Dünyanın ən geridə qalmış ölkələri sırasında yer alan, eləcə də, beynəlxalq aləm tərəfindən Cənubi Qafqaz regionunda vassal dövlət qismində qəbul edilən Ermənistanda son illərdə zaman-zaman yeni proseslər müşahidə edilməkdədir. Belə ki, iqtisadiyyatda, sosial sferada və maliyyə sektorunda davam edən acınacaqlı böhran vəziyyəti, adıçəkilən ölkədən dünyanın digər dövlətlərinə miqrasiyanın kütləvi xarakter daşımasına səbəb olmaqdadır.
Həmçinin, ölkə idarəçiliyində və siyasi qütbləşmə çərçivəsində çoxhakimiyyətliliyin yaranması, Avropa məkanında və ABŞ-da yerləşən diaspor təşkilatlarının Ermənistana yardımlarını külli miqdarda azaltması, ənənəvi dini baxışlardakı monofizit, eyni cərəyan prinsiplərin pozulması artıq bu işğalçı ölkənin bir dövlət kimi süqutuna səbəb ola biləcək faktorlara çevrilmişdir. Bütün bunlarla yanaşı, ölkə daxilində sosial problemlərin get-gedə dərinləşməsi kontekstində kriminogen dairələrin hakimiyyət strukturları ilə birgə cinayət törətmə halları artmaqda davam edir. Korrupsiyanın çiçəklənməsi, yaşayış minimumunun 50-60 dollar həddində olması da erməni cəmiyyətinin aşınmasının, məhvə doğru sürüklənməsinin göstəriciləri kimi qəbul olunur.
Çiçəklənən korrupsiya ocağı
Ermənistanda əhalinin uğradığı acınacaqlı sosial durumunun, ölkənin məhv olmuş iqtisadiyyatının və bu kimi digər vəziyyətlərin daha da ağırlaşmasının əsas səbəbi kimi korrupsiya göstərilir. Bu təzahürün bütün reallıqlar çərçivəsində, çiçəklənməkdə olduğu erməni cəmiyyətində artıq bir amil kimi qəbul edilir. Korrupsiyanın fəsadları barədə Yerevanda nəşr olunan "Panorama" qəzetinə açıqlama verən "Qafqaz İnsan Resursları Mərkəzi"nin direktoru Yegina Manasyan bildirib ki, korrupsiyanın səviyyəsinə görə Ermənistan rəsmən dünya ölkələri arasında ən öncül yerdə qərar tutur: "Amma bizim apardığımız sosioloji sorğulara görə, ölkədə korrupsiya ötən illərdən fərqli olaraq daha da inkişaf etmişdir".
Erməni müşahidəçilər və beynəlxalq təşkilatlar öz hesabatlarında dəfələrlə göstərirlər və indi də göstərməkdədirlər ki, qanunla korrupsiyaya qarşı mübarizənin önündə prokurorluq orqanları dursa da, bu qurum heç bir ictimai dəyəri və önəmi olmayan xırda rüşvətxorluq hallarını qabartmaqla işini bitmiş hesab edir. Hətta bir çox hallarda, kriminogen dairələr hakimiyyət strukturları ilə birgə qatı cinayətlərin iştirakçısına çevrilirlər. Sözügedən məsələ ilə bağlı "Transrarency International" Beynəlxalq Təşkilatı Yerevan ofisinin rəhbəri Amaliya Kostanyan xarici mətbuata verdiyi müsahibəsində deyib ki, 10 ballıq reytinq əmsalı ilə aparılan araşdırmalara görə son illər ərzində korrupsiya siyasəti hakimiyyət dairələri tərəfindən daha da dərinləşdirilib və bir mərkəzdən idarə olunan struktura çevrilibdir.
Ermənistanda nəşr edilən digər yazılı orqan-"Asrarez" qəzeti isə "Freedom House" təşkilatının araşdırmalarına istinad edərək yazır: "Ermənistanda korrupsiya siyasəti onsuz da azacıq şəkildə mövcud olan və ya itirilməkdə olan demokratik təsisatları köklü şəkildə məhv etməkdədir. Buna görə də Dünya Bankı Ermənistanı ən kasıb və ən səfil ölkələr siyahısına daxil edib. Ölkədə hakimiyyətin nəzarətində olan korrupsiya idarə olunan ən böyük struktura çevrilibdir".
İlbəil azalmaqda olan erməni mətbuatı
"Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatının "azad söz"lə bağlı hesabatında bildirilir ki, 167 ölkədə aparılan araşdırmalara görə Ermənistan dünyada azad sözün və fikrin boğulduğu dövlətlər sırasında yer alıb. Bu yöndə 19 maddədən ibarət sorğulara üstünlük verilibdir.
Digər beynəlxalq təşkilat - "Freedom House" isə öz araşdırmasında belə bir qeydə yer verib: "Son üç ildə Ermənistanda kütləvi-informasiya vasitələrinin və azad sözün durumu daha da ağırlaşıbdır. Bu, xüsusilə, demokratik proseslərin deqradasiya olunması ilə müşahidə olunur".
Bu təşkilatın Yerevan nümayəndəliyinin sədri Mesrop Arutyunyan isə bildirib ki, Ermənistanda mətbuatın və azad sözün Avropa standartlarına uyğunlaşmasına qarşı hakimiyyət açıq şəkildə və son dərəcə ciddi təpkilər göstərməkdədir. Mətbuata qarşı aparılan siyasətin nəticəsi olaraq indi onun maliyyə mənbələri daralmaqdadır. Müstəqil KİV-lər hər an bağlanmaq təhlükəsini yaşamaq zorundadır. Müxalif yazılarla çıxış edən jurnalistlər nəinki təqib olunur, onlar hətta hər addımda tənqid etdikləri məmurlar tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalırlar.
Müşahidəçilər isə qeyd edirlər ki, qəzet və jurnalların sayı ilbəil azalmaqda davam edir və belə getsə ölkədə nəinki yazılı, hətta səsli informasiya mənbələri sıfır həddinə enəcək.
R.RƏSULOV