PDF Oxu

Araşdırma

  • 14

Ermənistandan kütləvi və könüllü deportasiya

Ermənistandan kütləvi və könüllü deportasiya

Ermənistanda ağır iqtisadi böhran yaşandığı, pul qazanmaq üçün əhalinin ölkədən köç etməsi prosesi sürətlənib. Bu, artıq təsdiqə ehtiyacı olmayan bir faktdır. Xüsusilə də, Azərbaycandan gedən erməni miqrantları ölkədə işsizlik problemi ilə üzləşirlər. Siyasi sığınacaq almaq problemə çevrilib. Səbəb isə dövlətin vahid siyasətinin olmaması, proqramların işlənməməsidir.

Statistika vəziyyətin bərbad olduğunu göstərir. Əgər ötən il Ermənistanı 20 min ailə tərk etmişdisə, 2011-ci ilin ilk rübündə gedənlərin sayı 29 min nəfər olub. Məsələ ilə bağlı bir sıra dövlət orqanları arasında müxtəlif funksiyalar yaşanmaqdadır ki, bu da problemin həllini çətinləşdirir.

Ermənistanı hətta yüksək vəzifəli şəxslər də tərk etməyə başlayıblar. Bu da onların ölkələrinin gələcəyinə inamsızlığının göstəricisidir. Yoxsa eşşək belində ağalıq edən niyə koxasından uzaqlaşsın. Vəziyyət o yerə çatıb ki, hətta ölkə prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan da ABŞ-a köçməyə cəhd göstərib.

Ermənistanın "Jamanak" qəzeti vəziyyətin nə yerdə olduğunu araşdırıb. Nəticədə qaranlıqda gizli saxlanılan məqamlar işıq üzü görüb. Məqalədə yazılır: "Narek Sarkisyan işgüzar vizanın köməyilə "Green" kartı , ("Green kard" ingiliscədən tərcümədə yaşıl kart deməkdir və ABŞ-da əcnəbilərin müddətsiz yaşamalarına bir növ yaşıl işıq yandırır) əldə etməyə çalışıb.

Bununla bağlı ABŞ-ın miqrasiya xidmətinə müraciət edib. ABŞ-da yaşamaq izni almaq üçün Narek Sarkisyanı "MGM Paradise" şirkətinə mühasib vəzifəsində qeydiyyata alıblar.

Lakin fakt ABŞ rəsmilərinə şübhəli görünüb və Sarkisyana "Green kard" verilməyib". Məqalədə o da bildirilir ki, "MGM Paradise" şirkəti erməni şirkəti olan "Paradise"nin ABŞ təmsilçiliyidir.

Eyni zamanda, "dabanına tüpürüb qaçanlar"ın siyahısında Ermənistanın milli təhlükəsizlik xidmətinin yüksək rütbəli zabiti Vardan Yeqiazaryan da var. Ermənistanın "Aykakan jamanak" qəzetində bu barədə yazılır: "Ermənistan milli təhlükəsizlik xidmətinin kadrlar şöbəsinin rəisi Vardan Yeqiazaryan asanlıqla "Green kard" əldə edərək, birdəfəlik ABŞ-a köçüb.

Vəziyyət acınacaqlıdır. Nəzərə alsaq ki, bu cür yüksək rütbəli məmur Ermənistan təhlükəsizlik xidmətinin kadr bazasından-agentlərdən tutmuş xaricdəki casuslara qədər hamısından məlumatlıdır.

Çünki ABŞ-da ifşa olunmuş rus casusları ilə bağlı sonuncu qalmaqaldan sonra belə bir məlumat yayılmışdır ki, bu barədə informasiya məhz Ermənistan milli təhlükəsizlik xidmətindən sızıb. Yalnız bundan sonra casuslar şəbəkəsi tamamilə ifşa oluna bilib.

Hələlik, heç kim nə təsdiq, nə də inkar edə bilməz ki, bu, Yeqiazaryanın ABŞ-a yerləşməsi ilə bağlıdır. Bununla belə, milli təhlükəsizlik xidmətinin yüksək rütbəli məmurunun "Green kard"la ölkədən köçməsi faktı özlüyündə rüsvayçılıqdır".

Gözlənildiyi kimi, Ermənistanda sosial-iqtisadi durum getdikcə daha da pisləşir. Ermənistanın mövcud rejimi isə işsizlik və yoxsulluq səbəbilə gənc və orta yaşlı təbəqənin ölkəni tərk etməsinin qarşısını almaq iqtidarında deyil. Çünki aclıq və səfalət içində olan insanlar iş axtarmaq üçün başqa ölkələrə üz tutmaq məcburiyyətindədirlər. Elə bunun nəticəsidir ki, işğalçı ölkədə yaşlı əhalinin sayı durmadan artır.

Yerli informasiya agentliklərinin verdiyi məlumata görə, Ermənistanda təqaüdə çıxanlar (63 yaş və yuxarı) hazırda əhalinin 11,2 faizini təşkil edir. Ermənistanın Əmək və İctimai Təhlükəsizlik Nazirliyinin proqnozlarına görə, bu göstərici 2018-ci ildə 13,3, 2050-ci ildə isə 25,7 faiz olacaq.

Bu, eyni zamanda, işğalçı ölkədə əmək qabiliyyətli əhalinin sayının azalması deməkdir. Statistik göstəricilərə əsasən, məlum olur ki, hazırda Ermənistanda ümumi əhalinin 70,6 faizini təşkil edən əmək qabiliyyətli əhalinin sayı 2050-ci ildə 57,6 faizədək enəcək.

Məsələyə münasibət bildirən, nazir müavini Ardan Asatryan deyib ki, ümumi əhalinin 12 faizinin təqaüdçü yaşına gəlməsi həm də cəmiyyətin yaşlanması deməkdir. Ermənistanın maliyyə nazirinin müavini Vardan Aramyan isə işğalçı ölkədə məcburi təqaüdçülük sığorta sisteminə keçidin 2014-cü ilə qədər təxirə salındığını söyləyib.

Qeyd edək ki, yeni sistemin 2011-ci ildən etibarən tədbiq edilməsi nəzərdə tutulurdu. Beləliklə, görünən odur ki, Ermənistan hakimiyyəti vətəndaşları aclıq və səfalətdə saxlamaqda israrlıdır. Ermənistandakı yoxsulluqla bağlı müxtəlif beynəlxalq təşkilatların, eləcə də, Dünya Bankının açıqladığı hesabatlarda yer alan rəqəmlər də bunu təsdiq edir.

Məsələn, Dünya Bankının məlumatına görə, Ermənistanda 2009-cu ildə yoxsulluğun səviyyəsi 28,7 faiz, ifrat yoxsulluq isə 6,9 faiz olduğu halda, cari ildə bu rəqəm 34,1 faiz təşkil edir. Lakin yoxsulluğun artmasına baxmayaraq, ölkədə əhaliyə verilən sosial yardımlar azalıb.

Digər tərəfdən, işğalçı ölkədəki inflyasiya durmadan artır. Belə ki, ötən ilin mayı ilə müqayisədə cari ilin analoji dövründə qeydə alınan inflyasiyanın səviyyəsi 9 faiz olub. Ümumilikdə, bu rəqəm rəsmi olaraq, 11,3 faiz, qeyri-rəsmi isə 45 faiz təşkil edir. Bununla yanaşı, Ermənistanda istehlak qiymətlərində dəyişiklik müşahidə olunmayıb. İşğalçı ölkədə iqtisadi durumun ağırlaşması nəticəsində işsizlik də artır.

Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəhbəri Sona Arutyunyan deyib ki, ötən illə müqayisədə bu il Ermənistanda işsizlik daha 10 faiz artıb. Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizliyin səviyyəsi 30 faizə qədər yüksəlib. Rəsmi məlumatlara görə, işsizlərin 56 faizi 31-50 yaş həddində olanlar, 70 faizi isə qadınlardan ibarətdir.

İnflyasiyanın artması fonunda maaşların sabit qalması isə Ermənistanın əhalisinin gəlirləri ilə qiymət artımı arasındakı uçurumu artırmaqda davam edir. Bütün faktlar isə, işğalçı ölkənin sosial partlayışın bir addımlığında olduğunu deməyə əsas verir.

İşğalçı ölkənin sabiq prezidenti Ter-Petrosyan və sabiq xarici işlər naziri Vardan Oskanyanın dediyi kimi, Ermənistanda hökm sürən vəziyyətdən yalnız Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra, Ankara-Yerevan, Bakı-Yerevan münasibətlərinin normallaşması sayəsində çıxa bilər.

Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir.


Elçin Bayramlı

Digər xəbərlər