Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır.
Dindən yararlanan dinsizlər
Azərbaycan hüquqi, sivil, dünyəvi dövlət kimi insan hüquqlarının müdafiəsinə böyük önəm verir, ölkəmizdə etiqad azadlığı, dini fəaliyyətə hörmətlə yanaşılır, tolerantlıq mühitinin pozulmasına yönəlmiş əməllərin qarşısı dərhal alınır.
Təəssüf ki, bəzi region ölkələri Azərbaycanın dost və səmimi münasibətindən sui-istifadə edir, müxtəlif vasitələrdən, o cümlədən din amilindən yararlanaraq daxili vəziyyəti süni şəkildə gərginləşdirməyə istiqamətlənmiş hadisələrə dəstək verməyə çalışır.
Ölkədə yaradılmış demokratik şəraitdən yararlanmağa çalışan bir sıra qüvvələr separatçılıq əməllərini həyata keçirmək, milli, dini situasiyanı gərginləşdirmək cəhdində bulunurlar. Nəzarətlərində bəzi qəzet, jurnal və çox sayda internet saytları olan bu qüvvələr fəalsurətdə anti-Azərbaycan təbliğata başlayıblar.
Bu qüvvələrə açıq dəstək verən İran molla rejiminin bəzi nümayəndələri öz ölkələrindəki problemlərin dərdinə qalmayıb, Azərbaycanda problem axtarırlar. Belə mollalardan biri də Ərdəbilin imam-cüməsi, Höccətül-islam Seyyid Həsən Amilidir.
İranda Amili amili
Azərbaycanın varlığından narahat olan fars zehniyyətinin qullarından olan Amili ayətullah olmaq üçün öz xalqının dünyadakı yeganə dövlətinə "daş atır". Halbuki, Amilidə azca vicdan, heysiyyat olsaydı, Güney Azərbaycanda "mən türkəm" dediyi üçün edam edilən soydaşları üçün İran rejiminə baş qaldırardı.
Amilidə bir az qeyrət olsaydı, ETTELAAT və SEPAH-ın həbsxanalarında min bir işgəncəyə məruz qalan, xalqının azadlığını istədiyi üçün "fahişə" damğası ilə daş-qalaq edilən, evlərindən SEPAH və BƏSİC-in qoyduğu silahlar çıxdığı üçün elektrik stolunda, dar ağaclarında can verən Azərbaycan türkləri üçün tükünü tərpədərdi.
Amili o qədər korlaşıb ki, hər ay ən azı 100-ə yaxın İran vətəndaşının ölkəsinə təhvil verilmə səbəbini görmür. Başqasının gözündə çöp axtarana qədər bir dəfə soruşmur ki, üstündə narkotik yaxalanan və İranın tələbi ilə cəzasının geri qalanını İran həbsxanalarında çəkməli olanların hansı biri məhkum edilib? Bir sərhəddən bu qədər narkotikanın keçirilməsi o ölkənin narkocənnət olduğundan xəbər vermirmi?
Həsən Sabbahın "xəşxəşiləri" kimi İranda narkotikdən istifadə etməsi məcburi olan və siğədən olma yetim uşaqlardan ibarət ordu dəstələrinin (BƏSİC) qurulması əslində molla rejiminin mahiyyətindən xəbər vermirmi? Narkotiklərin satışı və istifadəsi İranın xarici siyasətinin bir parçası deyilmi?
Azərbaycanı insan haqlarına təcavüz etməkdə suçlayan Amili öz vətəndaşlarını günahsız yerə həbs edib, edam etdirən, evlərini viran qoyub, iki metrlik yerdən az qala tank çıxaran fars rejiminin çirkin əməllərin görmür.
Burada 1-2 avanturist təxribatçını (ki, bu bədbəxtləri yazıq günə qoyan elə İran və Xamneyinin mənəvi övladı İsgəndər Hüseynzadədir) həbs edəndə, Ərdəbildən Bakıya teleqraf çəkən Amili nə üçün burnunun ucunda baş verənlərə səsini çıxarmır?
Öz gözündə tiri
görməyənlər...
Öz vətəndaşlarına qarşı olunanları görməməyi bir tərəfə, müxtəlif səbəblərdən İrana addım basan azərbaycanlıların hər cür təzyiqə məruz qalması, aylarla günahsız yerə həbsdə yatmasına nə deməli ağayi Amili? Özünü "vilayət cocuğu" adlandıran İsgəndər Hüseynzadənin vasitəsi ilə İranda təhsil alan tələbələrin "verbovka" edilməsinə nə deməli? İsgəndərin tapşırığına qol qoymayanların min bir zülmə məruz qalmasına nə deyirsən ağayi Amili?
Sizə bircə faktı xatırladaq: Avqustun 11-də Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Səid Nəimi və Səid Muğanlı Təbriz zindanının ümumi bölümünə köçürülüblər. Səid Nəimi 95 gün, Səid Muğanlı isə 65 gündən sonra Təbriz həbsxanasının ümumi bölümünə köçürülüblər. Bu müddətdə hələ də onların həbs səbəbi kiməsə məlum deyil.
Xatırladaq ki, insan haqları fəalı, Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin qurucularından olan Səid Nəimi 2011-ci il maın 8-də "Ettelaat" əməkdaşları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutulub. Səid Muğanlı isə öz ata evində həbs olunub.
Belə ki, "Ettelaat" əməkdaşları Ərdəbil vilayətindəki Üngüt şəhərinin Yelsu kəndinə gedərək soydaşımızı öz ata evində tutublar. "Ettelaat"ın 8 əməkdaşı Səid Muğanlını həbs edərkən evdə axtarış aparıb və ona aid bir çox sənəd və şəxsi əşyalarını özləriylə aparıblar.
Səid Muğanlı Azərbaycan tükcəsi və ədəbiyyatı üzrə tanınmış simalardan biridir. O bundan öncə də İran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, həbs edilib.
Farsın erməni sevgisi
Azərbaycana qarşı tələb irəli sürənlər, görəsən nəyə görə öz hökumətlərindən Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinməyi tələb etmirlər? İki ölkə arasında iqtisadi, siyasi, hərbi əməkdaşlıq ən yüksək səviyyədədir. Halbuki, İsraillə əməkdaşlıq etməkdə günahlandırılan Azərbaycanın heç bu ölkədə səfirliyi belə yoxdur.
Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?
Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?
Yadınıza bir faktı salmaq istəyirəm. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan 1993-cü ildə, savaşın qızğın vaxtında Ermənistan parlamentində etdiyi çıxışında bunu etiraf etmişdi: "Əgər İran 3 gün belə yardımlarını dayandırsa, Ermənistan məhv olar". Əlavə şərhə ehtiyac varmı?!
Burada bir məqama da toxunmamaq olmaz. İranın da üzv olduğu İslam Konfransı Təşkilatının qəbul etdiyi "Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda" adlı qətnamədə qeyd olunur ki, İKT üzvü olan bütün dövlətlər təcavüzün nəticələri aradan qaldırlanadək, öz siyasi, iqtisadi və digər imkanlarından istifadə etməklə işğalçı dövlətə təzyiq göstərməlidirlər.
Lakin görünən odur ki, İran bu qətnaməyə imza atmasına baxmayaraq, orada qeyd olunan prinsiplərə riayət etmir, əksinə Ermənistanla siyasi, iqtisadi, hətta hərbi əlaqələri getdikcə gücləndirir.
Azərbaycanla İranın fərqi
Bəzi ölkələrdən fərqli olaraq öz ərazisində qanunlara və demokratik prinsiplərə riayət edən, insan hüquqlarına hörmətlə yanaşan Azərbaycan nədə günahlandırıla bilər? Azərbaycan bütün dünyada tolerantlığın ən yüksək formada olduğu nümunəvi ölkə kimi qiymətləndirilir.
Bəli, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını milli, dini, cinsi, irqi və sosial fərq qoymadan qoruyur. Ölkədə bütün kateqoriyalardan olan azlıqların səbəst fəaliyyətinə və inkişafına dövlət yardım edir. Lakin bu o demək deyil ki, hansısa ölkə bundan istifadə edib pul gücünə ələ aldığı adamlar vasitəsilə bu durumu gərginləşdirməlidir.
İranda Azərbaycan vətəndaşları həbs olunanda, bu ölkədə Azərbaycan əleyhinə ermənilərin geniş və azad fəaliyyət göstərdikdə Azərbaycanda heç İran əleyhinə hansısa bir etiraz aksiyası keçirilməyib. Hətta, İranda azərbaycanlıların hüquqlarının pozulması, onlara təzyiqləri rəhbər tutaraq İranın Bakıda səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyən təşkilatlara icazə verilməyib. Yalnız ona görə ki, Azərbaycan İranı dost və qardaş ölkə hesab edir.
Rəsmi Bakı digərləri ilə olduğu kimi, İranla da mehriban qonşuluq münasibətlərinin inkişaf etməsinə, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə çalışır. Belə bir şəraitdə, İran rəsmilərinin ölkəmiz əleyhinə açıqlamaları təəccüb doğurur.
Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, İran hakimiyyəti "Səhər" televiziya kanalının Azərbaycanı, Azərbaycan hakimiyyətini davamlı şəkildə tənqid və təhqir etdiyinə göz yumur.
Bütün bunlar İranın müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə təsir göstərmək cəhdləri kimi başa düşülür. Bunlar İranın rəsmi dairələri tərəfindən cavablandırılması vacib olan məsələlərdir.
Fars mollasının
anlamalı olduğu şey
İran da daxil olmaqla heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna yol verilməyəcək. Azərbaycanın demokratik, müstəqil və sivil bir ölkə olmasını nəzərə alsaq, o zaman təbii olaraq dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq etmək, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınmalıdır.
Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir. Azı 4 min illik dövlətçilik tarixi olan Azərbaycanı heç bir xarici qüvvə və daxili seperatçı qüvvələr tərəfindən öz yolundan döndərilə bilməz. Bu səbəbdən də, öz ərazisində hər hansı qanunsuz hərəkətin qarşısını almaq birbaşa olaraq dövlətin müstəsna hüququdur.
Beləliklə, bölgədə və Azərbaycanda gedən son proseslərdən görünür ki, Azərbaycanın güclənməsi, müstəqil siyasət həyata keçirməsi və ölkədaxili situsiyanın normal olması bəzi xarici dövlətlərə sərf etmir.
Buna görə də, müxtəlif yollarla ölkədaxili sabitliyi pozmaq, milli, dini ayrı-seçkiliyi qızışdırmaq, seperatizmi təbliğ etməklə Azərbaycanı çətin durumda qoymağa çalışırlar. Lakin qeyd edək ki, Azərbaycan hakimiyyəti bu kimi halların qarşısını qətiyyətlə almaq iqtidarındadır.
Cəmiyyətimiz isə, belə hallara qarşı mənfi münasibət bəsləyir. Bunu nəzərə aldıqda inamla söyləmək olar ki, belə əməllərlə sözügedən qüvvələr heç nəyə nail ola biılməyəcəklər. Çünki Azərbaycan güclü iqtisadiyyata, möhkəm dövlət sisteminə, vətəndaş həmrəyliyinə malik olan dövlətdir. Bu dövləti nə xarici, nə də daxili təzyiqlərlə zəiflətmək mümkün deyil. Artıq bunu anlamağın vaxtıdır.
Elçin Bayramlı