Ermənistan mediasının verdiyi məlumatlara görə, işğalçı ölkənin vətəndaşları dövlətin perspektivlərinə olduqca bədbin yanaşırlar. Belə ki, ağır sosial-iqtisadi vəziyyət, çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının büsbütün inhisarlaşması Ermənistan vətəndaşlarını tamamilə ümidsizləşdirib. Ölkəsində iş tapa bilməyən və işsizlikdən bezən ermənilər kütləvi şəkildə xarici ölkələrə üz tuturlar.
Acından ölməmək uğrunda mübarizə
Ermənistanda sosial-iqtisadi böhran getdikcə dərinləşir. Bunun nəticəsi ya sosial partlayış ola, yaxud da miqrasiya proseslərinin sürətlənməsinə gətirib çıxara bilər.
Amma bütün hallarda Ermənistan dövlətçiliyi üçün ciddi problemlərin yaranacağını və ümumiyyətlə, indiki rejimin özünün mövcudluğu, fəaliyyətini qoruyub saxlaması üçün ciddi problemlərin yaranacağını qabaqcadan söyləmək mümkündür.
Cinayətkar rejim erməni xalqının ağır problemlər məngənəsində məhv olmasını vecinə belə almır. Oliqarxların multi-milyardçıya çevrilməsi fonunda xalqın səfalət içində yaşaması və əhalinin yarıya qədərinin ölkədən qaçdığını heç düşünən yoxdur. Hər 3 nəfərdən birinin acından ölmək durumunda qalması xalqın nə qədər ağır durumda "yaşadığını" göstərir.
Erməni KİV-nin məlumatlarına görə, həyat şəraitinin ağırlaşacağı təqdirdə, qonşu Gürcüstana üz tutaraq orada biznes qurmuş şəxsləri nəzərə almamaq şərti ilə cari ilin sonunadək işğalçı ölkəni daha 300 min nəfərin tərk edəcəyi gözlənilir. Miqrasiyanın belə yüksək səviyyədə olması əhalinin 80 faizinin nə sabaha, nə də Ermənistanın gələcəyinə inamının olmaması ilə bağlıdır.
Ermənilər ölkədən qaçır
Müstəqillik dövründə (son 20 ildə) Ermənistanı 2 milyonadək insan tərk edib. Ölkədən kütləvi mühacirət dalğası səngimək əvəzinə, daha da güclənir. Artıq ölkənin çıxış qapılarında uzun növbələr yaranıb. Məzlum erməni xalqı canlarını qurtarmaq üçün hara gəldi qaçır.
Ermənistan mediasında yayımlanan informasiyalarda deyilir ki, bu sahədə durum, həqiqətən də acınacaqlıdır. Şirak əyalətinin miqrasiya informasiyası mərkəzinin əməkdaşları bildirir ki, gənclər ölkəni demək olar ki, tam tərkibdə tərk edib. "İnsanlar ilk imkandaca ölkədən gedir və getdiyi yerdə iş olub-olmadığı ilə maraqlanmır. Onlar Ermənistandan çıxmaq üçün qanun pozuntusuna da getməyə hazırdırlar.
Erməni mətbuatı yazır ki, "xoşbəxtlikdən" bir çoxlarının miqrasiya üçün yetərli vəsait tapa bilməməsi köçün bütün əhalini əhatə etməsinin qarşısını alır. Çox uzağa gedə bilməyənlər isə Gürcüstanın yaxın bölgələrində çörək pulu müqabilində hamballıq etməklə məşğuldurlar.
İnflyasiya əhalini dilənçi kökünə salır
Ölkədə bahalaşma və qıtlıq yaranıb. Əhali nəinki normal yaşaya bilmir, hətta kommunal xərcləri belə ödəyə bilmir. Sarkisyanın iqtidarı Rusiyadan hər 1000 kubmetrini 180 dollara aldığı təbii qazi Ermənistanda vətəndaşlara 340 dollardan satır.
Hökuməti vətəndaşların ağır sosial-maliyyə durumu, bir çox ermənilərin işlətdikləri qaza görə pul ödəmək üçün heç bir imkana malik olmamaları da əsla maraqlandırmır.
News.am saytının məlumatına görə, Ermənistanda inflyasiya tempi rəsmi rəqəmdən 3 dəfə çoxdur. Bunu erməni ekspert Arutyun Mesropyan bəyan edib. O, rəsmi dairələrin inflyasiyanın 12,4% olması haqda iddialarını əsassız hesab edir.
Ermənistan hökuməti və Mərkəzi Bankının səylərinə baxmayaraq, ölkədə bahalaşmanın qarşısını almaq mümkün olmur. "Armenia Today" yazır ki, bu ilin martında fevral ayı ilə müqayisədə ərzaq məhsullarının qiyməti 11,56% artıb.
Ümumilikdə, bu ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi ötən ilin analoji dövrü ilə müqayisədə 111,1% yüksəlib. Qeyd edək ki, Dünya Bankı Ermənistanda yoxsulluğun səviyyəsinin 2008-ci illə müqayisədə 2010-cu ildə 23%-dən 34,1%-ə yüksəldiyini açıqlayıb. Artıq ölkə əhalisinin 1/3-dən çoxu ifrat yoxsulluq həddində "yaşayır".
Ermənistana xarici yardımlar kəsilir
Ermənistan bundan sonra "Minilliyin çağırışı" proqramı çərçivəsində yardım ala bilməyəcək. Bu ölkədəki mövcud durum, demokratiyanın vəziyyəti, eləcə də, qeyri-demokratik seçkilərin keçirilməsi nəticəsində Yerevan bu hüquqdan məhrum edilib. Qeyd edək ki, adıçəkilən proqram, əsasən postsovet məkanında olan ölkələr üçün hazırlanıb. Çox təəssüf ki, Ermənistan avtoritar rejimin hökmranlığı altında olsa da, Amerika bu proqram çərçivəsində birinci il 500 milyon dollar, sonrakı illərdə isə 250 milyon dollar, təxminən üst-üstə 1 milyard dollara yaxın yardım etdi. Amma Ermənistan demək olar, həmin proqramın nəzərdə tutduğu müddəaların heç birini həyata keçirmədi.
Nə plüralist cəmiyyətin yaradılması, nə çoxpartiyalı sistemin oturdurulması, seçki sisteminin şəffaflığı, insan haqlarına hörmət göstərilməsi, nə də Azərbaycanla sülh istiqamətində addımlar atılması baş verdi.
Üstəlik də, Amerikadan həm bu proqram, həm də humanitar yardım proqramı çərçivəsində alınan pulların hamısı silahlanmaya, militarist siyasi xəttin yeridilməsinə və Azərbaycanla münasibətlərin daha da kəskinləşməsinə sərf olunub. Bunu nəzərə alan Vaşinqton yardımları dayandırmağa qərar verdi.
Beləliklə, erməni xəstəliyinin (qonşularına qarşı təcavüz, soyqırımı, torpaq iddiası və s.) XX əsrin sonlarında yenidən şiddətlənməsi bu xalq üçün acı nəticələr doğurub. İndi əksər ermənilər bunun onlara nə qədər baha başa gəldiyini anlayıblar...
Elçin Bayramlı