İnkişaf göstəriciləri baxımından MDB məkanında son pillələrdə yer alan Ermənistanın sosial-iqtisadi sahədə üzləşdiyi problemlərin miqyası durmadan artır. Artıq bu ölkənin özündə də açıq etiraf edilir ki, hadisələrin belə gedişi Ermənistanın bir dövlət kimi məhvini şərtləndirir. O da xüsusi olaraq vurğulanır ki, mövcud problemlərin həlli üçün hakimiyyət hər hansı konsepsiya va ya tədbirlər planına malik deyil.
Əksinə, iqtidarda təmsil olunanlar yalnız öz şəxsi mənafelərini güdməkdə, istənilən qanunsuz yolla daha çox varidat toplamaq barədə düşünürlər. "Armtoday" portalı bildirir ki, məhz elə bu səbəbdən həddən artıq kasıb olan, əhalisinin böyük hissəsi ifrat yoxsulluq həddində yaşayan bu kiçik ölkədə sürətli inkişaf mərhələsi yaşayan yeganə sahə korrupsiyadır.
Portal yazır ki, korrupsiya Ermənistanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb və artıq ölkənin milli təhlükəsizliyinə də böyük təhlükə yaradır. Belə vəziyyət sadə vətəndaşların mövcud hakimiyyətdən duyduğu narazılığın daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər yüksəlməsinə gətirib çıxarır.
Ermənistanın bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir və vaxtaşırı verilən quru vədlərdən ibarətdir. Nəticədə ölkə həyatının ən müxtəlif sahələrində korrupsiya, rüşvətxorluq daha dərin kök salır, böyük sürətlə çiçəklənir.
Məsələn, indi dövlət səviyyəsində açıq etiraf olunur ki, təkcə vergi sistemində korrupsioner, rüşvətxor məmurların sayı 2 min nəfərdən artıqdır. Media isə bildirir ki, vergilər naziri korrupsiya piramidasının əsas fiqurlarındandır.
Ermənistan parlamentində təmsil olunan deputatlar da korrupsionerlər ordusunun ön sıralarında yer alırlar. Digər tərəfdən, deputat mandatı alanların böyük əksəriyyəti ölkənin tanınmış biznesmenləri sayılır, onlardan bir çoxu hətta konkret sahələr üzrə ən iri inhisarçılardır. Ermənistan qanunvericiliyinə əsasən, deputatın bizneslə məşğul olması qəti qadağandır. Yerli media yazır ki, burada qanun yalnız əhalinin kasıb, aşağı təbəqəsi üçün keçərlidir.
Korrupsiya və rüşvətin tüğyan etdiyi sahələr sırasında silahlı qüvvələr, o cümlədən, ordu xüsusilə "fərqlənir". "Daşnaksütyun" partiyasının bununla bağlı yaydığı sənədlərdə hətta Müdafiə Nazirliyində hərbi çağırışlar zamanı alınan rüşvətlər, onların kimə çatması, rüşvətin zonalar üzrə təsnifatı əks olunur.
Belə məlum olur ki, müdafiə naziri Seyran Ohanyan təkcə hərbi çağırışlar zamanı milyonlarla dollar gəlir əldə edir. Həmçinin, orduya ayrılan vəsaitin böyük hissəsi də təyinatı üzrə xərclənməyərək Seyran Ohanyan və baş qərargah rəisi Yuri Xaçaturov tərəfindən mənimsənilir. Hər iki şəxs isə prezident Serj Sarkisyanın ən yaxın adamları sırasında yer alır. Yayılan məlumatlara görə, Seyran Ohanyan və Yuri Xaçaturovun mənimsədiyi pulların böyük hissəsi məhz Serj Sarkisyana çatır.
Erməni mediası yazır ki, elə bu səbəbdən Müdafiə Nazirliyində korrupsiyaya qarşı mübarizə daim Ohanyan və Xaçaturovdan yan keçir. Qeyd olunur ki, orduda kim özündən yüksək rəhbərliyə daha az pul verirsə, böyük miqdarda vəsait toplamağı bacarmırsa, hədəfə götürülür. İri korrupsionerlərə isə, bir qayda olaraq, toxunulmur.
Ermənistanın hüquq-mühafizə orqanları rüşvət və korrupsiyanın miqyasına görə seçilənlər cərgəsindədir. Bu orqanlar hüquqların mühafizə olunmasından başqa hər işlə məşğuldurlar.
Ölkənin baş korrupsionerləri qismində isə həmişəki kimi sabiq prezident Robert Köçəryan və onun indiki xələfi Serj Sarkisyanın adı çəkilir. Xatırlatmaq yerinə düşərdi ki, bundan əvvəl Rusiya mətbuatında yer alan məlumatlara görə, korrupsiya, rüşvət, cinayətkarlıq nəticəsində təkcə Robert Köçəryanın malik olduğu sərvətin həcmi 4 milyard ABŞ dollarını keçir və indinin özündə də, o, Ermənistanda əsas biznes sahələrinə nəzarət edir.
Ermənistanın indiki prezidenti Serj Sarkisyanın nəzarətində olan biznes obyektləri, o cümlədən, şərab kombinatları, mehmanxanalar, restoranlar şəbəkəsi Azərbaycanın işğal olunmuş ərazilərindən tutmuş Rusiya paytaxtına qədər gedib çıxır.
Müxtəlif təşkilatlar tərəfindən Ermənistanda aparılan sorğular göstərir ki, son illər ölkədə korrupsiyanın həcmi xeyli artıb. Rəyi soruşulanların əksəriyyəti bütün məmurların istisnasız olaraq rüşvət və korrupsiyaya qurşandığını düşünür. Ermənistanda daha çox korrupsiyalaşmış sahələr kimi təhsil, səhiyyə, ordu, polis və məhkəmə sistemləri göstərilir.
Hazırda Ermənistanda belə bir fikir hakimdir ki, korrupsiya tam şəkildə ölkənin maddi və mənəvi həyatına daxil olaraq hər şeyi amansızcasına məhv edir. O da bildirilir ki, dövlət xəzinəsinin talan edilməsi, əmlakın, xaricdən alınan kreditlərin mənimsənilməsi fonunda miqrasiya və yoxsulluq səviyyəsi də durmadan yüksəlir, iqtisadiyyat böyük sürətlə tənəzzülə uğrayır.
Həllini tapmayan sosial problemlərin miqyası daha da genişlənir. Bütün bunlar Ermənistanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən, işğalçı ölkənin böyük sürətlə məhvə doğru getdiyindən xəbər verir. Erməni xalqının bütün bunlara necə dözdüyü təəccüb doğurur.
Elçin Bayramlı