PDF Oxu

Araşdırma

  • 14

Ermənistan əhalisi kütləvi miqrasiyadan narahatdır

Ermənistan əhalisi kütləvi miqrasiyadan narahatdır

Ermənistanın düşdüyü ağır sosial-iqtisadi vəziyyət günü-gündən dərinləşir. Ölkədə işsizlik artıq pik həddə çatmışdır. Bundan savayı korrupsiya və rüşvətxorluğun, məmur özbaşınalığının artması da əhalinin sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb. Vətəndaşlar isə bundan çıxış yolunu ölkəni tərk etməkdə görürlər.

Son dövrlər Ermənistanda miqrasiyanın səviyyəsinin yüksəlməsi də bunu deməyə əsas verir ki, artıq Ermənistanda əhalinin azalması prosesi yüksək sürət almışdır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2010-cu ildə Ermənistanı 12 min insan tərk edib. Lakin, miqrantların həqiqi sayının 70 mini keçdiyi də bildirilir. Təbii ki, bu hal onsuz da geriləməkdə olan ölkənin vəziyyətini daha da ağırlaşdırır. Hakimiyyət dairələri tərəfindən isə xaricə axını saxlamaq artıq qeyri-mümkündür. Bunu hiss edən ölkə ictimaiyyəti isə həyəcan təbili çalmağa başlayıb. Bir neçə gün bundan öncə Ermənistan ictimaiyyətinin nümayəndələri ölkədən dayanmayan miqrasiyadan narahatçılıq hissi keçirərək Ermənistan parlamentinin spikeri Ovik Abramyan və baş naziri Tiqran Sarkisyana məktub göndəriblər. 10-a yaxın yaradıcılıq ittifaqı və ictimai təşkilatın nümayəndələri bununla bağlı birgə bəyanat hazırlayıblar.

Məktubda ictimaiyyət nümayəndələri ölkə rəhbərliyini artıq "milli fəlakətə" çevrilmiş miqrasiyanın azaldılmasına dair tədbirləri keçirməyə çağırıb. Yerevanda keçirilmiş mətbuat konfransında ictimaiyyət nümayəndələri bildiriblər ki, ölkə parlamenti bu məsələ ilə bağlı müzakirələrə başlamalıdır.

Bədbəxt, korrupsiyalaşmış, insan ləyaqətinin tapdalandığı və insan həyatının dəyərsiz olduğu bir ölkədə - Ermənistanda onun vətəndaşlarının yeganə xilas yolu miqrasiya və xaricdə işədüzəlmə üzrə proqramlarıdır. Erməni mətbuatının verdiyi xəbərə görə, bu barədə Yerevanda keçirilən mətbuat konfransında "Azaraşen" elmi mərkəzinin üzvü, tarix elmləri namizədi etnoqraf Qranuş Xaratyan bəyan edib.

Ermənistanın "Stabil inkişaf naminə" assosiasiyasının sədri, coğrafiya elmləri doktoru, professor Karina Danielyan hesab edir ki, kütləvi miqrasiyanın əsas səbəbi erməni cəmiyyətinin həddindən artıq polyarlaşmasıdır.

Ermənistan ictimaiyyətinin miqrasiyanın artmasından belə narahatçılıq keçirməsi ölkədəki vəziyyətin nə dərəcədə ağır olmasından xəbər verir. Təbii ki, hər hansı bir ölkənin əhalisinin günü-gündən sürətlə azalması həmin ölkənin inkişafına təsir göstərməyə bilməz. Ermənistana isə bunun təsiri daha böyükdür. Acınacaqlı vəziyyət erməni ziyalılarının da təsvir etdiklərindən daha pisdir. Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağın isə artıq ziyalıların boynuna düşməsi aydın məsələdir. Yəni hökumətin görə bilmədiyi işi ölkə ictimaiyyəti öz boynuna götürüb. Bunun nə dərəcədə effektiv olacağı isə məlum deyil. Hər halda, hakim dairələr bu barədə ciddi düşünməli və ölkədə baş verən kütləvi miqrasiyanın hansı nəticələrə gətirib çıxaracağını ciddi götür-qoy etməlidir. Bunu doğuran səbəblər aradan qaldırılmalıdır. Təbii ki, bu səbəblər əsasən ölkə prezidenti S.Sarkisyanın apardığı daxili və xarici siyasətdir. Daha doğrusu, ölkə rəhbərliyinin ölkənin idarəçiliyini öz əlində saxlaya bilməməsidir. Yəni xarici dövlətlərdən iqtisadi, siyasi və sosial asılılıq ölkənin inkişafını əngəlləyir və dövlət kimi müstəqil siyasət yeritməsinə imkan vermir. Odur ki, belə olan halda, heç bir şəkildə Ermənistanda vəziyyətin düzəlməsindən və inkişafdan danışmaq olmaz. Xarici asılılıq davam etdikcə, ölkədə böhran daha da dərinləşəcək. Bunun son nəticədə Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxaracağını da ehtimal etmək olar.

Murad İSMAYILZADƏ

Digər xəbərlər