Məlum olduğu kimi, Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev arasında telefon danışığı olub. Bu danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Bu fakt Rusiya və ABŞ-ın Dağlıq Qarabağ məsələsinə xüsusi önəm verdiklərinin göstəricisi sayıla bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.
Vüsal Quliyev,
politoloq:
- Azərbaycan dövlətinin iqtisadi qüdrəti və siyasi stabilliyi ona imkan verir ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. Azərbaycanın artan gücü, Qafqaz bölgəsində bir balans yaratdığına görə, burada Rusiya və ABŞ-ın sözügedən münaqişəni çözməyə sövq edir. Eyni zamanda, Barak Obamanın və Dmitri Medvedevin telefon danışığında, Dağlıq Qarabağ məsələsinin həll olunması istiqamətində atılan addımlar, verilən bəyanatlar onu deməyə əsas verir ki, Rusiya və ABŞ dövləti münaqişənin sülh yolu ilə həllində maraqlıdırlar. Fikrimcə, ATƏT-in Minsk Qrupu həmsədrləri olan dövlətlər də Dağlıq Qarabağ münaqişəsinin həllində çox fəallaşıblar. Son vaxtlarda da, bu problemin həlli yollarını axtarırlar. Düşünürəm ki, Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində sözügedən məsələ öz həllini tapacaqdır.
Elşad Mirbəşiroğlu,
politoloq:
- ABŞ prezidenti Barak Obamanın və Rusiya prezidenti Dmitri Medvedevin telefon danışığı zamanı bir çox məsələlər müzakirə olunmaqla yanaşı, Dağlıq Qarabağ probleminin də tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb. Amerika Birləşmiş Ştatları, Rusiyanın prezidentinin təşəbbüsü ilə gerçəkləşdirilən Ermənistan və Azərbaycan prezidentlərinin görüşlərinin alqışladığını bəyan edib. Təbii ki, sözügedən məsələnin tənzimlənməsi prosesinə bu cür öz töhfəsini verə bilər. Kazan görüşündən sonra, Rusiyanın bu münaqişənin tənzimlənməsi prosesində birmənalı söz sahibliyi etməsi məsələsi bir az sual altına düşürdü. Çünki artıq belə bir fikirlər meydana gəlməyə başladı ki, Rusiya son iki-üç ildə münaqişənin tənzimlənməsi prosesini birbaşa nəzarətdə saxlamasına baxmayaraq, hələ də irəliyə doğru heç bir addım atılmamışdır. Kazan görüşündə də ümidlər böyük olduğu halda, amma heç bir nəticə əldə olunmamışdır. Təbii ki, Rusiya tərəfi belə bir məqamda özünün simasını qorumağa çalışır. Bu məsələlərə təkbaşına yanaşmasına deyil, eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrləri olan digər dövlətlərlə birgə olduğunu göstərməyə çalışır. ABŞ və Rusiya prezidentləri arasında, bu münaqişənin tənzimləməsi ilə bağlı müzakirələrin aparılması da, məhz bu məqamdan xəbər verən haldır. Bundan başqa, burada ABŞ öz maraqlarından çıxış edərək, sözügedən məsələnin tənzimlənməsi prosesinin bu və ya digər təsir imkanları əldə etməyə çalışır. Təbii ki, Rusiyanın da son vaxtlar bu məsələ ilə bağlı intensiv görüşlərin və danışıqların aparmasını təşkil etməsi, bir nəticə vermədiyi halda, ABŞ müəyyən bir fikir yaranmışdır ki, tənzimləmə prosesində ən azı Rusiya qədər yaxından iştirak edə bilsin. Bütün bu amillər fonunda, tərəflərin sözügedən məsələni birgə müzakirə etməsi gündəmə gəlmişdi. Amma bütün hallar bizim maraqlarımıza cavab verən bir haldır. Çünki nə Rusiya, nə də ki, ABŞ regionda yenidən müharibənin başlamasını istəmirlər. RF də artıq hiss etməkdədir ki, təkbaşına Azərbaycanı müharibə ritorikasından çəkindirmək imkanlarının öhdəsindən gələ bilməyəcəkdir. Çünki bu məsələ ətrafında göstərilən səylər və verilən vədlər öz yerini və həllini tapa bilmir. Bu baxımdan, Rusiya özünə müttəfiqlər axtarmaq zorunda qalır ki, burada həm münaqişənin həlli məsələsinə ciddi yanaşıldığını nümayiş etdirsin, həm də regionda müharibənin yenidən başlamasının qarşısını təminatlı şəkildə almış olsun. Mən bir daha qeyd edirəm ki, ümumilikdə, bütün bu məsələlər, təbii ki, Azərbaycanın xeyrinə olan məsələlərdir.
GÜLYANƏ