PDF Oxu

Araşdırma

  • 22

Dünyanın ikistandartlı birliyi- BMT

Dünyanın ikistandartlı birliyi- BMT

Sentyabrın 13-də Nyu-Yorkda BMT Baş Məclisinin 66-cı sessiyasının ilk iclası keçiriləcək. "Səs" qəzeti BMT-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiya çərçivəsində ümumi siyasi müzakirələrə sentyabrın 21-dən başlanacaq. Müzakirədən öncə BMT-nin baş katibi Pan Gi Mun təşkilatın fəaliyyətinə dair illik hesabatını təqdim edəcək. Siyasi müzakirələrin sentyabrın 27-dək davam etməsi nəzərdə tutulub.

Sessiyanın əvvəlində yoluxucu xəstəliklərə həsr olunmuş yüksək səviyyəli toplantının keçirilməsi, sentyabrın 22-də isə Durban Bəyannaməsinin və irqi ayrı-seçkiliklə mübarizəyə dair Fəaliyyət Proqramının qəbulunun 10-cu ildönümünə həsr olunmuş birgünlük iclas keçiriləcək.

Qeyd edək ki, 66-cı sessiyanın gündəminə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iki məsələ də daxil edilib. Bunlar "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" adlı qətnamə layihələridir.

Xatırladaq ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərini irəli sürür.

Bakı Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusunun müəyyən edilməsi üçün bir neçə prinsipial şəraitin yaradılmasını labüd sayır. İşğal olunmuş ərazilərdə bu gün mövcud olan reallıqda ərazinin statusunu müəyyən etmək cəhdlərini beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun stabilliyi və əməkdaşlıq ideyalarına ziddir. Bakı hesab edir ki, Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusu ilə bağlı danışıqlara başlamazdan öncə müəyyən önəmli addımlar atılmalıdır.

Birincisi və ən vacibi, hərbi işğal faktoru münaqişənin həlli kontekstindən çıxarılmalıdır. Ermənistan işğal olunmuş ərazilərdən hərbi qüvvələrini tam çıxarmalıdır. Ərazilərin qaytarılması prosesinin uzadılması onsuz da mürəkkəb durumda olan münaqişənin həllini daha da çətin duruma sala bilər. İşğal olunmuş ərazilərin azad olunmasından sonra, məcburi köçkünlər rahat və təhlükəsiz şəraitdə Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmalıdırlar. Bundan sonra regionun iqtisadi inkişafına start verilməli və bütün kommunikasiya xətləri açılaraq, hər iki tərəfin istifadəsinə verilməlidir.

Beynəlxalq birliyin diqqətinə çatdırılır ki, ki, işğal altında olan ərazilərdə vəziyyət beynəlxalq hüquqda 3 sənədlə tənzimlənir: 1907-ci ildə qəbul olunan "Haaqa Əsasnaməsi", 1949-cu ilin "Müharibə vaxtı mülkü vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası" və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci Əlavə Protokol vasitəsi ilə təmin olunur. Ermənistan bu 3 sənədi ratifikasiya edib, ona görə də beynəlxalq hüquq sisteminin üzvüdür.

Hesabatlarda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi Yerevanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilir. Qeyd olunur ki, iştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmır.

Ermənistanın Azərbaycan ərazisinin işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında "Human Rights Watch" təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar Komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, "Freedom House"-nin 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008 ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62/243 saylı qətnaməsinə və Avopa Parlamentinin 2010-cu ildə qəbul etdiyi qətnaməyə istinad edilir.

Beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın hərəkətlərinə dair 21 maddədən ibarət öhdəliklər düşdüyü müəyyən olunub. Onların sırasına Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarındakı hərəkətlərinin beynəlxalq humanitar hüquq bəndlərinə şamil olunduğu, həmin ərazilər üzərində rəsmi suverenitetin yaradılmasının beynəlxalq hüquqla mümkün olmadığı, itkin düşmüş 4210 Azərbaycan vətəndaşına görə məsuliyyət daşıdığını və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi daxildir. Təəssüflər olsun ki, BMT öz qətnamə və qərarlarının icrasını təmin edə bilmir. TŞ üzvü olan böyük dövlətlər təşkilatın bəzi qərarlarının yerinə yetirilməsində maraqlı görünmürlər. Bu da dünyada hələ də ikili standartların hökm sürdüyünü və bunun qlobal məsələlərə yanaşma kontekstində problem yaratdığını göstərir. Ümid edək ki, BMT dünyada öz nüfuzunu qorumaq və artırmaq üçün əməli fəaliyyətə keçəcək və dünyanın problemlərinin həllində öz töhfəsini verəcək.

Elçin Bayramlı

Digər xəbərlər