Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı həmin ölkədə yaşayan ermənilər tərəfindən kampaniya başladılıb. Səbəb kimi onun erməni xalqına qarşı cinayətləri əsas gətirilir. Lakin həmin ermənilər Sarkisyanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətləri etiraf etməyə cəsarət etmirlər.
Ermənistanın "Aykakan Jamanak" qəzetinə açıqlamasında ABŞ-da yayımlanan "Varayqir" proqramının aparıcısı bildirib ki, Los-Ancelesdə yaşayan ermənilər bunu həyata keçirmək üçün artıq ərizə toplamağa başlayıblar. Ərizələr toplandıqdan sonra ABŞ Dövlət Departamentinə və digər inzibati idarəetmə orqanlarına göndərəcəklər.
Qeyd edək ki, S.Sarkisyana qarşı aksiya onun Ermənistanın müstəqilliyinin 20-ci ildönümünə aid Los-Ancelesdə öz şərəfinə verəcəyi ziyafətlə bağlıdır. Belə ki, ABŞ-da yaşayan ermənilər Ermənistanın indiki ağır sosial-iqtisadi vəziyyətdə olmasını məhz hazırkı prezidentin adı ilə bağlayırlar.
Hələ avqustun əvvəlində ABŞ Prezidenti Barak Obama öz sərəncamı ilə insan haqlarını pozan, soyqırımı və hərbi cinayətlərdə əli olan insanların ABŞ-a girişinə qadağa qoyulub. Sərəncama əsasən, mülki şəxslərə qarşı kütləvi zorakılıq aktlarının həyata keçirməsini planlaşdıran, əmr edən və dəstək verən hər bir əcnəbinin ölkəyə girişi qadağandır.
Xocalıda silahsız azərbaycanlıların qətlində iştirak etməsini britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində qürurla söyləyən S.Sarkisyan Yerevanda 2008-ci ilin martında müxalifətin etiraz aksiyasının silah gücünə dağıdılmasına görə də ABŞ-a buraxılmaya bilər.
Qeyd edək ki, Ermənistan müxalifəti S.Sarkisyanın ABŞ-da olan erməni mənşəli kriminal qruplaşmalar ilə əlaqəli olduğunu söyləyir. Belə qruplaşmalardan birinin sığorta fırıldaqları nəticəsində ABŞ-a milyonlarla zərər dəyib.
"Biz Los-Anceles erməniləri ABŞ Dövlət Departamentinə hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın Birləşmiş Ştatlar ərazisinə səfər etmək hüququndan məhrum edilməsi tələbi ilə müraciət edirik. Öyrənmişik ki, Sarkisyan Ermənistan konsulluğunun yeni binasının təntənəli açılışında iştirak etmək üçün bu günlərdə Los-Ancelesə gələcək.
Bizim imza toplamağa başlamamızdan 3-4 gün keçib və bu müddət ərzində artıq 10-15 min imza toplamışıq" deyə "Birinci İnformasiya" agentliyinə imzatoplama aksiyasının təşəbbüskarı olan Rudik Ovsepyan bildirib.
Los-Anceles erməniləri belə ermənini və Ermənistanı görmək istəmirlər. Buradakı ermənilər Ermənistanda həyata keçirilən siyasətdən yaxşı xəbərdardırlar və belə təşəbbüslərdə aktiv iştirak edirlər".
Teleaparıcı analoji imzatoplama kampaniyasının ilk belə hadisə olmadığını da ifadə edib: "2008-ci ildə Sarkisyan prezident seçildi və o zaman da belə bir tələblə aksiya keçirdik. Biz bandokratiya rejiminə "yox" deyirik. Tələbimizin arxasınca gedəcəyik və Dövlət Departamenti bizə cavab verməlidir. Bizə neçə günə cavab verəcəklərini isə bilmirəm".
Siyasi müşahidəçilərin qənaətinə görə, Serj Sarkisyanın ABŞ-a buraxılmaması ilə bağlı erməni diasporunun fəaliyyəti gözlənilən idi. Bütün bunlar Sarkisyan rejiminin siyasətinin məntiqi nəticəsidir.
Azərbaycanın siyasəti nəticəsində Ermənistan bütün regional layihələrdən kənarda qalıb, iqtisadi cəhətdən dərin böhran içərisindədir, əhalinin sosial durumu ağırdır. İşğal siyasəti davam etdikcə, Ermənistanın vəziyyəti düzəlməyəcək. Hesab edirəm ki, erməni diasporu bu reallığa da diqqət yetirməlidir".
Göründüyü kimi, Ermənistan prezidentinin cinayətkar və qatil olduğunu, müasir dünyada onun kimilərə yer olmadığını ermənilər özləri də etiraf edirlər. Həmin ermənilər onu da bilməmiş deyillər ki, bu terrorçu prezident təkcə erməni xalqına işgəncə vermir, həmçinin, ondan qabaq qonşu Azərbaycan xalqına qarşı da ağır cinayətlər həyata keçirilməsində fəal rol oynayıb.
Belə bir qatili nəinki ABŞ-a, dünyanın heç bir ölkəsinə buraxmaq olmaz. Bu terrorçu prezident təyin edilməsinə baxmayaraq, beynəlxalq tribunal qarşısında cavab verməli və cinayətlərinə görə məsuliyyətə cəlb olunmalıdır. Bu işdə ermənilər özləri də ciddi rol oynaya bilər.
Elçin Bayramlı