PDF Oxu

Araşdırma

  • 11

Sülh variantı tükənmək üzrədir...

Sülh variantı tükənmək üzrədir...

Dünən "Trend" İnformasiya Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu "Qarabağ saatı" layihəsi çərçivəsində keçirilən növbəti tədbirdə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son vəziyyəti təhlil etdi. SİTM sədri bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməməsinin günahkarı Ermənistan olsa da, bu həqiqəti, hələ ki, yalnız Azərbaycan dərk edir: "Vasitəçilər bu həqiqəti dərk etməyə yaxınlaşsalar da, Kazan görüşü ərəfəsində bu həqiqətdən uzaqlaşdılar.

Kazan görüşü Dağlıq Qarabağ münaqişəsinin, eləcə də, digər münaqişələrin dinc yolla tənzimlənməsinin apogeyi və ya kulminasiya nöqtəsi oldu. Siyasi metodlarla bundan yuxarı zirvəyə qalxmaq mümkün deyil. Ermənilər bu qədər görülən işə, çəkilən zəhmətə, sərf olunan resursa yox deyibsələr, qalan analoji dinc təşəbbüslərə də yox deyəcəklər. Ermənistan başında kimin durmasında asılı olmayaraq, heç bir zaman, heç bir şərt daxilində Dağlıq Qarabağı dinc yolla Azərbaycana qaytarmayacaq. Dağlıq Qarabağda ermənilərin əldə etdiyi qələbə tarixləri boyu əldə etdikləri ilk qələbədir. RF prezidenti Dmitri Medvedevin Kazan görüşündən sonra irəli sürdüyü təklifə Ermənistan rəhbərliyinin cavabı yubatmasının səbəbi də burada axtarılmalıdır. Bu məsələdə Ermənistan rəhbərliyinin istifadə etdiyi metodlar cığal uşağın hərəkətlərinə bənzəyir".

Ekspert Rusiya prezidentinin təşəbbüslərinin nəticəsizliyi, DQ münaqişəsinin tənzimlənməməsinin Rusiyadaxili faktora çevrildiyini də söylədi: "Ermənilər "pis Medvedev - yaxşı Putin" formulu ətrafında manipulyasiya edərək, Medvedevə ciddi zərbə vurdular. Hal-hazırda Medvedevin ətrafındakı ermənilərin potensialı Mixail Qorbaçovun ətrafındakı potensialla müqayisə oluna bilər. Diqqətçəkən məsələlərdən biri də budur ki, Medvedevin ətrafında yalnız millətçi, destruktiv və gizli anti-Rusiya parametrli ermənilər toplanmışdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nisbi obyektivliyə yaxın mövqeli ermənilər Medvedev Rusiyasında sıxışdırılır. Dmitri Medvedevin dövründə aktivləşən ermənilər öz əlaqələrini yenidən digər beynəlxalq erməni təşkilatları ilə koordinasiya edirlər. Ermənilərin ortalığa qoyduğu "pis Medvedev - yaxşı Putin" formulu Medvedev və Rusiya üçün problem yaratdı, Medvedevin seçilməsi ciddi şübhə altındadır. Ermənilərin Putini aldatmaları bəlkə də mümkün deyil. Rusiyanın resurslarından öz maraqları üçün tam şəkildə istifadə edən Rusiya erməniləri müasir Rusiyada islahatçılığın bir nömrəli düşmənidirlər. Qorbaçov SSRİ-də islahata başladı. Ətrafındakı ermənilərin hesabına onun islahatçılığı SSRİ-nin dağılmasına gətirdi. Medvedevin islahatçılığı da ermənilərin hesabına Rusiyanı parçalanmağa doğru aparır".

Politoloq xatırlatdı ki, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi münaqişənin hərb yolu ilə həll olunmasını labüd edir: "Hazırda Azərbaycan sürətlə silahlanır. Gələn il Azərbaycanın hərbi büdcəsinin 3,5 milyard manata qədər artırılacağı gözlənilir. Bu isə təqribən 4,3 milyard dollar deməkdir. Bu silahlanma əvvəl-axır öz sözünü deyəcək. Bu münaqişə dinc yolla həll olunmasa, silahlar "danışmağa" başlayacaq. Bundan qaçmaq mümkün deyil".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


R.HÜSEYNOVA

Digər xəbərlər