PDF Oxu

Araşdırma

  • 22

BMT Azərbaycanın haqq işini dəstəkləyəcək

BMT Azərbaycanın haqq işini dəstəkləyəcək

Sentyabrın 13-də BMT Baş Məclisinin 66-cı sessiyası keçiriləcək. BMT Baş Məclisinin ötən 65-ci sessiyasıda müzakirə edilməyən məsələlər "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihələri 66-cı sessiyada müzakirə olunacaq.

Baş Məclisin 66-cı sessiyasında nəzərdə tutulan bir sıra məsələlərin müzakirəsi sentyabrın 27-dək davam etdirilcək. Bəzi azərbaycanlı siyasi şərhçilər, politoloqlar Azərbaycanın Dağlıq Qarabağla bağlı qətnamə layihələrinin bu sessiyada qəbul olunacağını proqnozlaşdırırlar. 65-ci sessiyada ATƏT-in Minsk Qrupunun müraciətlərindən sonra geri götürülən qətnamə layihələrinin bu dəfə qəbul olunacağı güman edilir.

"Hesab edirəm ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı məlum qətnamələri böyük ehtimalla qəbul olunacaq. Bu gün Azərbaycan dövlətinin BMT Baş Assambleyasında səs toplamaq problemi yoxdur. BMT Baş Məclisinin ötən sessiyasında kifayət qədər səs toplayaraq sənəd qəbul olundu". Bu sözləri "Səs"ə açıqlamasında politoloq Mübariz Əhmədoğlu dedi: "Doğrudur, sənədimiz keçdi, lakin Avropa Birliyi, ATƏT-in Minsk Qrupunun həmsədrləri, İran İslam Respublikası min bir bəhanə gətirərək səsvermədən geri çəkildi" deyə M. Əhmədoğlu vurğuladı.

Politoloq onu da qeyd etdi ki, BMT Baş Məclisinin ötən sessiyasında bizim lehimizə səs verənlərin, demək olar ki, böyük əksəriyyəti müsəlman dövlətləri olmaqla qətnamə qəbul olundu. Lakin son anda məlum qətnamənin qəbulunu səsvermədən geri çəkdik.

Politoloq bunun da səbəbini ATƏT-in Minsk Qrupu həmsədrlərinin bizi aldatması ilə izah etdi: "Bu aldatma da ATƏT-in Minsk Qrupunun növbəti ermənipərəst mövqeyindən və ikili standartlarında irəli gəlir".

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan rəsmilərin demişdilər ki, BMT-nin Baş Məclisindən qətnaməni götürsünlər. Söz vermişdilər ki, Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədi imzalatdıracaqlar.

Politoloq ATƏT-in Minsk Qrupuna qulaq asdığımızı və bunun fonunda da BMT-nin ötən sessiyasında qətnamənin geri götürüldüyünü söylədi. Azərbaycan tərəfi sözünə əməl etdi, lakin ATƏT-in Minsk Qrupunun "hörmətli" həmsədrləri, demək olar ki, indiyə qədər sözlərinə əməl etməyiblər. Həmsədrlər daha Azərbaycanı aldatmaq iqtidarında deyil.

M. Əhmədoğlu vurğuladı ki, artıq o vaxdan bu günə qədər Azərbaycanın dünya miqyasında nüfuzu artıb. İslam təşkilatları ilə siyasi-mədəni əlaqələrimiz güclənir. Həm də artıq iqtisadi əlaqələr də qurulmağa başlayır. Müsəlman ölkələri ilə münasibətimiz daha da intensivləşir.

Politoloq tək İran dövləti ilə münasibətlərdə müəyyən problem olduğunu vurğuladı: "Bu, İran dövlətinin xasiyyətidir. İran məhz o dövlətlər kateqoriyasındadır ki, yaxşılıq etməyi bacarmır. İran, sadəcə olaraq, ilan tək önünə keçəni çalmağı bacarır. Əminəm ki, BMT Baş Məclisinin budəfəki səsverməsində müsəlman dövlətlərinin sayında xeyli artım müşahidə olunacaq".

Politoloqun fikrincə, Avropa Birliyi Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul edib, bəyanatlar verib. Avropa Komissiyası komissarı Joze Manuel Barrozo da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

M.Əhmədoğlu qeyd etdi ki, Avropa Birliyinə daxil olan dövlətlər o zaman neytral qalmışdılarsa, artıq budəfəki səsvermədə xeyirimizə səs verəcəklər.

Politoloq Fransanın, ABŞ-ın mövqeyində kifayət qədər ciddi dəyişikliyin olduğunu vurğuladı. Açıq-aşkar ABŞ bəyan edib ki, işğal olunmuş Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bütün bunlar da ABŞ-ın mövqeyində Azərbaycana qarşı müəyyən irəliləyişin olduğundan xəbər verir.

Politoloqun sözlərinə istinadən, qətnamənin qəbul olunacağı gözləniləndir: "BMT Təhlükəsizlik Şurası hal-hazırda beynəlxalq hüquq sistemində yeganə qurumdur ki, sanksiyalı qərar qəbul edə bilər. BMT Təhlüksizlik Şurasına gedən yol BMT-nin Baş Assambleyasından keçir. Bütün gücümüzü səfərbər edərək məlum qətnamələri BMT Baş Məclisində qəbul etdirməliyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi yönümündə Azərbaycanın siyasəti müstəqildir və hərtərəfli əsaslandırılmış siyasətdir. O siyasətin də müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Haqq işimiz əvvəl-axır qalib gələcək".


AYLANA RZAYEVA

Digər xəbərlər