20 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dünya birliyinin, beynəlxalq təşkilatların qəsbkar siyasətə son qoyulması tələbinə əhəmiyyət vermir. Ermənistanın işğalçılıq siyasəti zamanı yüzlərlə azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürüldü, işgəncələrə məruz qaldı, insanlar diri-diri tonqalda yandırıldı. Baş vermiş bütün bu hadisələr erməni vandalizminin, vəhşiliyinin, qəddarlığının əyani sübutudur.
Beynəlxalq qurumlar ATƏT, AŞPA, BMT, İKT Ermənistanı işğalçı dövlət kimi tanıyıb. BMT- nin çıxardığı dörd qətnaməyə əsasən erməni separatçıları işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmalıdır. Lakin indiyə qədər Ermənistan hakimiyyəti açıq şəkildə dünya birliyinə qarşı çıxaraq çıxarılmış məlum qətnamələrin icrasını həyata keçirməyib. Təəssüf ki, beynəlxalq təşkilatlar həm təcavüzkar əməllərinə, həm də özbaşınalığına görə artıq 20 ildir ki, işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib, təzyiq və təsir rıçaqları işə salmayıb.
"Bu gün düşmənimiz olan ermənilər işğalçı, zorakı təfəkkürə malik bir millətdir. Zamanında Dağlıq Qarabağda yaşayan ermənilər sonra orada ikinci erməni dövlətinin yaranmasına iddialı olublar. Lakin onların bu qara niyyətləri reallıqda heç zaman öz həllini tapa bilməyəcək" deyə politoloq Mübariz Əhmədoğlu "Səs"ə açıqlamasında qeyd etdi.
Politoloq əlavə etdi ki, mənfur ermənilərin işğalı nəticəsində 1 milyondan artıq əhali məcburi qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur qalıb. Hətta bu azmış kimi, rayonlarımızın adlarını belə dəyişdiriblər. Axı nəyə görə beynəlxalq aləm işğalçı Ermənistanı zəbt etdikləri torpaqlarımızı boşaltmağa məcbur etmir. Liviyada Qəddafi, İraqda Səddam rejiminə qarşı çox ciddi tədbir gördülər. NATO silahlı qüvvələrini 2-3 saat ərzində Liviyaya göndərdilər. Amma minbir qətliama, soyqırımına imza atmış, nahaq qanlar tökmüş və ən nəhayət, körpə uşaq qatili olan Serj Sarkisyana qarşı heç bir ciddi sanksiya tətbiq edilməyib. Bu ədalətsizliyə, haqsızlığa birdəfəlik son verilməlidir. Əgər Ermənistan cəzalandırılmasa, o zaman yeni-yeni təxribatlara, cinayətlərə yol açmış olacaq. Bu gün erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisi əzəli və əbədi Azərbaycan torpaqlarıdır və hər zaman elə olaraq da qalacaqdır.
M. Əhmədoğlu onu da vurğuladı ki, bu gün işğalçı ölkənin özündə vəziyyət olduqca gərgindir. Serj Sarkisyanın hakimiyyətə gəldiyi gündən indiyədək vaxtaşırı olaraq, hökumət əleyhinə kütləvi şəkildə mitinqlər və aksiyalar keçirilir. Bu artıq Ermənistanda adi hala çevrilib və hər gün işğalçı dövlətdə kütləvi şəkildə qarşıdurma olur. Həm müxalifət qüvvələri, həm də ictimaiyyət birmənalı şəkildə Sarkisyanın hakimiyyətdən getməsini tələb edirlər. Çünki Sarkisyan Ermənistanın iflasa uğramasının, korrupsiyalaşmasının səbəbkarıdır. Bundan əlavə, hər bir kəsə məlumdur ki, həm R.Köçəryanın, həm də S.Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda insan haqları demək olar ki, həmişə pozulurdu. İşğalçı ölkədə demokratiyadan, insan hüquqlarının müdafiəsindən söhbət belə gedə bilməz. Serj Sarkisyanın hakimiyyətə gəlişi ilə, demək olar ki, işğalçı dövlətdə hərbi xunta rejimi daha da gücləndi və insanların siyasi fikirlərinə görə, kütləvi surətdə həbslər başlandı. Bu gün Ermənistan həbsxanalarda siyasi məhbusların həddindən çox olması artıq adi bir həyat formasına çevrilib.
Sarkisyanın son bəyanatına münasibət bildirən politoloq M.Əhmədoğlu bunu Ermənistan prezidentinin ağılsızlığı, məsuliyyətsizliyi adlandırdı: "Təcavüzkar Ermənistan çox aciz, daima qorxu, təpki altında yaşayan bir millətdir. Sadəcə, nəyinsə xatirinə hər dəfə sərsəm bəyanatlarla çıxış etmək artıq Ermənistan prezidentində adi bir xobbi halına çevrilib. O, həmişə belə sərsəm, məntiqsiz bəyanatlar yayıb. Amma düşünmür ki, belə boş-boş, lazımsız ifadələr səsləndirməklə, ölkəni daha da uçuruma yuvarlayır. Əgər onda düşünmə qabilliyyəti olsa idi, bu səpkili bəyanatlardan uzaq durardı. Bizim üçün Sarkisyanın əhəmiyyətsiz bir adam olduğu üçün bəyanatları da maraqsızdır. Ona görə də buna bir o qədər də ciddi önəm vermək lazım deyil.
Politoloq M. Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxundu. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində Minsk Qrupunun üzərinə böyük məsuliyyət düşür. Görünür ki, Minsk Qrupunun həmsədrləri mövcud münaqişəni həll etməyə qadir deyil. Sərasər nə az, nə çox düz 16 ildir ki, danışıqlar aparan ATƏT-in Minsk Qrupunun həmsədrləri, deyəsən, məlum münaqişəni həll etmək deyil, etməmək üçün yaradılıbdır. Hər dəfə ənənəvi olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə aparılan danışıqların müddətini uzadır və münaqişənin sülh yolu ilə həll etmirlər.
Politoloq əlavə etdi ki, Dağlıq Qarabağda olan özbaşınalığı, narkotik maddələrin istifadəsini, abidələrimizin dağılıb, yerlə yeksan olmasını həmsədrlər bütün dünyaya olduğu kimi çatdırmaqda tərəddüd edirlər.
Politoloqun sözlərinə görə, bütün bunların arxasında hansısa bir siyasi oyun durur və onların bu oyunu nə vaxt bitirəcəkləri məlum deyil. ATƏT-in Minsk Qrupu formal olaraq, yalnız beynəlxalq güclərə lazımdır. Hal-hazırkı şərtlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupundan müsbət heç nə gözləmək olmur. Onlar öz fəaliyyətlərini daha da gücləndirməli, münaqişənin həllində konkret mövqe nümayiş etdirməlidirlər.
AYLANA RZAYEVA