PDF Oxu

Araşdırma

  • 34

“İran generalının bəyanatı göstərdi ki, İranın dünyada zərrə qədər hörməti yoxdur”

“İran generalının bəyanatı göstərdi ki, İranın dünyada zərrə qədər hörməti yoxdur”

"İran Ordusunun Baş Qərargah rəisi, general Həsən Firuzabadinin bəyanatı göstərdi ki, İranın dünyada zərrə qədər hörməti yoxdur". SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, rəsmi Tehran rəsmiləri tərəfindən səsləndirilən müxtəlif bəyanatlar yeni deyil və hazırkı vəziyyətdə iki məqsəd güdür: "Birincisi, bundan qabaq Mösləhinin, müxtəlif İran siyasətçilərinin oxşar anti-Azərbaycan çıxışları da var. İranın müəyyən dairələri elə başa düşürlər ki, bununla partlayış effekti yaradırlar və öz bəyanatları ilə Azərbaycanın daxilində guya vəziyyətin gərgin olduğunu göstərirlər. Digər tərəfdən, onlar çalışırlar ki, öz ərazilərində yaşayan azərbaycanlıları qorxutsunlar.

Çünki başa düşürlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət Azərbaycanı güclü inkişaf yoluna çıxarıb. İranda nə qədər internet, televiziya, radionu bağlasalar da, faktdır ki, Azərbaycana səfər edən iranlılar geri qayıdandan sonra Azərbaycan güclü inkişaf etdiyini danışırlar və bununla da İran cəmiyyətində ölkəmiz haqqında obyektiv rəy yaradırlar. Buna gora də İran azərbaycanlıları arasında İlham Əliyevin reytinqinin hədsiz yüksək olması təsadüfi deyil. Məhz bu səbəbdən İranın dini, siyasi rəsmiləri vaxtaşırı anti-Azərbaycan, anti-İlham Əliyev xarakterli bəyanatlar verirlər ki, əhalini çaşdırsınlar və qorxutsunlar".

Politoloq hesab edir ki, İranın bəzi dairələrində Azərbaycana olan nifrət artıq ifrat səviyyəyə çatıb: "Masallıda ATS-in partlaması, Hacıqabulda yanacaq doldurma mərkəzinin yanında baş verən hadisə İranın həmin dairələrini çox sevindirdi. Bəlkə də o hadisələrin hər ikisinin təşkilində İranda kiminsə rolu var və yaxınlarda hüquq mühafizə orqanlarının apardığı istintaq nəticəsində maraqlı məlumatların ortaya çıxması istisna edilə bilməz.

Biz artıq İran mətbuatının törətdiyi "partlayışlar"a adət etmişik. Məsələn, qonşu ölkənin KİV-ləri yazır ki, hərbi parad zamanı Azərbaycan təyyarələrini israilli pilotlar idarə edib.Və yaxud iddia edilir ki, Azərbaycan Liviyaya benzin satdı. Liviyanın benzini yoxdur? Yoxsa Liviyada neft qurtarıb? Görəsən neft daşıyan tankerlər NATO gəmilərinin Aralıq dənizində qurduğu kardonu necə keçir?

Yəni bütün bu səs-küyün əsas məqsədi İran cəmiyyətində guya Azərbaycanda vəziyyətin pis olması haqqında rəy formalaşdırmaqdır. Həm də xarici aləmə çatdırmaq istəyirlər ki, guya Azərbaycanda qeyri-sabitlik var. Ona görə İran Ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadinin verdiyi bəyanatlar o biri İran rəsmilərinin bəyanatlarına bənzəyir. Ancaq nə qədər ki, Azərbaycanın Prezidenti İlham Əliyevdir, o qədər də İran Azərbaycanın inkişafının şahidi olacaq və nə qədər ki, İlham Əliyevin dünya azərbaycanlıları, xüsusən də İran azərbaycanlıları içərisində reytinqi yüksəkdir, İran rəsmiləri həmişə bizə qarşı bəyanat verəcəklər. İranın parçalanacağı, cənubi və şimali Azərbaycanın birləşməsi ideyası onları heç vaxt rahat yatmağa qoymayacaq".

İran səfirliyinin İran Ordusunun Baş Qərargah rəisi, general Həsən Firuzabadinin bəyanatını təkzib edən xəbər yaymasına gəlincə politoloq: "Səfirin dediklərinə gördüyünüz kimi, İranın Xarici İşlər Nazirliyi reaksiya verməyib. Yəni hesab edək ki, İranın təkzibi yoxdur. Mən şəxsən özüm üçün belə hesab edirəm"- deyə o, əlavə edib.

Digər xəbərlər