PDF Oxu

Araşdırma

  • 31

Korrupsiya qalmaqalı Sarkisyan hakimiyyətinə baha başa gələcək

Korrupsiya qalmaqalı Sarkisyan hakimiyyətinə baha başa gələcək

Ermənistandakı siyasi böhran getdikcə dərinləşməkdədir. Hakimiyyətdaxili siyasi böhran artdıqca Ermənistan rəhbərliyinin əməlləri də ortaya çıxmağa başlayır. Serj Sarkisyan və onun komandasının hakimiyyət səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı bu günlərdə ortaya çıxan fakt isə prezident Serj Sarkisyanın onsuz da möhkəm olmayan kreslosunu bir az da laxlatdı.

Ermənistan prezident administrasiyasının baş mühasibi Anait Zaharyan və daha üç nəfər əməkdaşın korrupsiya halları ilə bağlı işdən qovulması Ermənistanda korrupsiyanın səviyyəsinin ən yüksək həddə olduğunu bir daha təsdiqlədi. Baxmayaraq ki, Sarkisyanın administrasiyası bu qalmaqaldan öz xeyrinə "xal" yığmaq və guya korrupsiyaya qarşı mübarizə tədbirləri ilə məşğul olduqlarına dair görüntü yaratmaq istədi, bu xəbərin gündəmə gəlməsindən sonra, əksinə olaraq, bütün ittihamlar elə Ermənistan rəhbərliyinin ünvanına səsləndirilməyə başlandı. Təbii ki, bu da səbəbsiz deyil. Məsələ ondadır ki, Ermənistan prezident administrasiyasının baş mühasibi administrasiyada yeni sima deyil və o, eks-prezident Robert Köçəryanın hakimiyyətə gəldiyi vaxtdan çalışıb. Onu da nəzərə alsaq ki, Sarkisyan özü də Robert Köçəryanın komandasında müdafiə naziri vəzifəsini daşıyıb, onun prezident seçildikdən sonra erməni saytlarının da yazdığı kimi, korrupsiya məsələləri ilə bağlı çoxdan adı hallandırılan baş mühasib və onun əməkdaşları ilə bağlı xüsusi tədbir görməsi vacib idi. Lakin baş verənlərdən bu nəticəyə gəlmək olur ki, əksinə, Serj Sarkisyan və onun yaxın ətrafı bu adamlardan öz korrupsiya məqsədlərini həyata keçirmək üçün bir alət kimi istifadə ediblər.

Məsələnin ikinci və digər maraqlı tərəfi isə bu xəbərin Ermənistanla bağlı proseslərin kifayət qədər kritik mərhələdə olduğu bir vaxtda gündəliyə çıxarılmasıdır. Bunu elə məlumat erməni saytlarında yayıldıqdan dərhal sonra prezidentin mətbuat xidmətinin təsdiqləməsi də sübut etdi. Amma bu məsələnin ortaya atılmasının Ermənistanın beynəlxalq aləmdə onsuz da günü-gündən gərginləşən durumuna hər hansı şəkildə müsbət təsir edəcəyi və ya Serj Sarkisyanın bundan özünü sığortalamaq üçün istifadə etməsinin mümkün olacağı inandırıcı görünmür.

Qeyd edək ki, ötən ilin son ayında ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının Astana sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dünya birliyi, eləcə də, ATƏT-ə üzv olan və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr qarşısında qəti və sərt mövqe nümayiş etdirməsi Ermənistana beynəlxalq təzyiqlərin artması ilə müşayiət olunmaqdadır. Baxmayaraq ki, bu, hələlik, özünü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prosesdə o qədər də qabarıq şəkildə büruzə vermir, bununla belə, ATƏT-ə üzv olan ölkələrin dövlət başçılarının Astana sammitindən az sonra, daha dəqiq desək, cari ilin ilk aylarında Ermənistanın adının daha bir qalmaqalda - İrana silah verməkdə ittiham edilməsi dünya birliyinin, xüsusilə də, İranı "qara üçbucağ"a salmış Qərb dövlətlərinin Yerevana münasibətdə mövqeyinin sərtləşməsi ilə müşayiət olundu. Görünən odur ki, Rusiyanın hər zaman olduğu kimi, bu prosesləri neytrallaşdırmaq cəhdləri də artıq nəticə vermir.

Bütün bu geosiyasi gərginliklərin baş verdiyi bir vaxtda Ermənistan prezidentinin özünün antikorrupsioner dövlət başçısı imici yaratmaq cəhdləri də boşa çıxdı. Siyasi analitiklər isə hesab edirlər ki, artıq həm ölkə daxilində, həm də ölkə xaricində ona olan etimadı itirən Serj Sarkisyanın və onun administrasiyası Ermənistanda siyasi partlayışla üz-üzə qala bilər. Çünki artıq Serj Sarksiyan və onun komandası diasporanın etimadını itirib. İrana gizlin silah satışı ilə bağlı məsələ isə Qərbin Ermənistana maliyyə yardımlarını kəsməsi hesabına başa gələ bilər ki, bu da onsuz da heç bir iqtisadi perspektivi olmayan Ermənistan üçün məhvə bərabərdir. Bu baxımdan da ekspertlər hazırda həm siyasi, həm də korrupsiya problemləri ilə bağlı ciddi təhlükə qarşısında qalan Ermənistan rəhbərliyinə Rusiya tərəfindən də elə bir dəstəyin gələcəyini gözləmirlər. Ekspertlərə görə artıq Sarkisyan hakimiyyəti öz davranış və diplomatik çərçivədən kənar hərəkətləri ilə özünü həm Rusiyanın, həm də Qərbin qarşısında "yandırıb".


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər