Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. 1993-cü ilin iyununda Ümummilli Liderimiz xalqın təkidi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı. Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başlamışdır. Dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmış və uğurla həyata keçirilmişdir.
Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədar olmuşdur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzərə salsaq, görərik ki, ötən illər ərzində istər Ümummilli Lider Heydər Əliyev, istərsə də Onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə genişmiqyaslı tədbirlər həyata keçirmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır.
1999-cu ilin fevral ayının 17-də "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi" proqramı, 1999-cu il 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti "Dövlət Gənclər Siyasəti haqqında", "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı" haqqında fərmanlar Ulu Öndərin öz fəaliyyətində gənclərə verdiyi yüksək diqqət və qiyməti göstərmiş oldu. 1999-cu ildə bir gənc olaraq cənab İlham Əliyevin YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini seçilməsi bütün gənclərin sevincinə səbəb olmuşdur.
2001-ci il sentyabrın 3-də Ümummilli Lider Heydər Əliyev elmə böyük ehtiramını bildirərək "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalamışdır. Bu Fərmanın imzalanması ali məktəblərdə təhsil alan gənclərə öz elmi fəaliyyətlərində daha böyük uğurlar əldə etməsi üçün böyük bir stimul mənbəyi olmuşdur. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluqlarının təmin edilməsi, gənc ailələrə dövlət yardımı kimi proseslər göstərilmişdir. 2003-cü ilin oktyabr ayında Azərbaycan gəncliyi Ümummilli Liderin siyasi xəttini davam etdirən İlham Əliyevi Prezident seçmişdir. Digər sahələrdə olduğu kimi gənclər siyasətinin həyata keçirilməsi sahəsində də Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev, öz növbəsində, gənclərə qarşı daim böyük diqqət göstərmiş, onların problemləri ilə maraqlanmış və bu problemlərin aradan qaldırılması üçün müvafiq addımlar atmışdır. 2003-cü il 13 oktyabrda gənclərin III Forumu, 2005-ci ildə isə IV Forumu keçirilmişdir. Gənclərin inkişafı naminə Prezident İlham Əliyev 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzalamışdır. 2007-ci il Prezident İlham Əliyev tərəfindən "Gənclər ili" elan edildi. Bu da gənc nəslə olan diqqəti bir daha nümayiş etdirmiş oldu. Bu günlərdə Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramında bildirilir ki, "qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir".
RƏFİQƏ HÜSEYNOVA