Məlum olduğu kimi, ötən həftənin sonu Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti görüş keçirildi. Gözləntilərin əksinə olaraq, baza prinsiplərinin razılaşdırılmaması ilə yadda qalan Kazan görüşü danışıqların davam etdirilməsi baxımından müsbət qiymətləndirilir.
Kazan görüşünün nəticələrini təhlil etməzdən öncə, bu görüş barədə əvvəlcədən verilən proqnozları və ondan gələcək gözləntiləri nəzərdən keçirmək daha məqsədəuyğundur. İlk növbədə, qeyd edək ki, bu görüşə beynəlxalq ictimaiyyətin maraq və diqqəti yüksək səviyyədə idi. Yəni onlar görüşün müsbət nəticə ilə bitməsinə - baza prinsiplərinin razılaşdırılmasına ümid edirdilər. İstər görüşün keçirilməsində təşəbbüskar tərəf kimi çıxış edən Rusiya, istərsə də digər həmsədrlər olan Fransa və ABŞ görüşöncəsi öz mövqelərini ortaya qoyaraq, münaqişə tərəflərindən nəticə gözlədiklərini bəyan etmişdilər. ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikolya Sarkozinin görüşöncəsi hər iki prezidentə müraciət edərək, onlarla danışması və görüşdə uğurlar arzulaması diqqətçəkən məqamlardandır. Bu, bir növ görüşə olan böyük diqqətin göstəricisi idi. Yəni danışıqlar prosesində indiyə kimi razılaşdırılmış məqamlar bu görüşdə nəticə əldə olunacağına ümid yaradırdı. Müxtəlif beynəlxalq qurumlar, eyni zamanda, dövlətlər tərəfindən də Kazan görüşü ilə bağlı bəyanatlar verilmişdi. Bir sözlə, son illərdə keçirilən görüşlər içərisində Kazan görüşü qədər diqqət mərkəzində olan və böyük ümidlər bəslənilən görüş olmamışdı. Lakin görüşün nəticələri heç də bu ümidlərin doğrulduğunu deməyə imkan vermir. Təbii ki, yenidən Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından.
Rəsmi Bakının görüş barədə yaydığı məlumat da bunu deməyə əsas verir. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə prinsipial məsələlər üzrə kompromis əldə olunmamasından təəssüfləndiyini bildirib: "Səbəb isə odur ki, Ermənistan tərəfi Azərbaycandan maksimum güzəştlər tələb etməklə yeddi il əvvəl başlanmış danışıqlar prosesinin mahiyyətinə xələl gətirməyə çalışır".
E.Məmmədyarov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü danışıqlar prosesinin ən uzunmüddətli formatlarından biridir: "Görüşdə münaqişənin nizamlanmasında tərəqqi əldə etmək yolunda maneə olan problemli məsələlər üzrə müzakirələr aparıldı. Prezidentlər mövqelərin yaxınlaşması üçün ortaq nöqtələr axtarmağı davam etdirməyi qərara aldılar".
ERMƏNİSTAN GÜNAHI AZƏRBAYCANIN BOYNUNA ATIR
Ermənistanın Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirərkən, həmişəki kimi, Azərbaycan tərəfini ittiham etməkdən çəkinməyib. E.Nalbandyan Ermənistan prezidenti Serj Sarkisyanın Strasburqda səsləndirdiyi "Azərbaycan yeni dəyişikliklər təklif etməsə, Kazan görüşündən müsbət nəticələr və dönüş gözləmək olar" bəyanatını xatırladıb. O bildirib ki, Dovildə həmsədr ölkələrin prezidentləri Kazanda razılıq əldə etməyə çağırmasına, ABŞ, həmçinin, Fransa prezidentlərinin hər iki ölkənin başçısına çağırışlar etməsinə baxmayaraq, guya Azərbaycan tərəfinin 10-a yaxın dəyişiklik təklif etdiyini və bunun da Kazan görüşünün həlledici olmamasına gətirib çıxardığını vurğulayıb.
E.Nalbandyan sülh danışıqlarının davam edəcəyini bildirib: "Çünki münaqişənin başqa həll yolu yoxdur. Yalnız sülh yolu, danışıqlar vasitəsilə münaqişəni həll etmək mümkündür. İstənilən halda, Kazan görüşü detallı müzakirələrin aparılması baxımından faydalı idi".
ABŞ MƏYUS OLUB
Görüşdən sonra həmsədr ölkələrin də məsələyə reaksiyası özünü gecikdirməyib. Rəsmi Vaşinqton da Kazan görüşünün nəticələri barədə öz mövqeyini açıqlayıb. ABŞ Dövlət Departamentinin təmsilçisi Viktriya Nuland deyib ki, Azərbaycan və Ermənistan prezidentləri Kazanda münaqişənin tənzimlənməsi ilə bağlı əsas prinsiplər üzrə razılığa gəlməyi bacarmayıblar. O, qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verilən bəyanatda tərəflər bir sıra məsələlər üzrə yaxınlaşmaya nail olduqlarını, əsas prinsiplər üzərində işləniləcəyini və gələcəkdə görüşəcəklərini bildiriblər: "Ancaq bu, məyusluq doğurur".
FRANSA ÜMİDLİDİR
Ermənistan və Azərbaycan prezidentlərinin Kazanda keçirilən görüşünün nəticəsi önəmsiz deyil. Belə bir bəyanatla Fransa Xarici İşlər Nazirliyi çıxış edib. Bu ölkənin xarici siyasət idarəsinin rəsmi saytında yer alan bəyanatda xüsusi olaraq qeyd olunub ki, Fransa ATƏT-in Minsk Qrupundakı tərəfdaşları olan ABŞ və Rusiya ilə birgə Qarabağ danışıqlarını davam etdirmək üçün tərəflərə hər cür kömək göstərəcək.
Bəyanatda, həmçinin, həmsədrlərin yaxın həftələrdə Bakı, Yerevan və Xankəndinə səfər edəcəyi bildirilir.
ATƏT TƏRƏFLƏRİ
ATƏŞKƏSİ
POZMAMAĞA ÇAĞIRIR
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Ajubalis də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı açıqlama yayıb. O, açıqlamasında Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli sülhə nail olmaq üçün davamlı səylərin vacibliyini vurğulayıb. "Mən bir sıra məsələlər üzrə razılıq əldə olunmasını alqışlayıram. Çünki bunlar baza prinsiplərini təsdiq etmək üçün şərait yaradacaq. Ümidvaram ki, qalan məsələlərin həlli üzrə iş davam etdiriləcək və bu münaqişənin həlli üçün yol açacaq" - deyə A.Ajubalis qeyd edib.
Sonda ATƏT sədri atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayıb: "Mən tərəfləri Həştərxan və Soçi görüşlərində əldə olunan razılaşmalara riayət etməyə, həmçinin, təmas xəttində mümkün insidentləri araşdırmağa, güc tətbiq etməməyə və və güc tətbiq etməklə hədələmədən vaz keçməyə çağırıram".
ATƏT sədrinin tərəfləri atəşkəsi pozmamağa çağırması ilə əlaqədar çağırşı da başa düşüləndir. Danışıqların nəticəsiz qalması, şübhəsiz ki, cəbhə xəttində ziddiyyətin kəskinləşməsinə səbəb olacaq ki, A.Ajubalis də bunu nəzərdə tutaraq, belə bir bəyanatla çıxış edib. Lakin bunun əvəzinə qurumun vasitəçilik missiyasını daha yaxşı yerinə yetirməsi məqsədəmüvafiq olardı.
Minsk Qrupunun həmsədrlərinin regiona yaxın vaxtlarda səfərinin də eyni məqsəd daşıdığını demək olar. Özlərini sanki iş görürmüş kimi göstərmək və münaqişənin alovlanmasının qarşısını almaq üçün həmsədrlər səfər edərək danışıqlar aparacaqlar. Həmsədrlər hər nə qədər razılığın əldə olunmamasını tərəflərin mövqeləri ilə bağlasalar da onların payı burada böyükdür. Həmsədrlər, xüsusilə də, görüşlərin keçirilməsində təşəbbüskar kimi çıxış edən Rusiyanın münaqişənin həllinə, Ermənistana təzyiqinin yetərli olmadığını desək, yanılmarıq. Bu mənada, danışıqların bundan sonrakı perspektivində də hansısa böyük bir nailiyyətin əldə olunacağına ümid etmək düzgün deyil. Maraqlıdır ki, həmsədrlərin bundan sonrakı mövqeyi necə olacaq? Onlar bundan sonra hansı təkliflərlə çıxış edəcəklər? Və yaxud da danışıqlar daha hansı müddətə uzana bilər? Bütün bu suallara, hələ ki, heç bir cavab tapmaq mümkün deyil. Lakin bunu qətiyyətlə demək olar ki, Azərbaycan tərəfi ərazilərinin daha bir neçə il işğal altında qalmasına imkan verməyəcək. Bunun sülh və ya hərb yolu olmasından asılı olmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi mütləqdir.
Murad İSMAYILZADƏ