 96, İ.Məmmədov küçəsi 27 ünvanlarında, ümumilikdə, 2150 kv.m asfalt salınıbdır; "Azəryolservis" ASC tərəfindən Azadlıq prospekti. R.Rza, Ş.Bədəlbəyli, Tolstoy, D.Əliyeva, Vidadi, Qoqol, B.Səfəroğlu, Mir Cəlal, H.Seyidzadə küçələrində, ümumilikdə, 5735 kv.m asfalt örtüyü döşənibdir. Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Zabitlər" parkının, "Bakı Elektrik Şəbəkəsi" ASC-nin inzibati binasının və 28 May küçəsi ilə Bül-bül prospektinin kəsişməsində yerləşən yeraltı keçidinin açılışları olubdur. Bu dövrdə Nəsimi rayon qaz, istismar idarəsi tərəfindən istehlakçılara 3,8 milyon manatlıq qaz satılıb. Ümumi satışın 87,4 faizi ödənilib. Rayon ərazisində, həmçinin, dağ yəhudiləri icması sinaqoqunun tikintisi və Hacı Əjdərbəy məscidinin (Göy məscid) yeni binasının inşasına hazırlıq işləri başa çatdırılıb. A.Bakıxanov küçəsində Nəsimi rayon icra hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.

Beləliklə də, ötən ildə əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün Nəsimi rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi istiqamətində bütün qüvvələr səfərbər ediləcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər